İllüstrasiya: “Chat GPT”

 

 

Azərbaycanda oktyabrın 1-dən tətbiq ediləcək yeni qaydaya görə, təqvim ili ərzində elektron pul köçürmələrinin 20 min manatdan yuxarı həddi barədə məlumat Maliyyə Monitorinqi Xidmətinə göndəriləcək (“fed.az”). Bu, ayda orta hesabla təxminən 1.667 manatlıq dövriyyəyə bərabərdir. Deməli, mexanizm yalnız böyük kapital sahiblərini deyil, il ərzində müntəzəm pul köçürən kifayət qədər geniş müştəri dairəsini əhatə edə bilər.

Mərkəzi Bankın elektron köçürmələrə dair qaydalarına görə, bu anlayış ölkədaxili və transsərhəd hesablararası köçürmələri, hesab açılmadan həyata keçirilən köçürmələri və bəzi digər ödəniş alətlərini əhatə edir. Bununla belə, kartla mal və xidmətlərin alınması zamanı kartı müəyyənləşdirən məlumatlar əməliyyat zənciri boyunca ötürülürsə, belə ödənişlər elektron köçürmə sayılmır.

Yeni qaydanın hökumətə faydası nə oalcaq?

Əsas qazanc birbaşa büdcə gəliri deyil, daha geniş maliyyə məlumatı və əməliyyatları əlaqələndirmək imkanıdır.

İndiyədək nəzarəti yalnız bir əməliyyat üzrə müəyyənləşdirilən həddə bağlamaq vəsaitin kiçik hissələrə bölünməsinə imkan verirdi. Məsələn, 25 min manatlıq vəsait bir neçə ayrı köçürmə ilə göndərildikdə əməliyyatların hər biri ayrıca götürüldükdə həddən aşağı qala bilərdi. İllik məbləğin toplanması “strukturlaşdırma” adlanan bu üsulun aşkarlanmasını asanlaşdırır.

Maliyyə Monitorinqi Xidməti daxil olan məlumatları təhlil edərək:
• müxtəlif hesablar və şəxslər arasındakı əlaqələri;
• gəlir və əməliyyat dövriyyəsi arasındakı uyğunsuzluğu;
• pulun qısa müddətdə bir neçə hesabdan keçirilməsini;
• sanksiyalardan yayınma və formal şirkətlərdən istifadə hallarını;
• çirkli pulların leqallaşdırılması, dələduzluq və korrupsiya əlamətlərini müəyyənləşdirə bilər.

Hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri haqqında məlumatların toplanması da şirkətin rəsmi təsisçisi ilə ona faktiki nəzarət edən şəxsi ayırmağa imkan verir. Bu yanaşma Maliyyə Tədbirləri üzrə İşçi Qrupun – FATF-nin (Financial Action Task Force) cinayət gəlirlərinin gizlədilməsi üçün formal şirkətlərdən istifadənin qarşısının alınmasına dair standartlarına uyğundur.

Xarici siyasi nüfuzlu şəxslərə, onların yaxın qohumlarına və əlaqəli şəxslərə gücləndirilmiş nəzarət də beynəlxalq praktikada mövcuddur. FATF bu şəxslərin avtomatik cinayətkar sayılmadığını, lakin onların vəsaitlərinin mənbəyinin yoxlanmasını və əməliyyatlarının daha diqqətlə izlənməsini tələb edir.

Azərbaycanda isə xarici siyasi nüfuzlu şəxslərin istənilən əməliyyatının, şübhəli olub-olmamasından asılı olmayaraq bildirilməsi qanunda ayrıca nəzərdə tutulub.
QHT və dini qurumların bütün bank əməliyyatlarının məbləğindən və şübhəlilikdən asılı olmayaraq hesabatlandırılması daha mübahisəli yanaşmadır. FATF qeyri-kommersiya təşkilatları üzrə tədbirlərin konkret risklərə uyğun, hədəflənmiş və proporsional olmasını tövsiyə edir; bütün sektora eyni qaydada yanaşılmasını tələb etmir. Bu baxımdan Azərbaycan modeli FATF-nin minimum standartından daha sərt və daha geniş məlumat toplama rejimi sayıla bilər.

Əsas risk: məlumat bolluğu və yanlış risk siqnalları

İllik 20 min manat yüksək hədd deyil. Nəticədə çoxlu sayda tamamilə qanuni əməliyyat da sistemə daxil olacaq. Bu isə bankların texniki və inzibati xərclərini, Maliyyə Monitorinqi Xidmətinə daxil olan məlumatların həcmini və yanlış risk siqnallarının sayını artıra bilər.

Sistemin effektivliyi neçə milyon əməliyyatın toplanması ilə yox, həmin məlumatlar içərisindən həqiqətən şübhəli əlaqələrin nə dərəcədə düzgün seçilməsi ilə ölçüləcək. Güclü analitika, məlumatlara çıxışın məhdudlaşdırılması və təhlükəsizlik təmin edilməzsə, geniş hesabatlandırma çirkli pulların aşkarlanmasından daha çox, kütləvi maliyyə məlumatı bazasının yaranması ilə nəticələnə bilər.

Yeni qaydanın hökumət üçün əsas faydası vergi gəlirinin birbaşa artması yox, maliyyə axınları üzərində daha geniş analitik nəzarətdir. Benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi və hissələrə bölünmüş əməliyyatların aşkarlanması beynəlxalq praktikaya uyğundur. Lakin bütün təqvim ili üzrə 20 min manatlıq hədd, eləcə də müəyyən qrupların bütün əməliyyatlarının avtomatik bildirilməsi Azərbaycan modelini bir çox ölkə ilə müqayisədə daha sərt edir. Buna görə qaydanın uğuru onun nə qədər məlumat toplamasından yox, həmin məlumatdan proporsional və məqsədli istifadə edilməsindən asılı olacaq.

“Politfm”