ABŞ-nin Tramp administrasiyasının qış mövsümünə daxil olarkən dizel tədarükünü artırmaq, əks halda ABŞ-nin ixrac qadağası ilə üzləşmək barədə Avropaya etdiyi hərtərəfli təzyiq kampaniyası Avropa liderlərini parçalayıb və qəzəbləndirib. Politico nəşri yazr ki, neft şirkətlərini prosesə cəlb edən və şəxsi söhbətlərdə “şantaj” əl atan Ağ Evin bu taktikası, görünür, ki işə yarayıb.
Gərgin danışıqlar barədə məlumat vermək üçün adlarının açıqlanmamasını xahiş edən 10 neft sənayesi rəhbəri və Avropa hökumət rəsmisinin bildirdiyinə görə, Ağ Evin yüksəksəviyyəli nümayəndələri Avropa hökumətlərini öz strateji ehtiyatlarının qapılarını açmağa məcbur etmək üçün təzyiq kampaniyasına başçılıq ediblər. Onların bu taktikası nəhayət G7 ölkələrinin növbəti dörd ay ərzində strateji ehtiyatlarından 100 milyon barel dizel və xam neft çıxaracaqlarını elan etməsi ilə nəticələndi.
Tramp administrasiyasının bu ilin əvvəlində İrana qarşı başladığı müharibə və Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən dizel qiymətləri rekord həddə çatıb; hər iki münaqişə Yaxın Şərq və Avropadakı neftayırma zavodlarına ciddi zərər vurub.
Cümə günü səhər saatlarında Aİ energetika rəsmiləri arasında keçirilən telefon danışığı barədə məlumatlandırılan bir rəsmi POLITICO-ya bildirib ki, bir avropalı diplomat Ağ Evin ixrac qadağası təhdidi fonundakı tələblərini açıq şəkildə “şantaj” kimi xarakterizə edib.
“Aİ-yə üzv dövlətlər ABŞ-nin tələbini şantaj kimi qəbul etdilər və buna daha geniş təhlükəsizlik məsələsi kimi baxırlar”, — deyə rəsmi bildirib.
Həmin iclas zamanı rəsmilər Prezident Donald Trampın hədələrinə təslim olmuş kimi görünmədən onu necə sakitləşdirə biləcəkləri üzərində baş sındırıblar, digərləri isə tələblərlə razılaşsalar belə, prezidentin dizel ixracına qadağa qoymayacağına etibar edilib-ediləməyəcəyini sorğulayıblar.
Həqiqətən də, avropalı diplomatlar Ağ Evin bu tələbindən xüsusi olaraq qəzəblənmişdilər. Bəzi Avropa paytaxtları — o cümlədən Berlin — fövqəladə danışıqlarda bu tələbə daxilən müqavimət göstərərək bildiriblər ki, Tramp administrasiyasının ultimatumu yaxınlaşan aralıq seçkiləri ərəfəsində yüksək enerji qiymətlərindən qəzəblənən ABŞ seçicilərini sakitləşdirməyə yönəlmiş bir hiylədir. Tramp Birləşmiş Ştatlarda dizel qiymətlərini aşağı salmaq üçün ixrac qadağasını nəzərdən keçirdiyini dəfələrlə bəyan edib.
Bu razılaşma ən azı bir avropalı dizel treyderini də qəzəbləndirib.
“Deməli, indi onları xilas etmək üçün [Aİ-yə] təzyiq edirlər,” — deyə həmin şəxs bildirib, — “və bunu etməyə məcbur etmək üçün ABŞ-nin ixrac qadağası ilə hədələyirlər. Bəli, bunun adı şantajdır.”
Ağ Ev Milli İqtisadi Şurasının direktoru Kevin Hassett isə öz növbəsində cümə günü POLITICO-ya bildirib ki, Ağ Ev məsələyə fərqli yanaşır.
“Avropalıların ABŞ-dən fərqli strateji ehtiyatları var,” — Hassett POLITICO-ya deyib. “Onların böyük, həddən artıq böyük həcmdə emal olunmuş məhsul, xüsusilə dizel ehtiyatı var və biz hesab edirik ki, hazırda dünya iqtisadiyyatına kömək etmək üçün onların kifayət qədər imkanları var.”
