Ana Səhifə Siyasət Vətəndaşın başı, İqbolun əli

Vətəndaşın başı, İqbolun əli

12

 

Bugünlərdə xəbər tutduq ki, ölkəmizə Özbəkistandan “şəfa” ixrac olunub. Bu şəfanın adı İqbol Soliyev imiş və bu şəxs “şəfavermə əməliyyatı”nın qızğın vaxtında həbs olunub.
Bəli, 2026-cı ildə Azərbaycanda yüzlərlə adam tapılıb ki, kiminsə əlin başına sürtərək sağalmaq istəsin. Həmin yüzlərlə insan səhiyyəyə, həkimə, elmə yox, İqbola pənah aparıbmış. Axı niyə belə olur? Niyə vətəndaş başını həkimin biliyinə yox, İqbolların əlinə etibar edir?
İqbolun əliylə şəfa tapacağına inanan insanı hər şeyə inandırmaq olar. Belə adamın seçkidə səsini, büdcədə pulunu, məhkəmədə ədalətini oğurlamağa nə var ki? Deyə bilərsiz ki, İqbola inanmayanların da səsini, haqqını, azadlığını oğurlayırlar.
Bəli, elədir, oğurlayırlar. Amma İqbol inanclılar çox olduğu üçün, İqbola inanmayanlar da qalib gələ bilmir.
Həm də məsələ təkcə adamların başına əliylə şəfa verən İqboldan getmir. Ölkədə xeyli adam var ki, çeşidli İqbollara inanır, təslim olur və İqbolların varlığıyla barışır. Hüquqsuzluğun nə qədər böyük bəla olduğunu dərk etməyən, seçkidə səsinin oğurlanmasına görə qəzəblənməyən, təhsilin bərbad vəziyyətinə görə kədərlənməyən adam da nəticə etibarilə tilsimdədir, düşüncə yoxsuludur, təfəkkürü zədəlidir.
Cəhalət təkcə deşik pirinə özünü pərçim etməklə, arzu edib ağaca qara bağalmaqla, ələm uğrunda qan-tərə batmaqla, İqbolun əlini müqəddəs bilməklə məhdudlaşmır. Zalımı alqışlamaq da, haqsızlığa susmaq da, şərə haqq qazandırmaq da cəhalətdir.

Bu gün ölkədə səhiyyənin əli cazibədar olsaydı, adamlar kütləvi şəkildə İqbolun əlinə elçi düşməzdilər. Səhiyyənin əlinin cazibadar olmağı üçün isə təhsil ayaqüstə olmalıdır. Təhsilin ayaqüstə olmağı üçün isə dövlətin vətəndaş üçün döyünən ürəyi olmalıdır. Dövlət tərbiyəsi mükəmməl olanda vətəndaş öz əliylə öz başına çarə edə bilir.
Hüqo deyirdi ki, çəkicdən başqa heç nəyi olmayanın gözləri hər yerdə ancaq mismar görər.
O adamlar bu boyda ölkədə şəfa yeri kimi təkcə İqbolu görüblərsə, deməli, vəziyyətimiz çox acınacaqlıdır.
Vətəndaşın inanmalı olduğu təsisatlar o qədər inamsızlıq yaradıb ki, vətəndaş inanmalı olmadıqlarına inam bəsləyib.
Biz cəmiyyət olaraq asan aldanmağa adət etdikcə, başımız yad əllərin ümidinə qalır. Birdə ki, “başımı aşağı salım, həyatımı yaşayım” düsturuyla həyat sürənlər, bir gün mütləq başının üstündə İqbolun əlini görəcək.

İlham Hüseyn