Bir avropalı energetika rəsmisinin sözlərinə görə, ABŞ-nin ümumi yanaşması “pərakəndə” idi.
ABŞ rəsmiləri tələblərini koordinasiyalı ehtiyat çıxarılması üçün ənənəvi platforma olan Beynəlxalq Enerji Agentliyi (BEA) vasitəsilə irəli sürümək əvəzinə, ölkələrlə ikitərəfli qaydada — telefonla və ya şəxsən əlaqə saxlayaraq, gündən-günə dəyişən fikir və təkliflər irəli sürüblər. Bir Avropa rəsmisi bildirib ki, ABŞ Energetika Naziri Kris Raytın çərşənbə günü Berlində təqdim etdiyi müraciətdə 120 milyon barelin çıxarılması tələb olunurdu. Başqa bir rəsminin sözlərinə görə, ertəsi gün gecə saatlarında ABŞ rəsmiləri birbaşa Fransa Prezidenti Emmanuel Makronla əlaqə saxlayaraq 100 milyon barelin buraxılmasını tələb ediblər.
Bunun üstünə, Rayt keçən həftə BMT Baş Assambleyasının iclası üçün Nyu-Yorka səfəri zamanı başqa bir Avropalı yüksəksəviyyəli enerji rəsmisinə yaxınlaşaraq məsələni qeyri-rəsmi şəkildə qaldırıb.
“Bu, klassik ABŞ yanaşmasıdır — onlar rəsmi, normal kanallardan istifadə etmirlər,” — deyə başqa bir rəsmi şikayətlənib.
Yekunda, Aİ-nin əsas ölkələrinin cüməşənbə günü qətiyyətli cavab vermək və məsələni BEA səviyyəsinə “qaldırmaq” barədə daxili qərarına baxmayaraq, Avropa liderləri cəmi bir gün sonra geri çəkildilər. G7 ölkəsindən olan yüksəksəviyyəli bir hökumət rəsmisinin sözlərinə görə, bu qərar müdafiə xarakterli idi; o razılaşdı ki, bu sövdələşmə aralıq seçkiləri ərəfəsində Trampa kömək etdi, lakin eyni zamanda G7 müttəfiqlərini hədələnən ixrac qadağasından qorudu.
Açıq danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən ABŞ-nin yüksəksəviyyəli rəsmisi bildirib ki, Avropa rəsmiləri dərhal hərəkətə keçməlidirlər, çünki “bu barellər sürətlə hərəkət etməlidir” və hələ əlavə tədbirlər də tələb oluna bilər.
“Biz icranı və bazar şəraitini diqqətlə izləyəcəyik,” — deyə rəsmi bildirib. “Əgər əlavə dizel ehtiyatlarının çıxarılmasına ehtiyac olarsa, Birləşmiş Ştatlar tərəfdaşlarımızın adekvat addımlar atmağa hazır olmasını gözləyir.”
Ağ Evin mətbuat katibi bildirib ki, bu addımlar yüksək qiymətlərdən rahatlıq gətirəcək.
“Prezident Tramp hər zaman Amerika xalqının ali maraqlarına xidmət edən sövdələşmələr bağlayır. Bu, bazara daha çox təklif çıxaracaq və dizel qiymətlərini aşağı salacaq,” — deyə Ağ Evin mətbuat katibi Teylor Rocers sosial mediada qeyd edib.
Yenə də, cümə gününün fövqəladə müzakirələri barədə məlumatlandırılan bəzi Aİ diplomatları bildiriblər ki, yeni barellərin buraxılması addımı ABŞ üçün real qələbə deyil. Əvəzində, onların sözlərinə görə, bu, mart ayında 400 milyon barelin buraxılması ilə bağlı verilən əvvəlki öhdəliyin yenidən təsdiqlənməsidir — həmin barellərin böyük hissəsi ucuz ABŞ xam nefti ilə rəqabət apara bilmədiyi üçün Avropa bazarlarına heç vaxt çatmamışdı. İki yüksəksəviyyəli rəsmi razılaşdı ki, cümə günkü öhdəlik “saxta” idi.
Bu təhlil, Avropa ölkələrinin — xüsusilə Almaniya və Fransanın — Aİ qanunvericiliyinə əsasən ya 90 günlük xalis idxalı, ya da 61 günlük istehlakı əhatə etməli olan ümumi ehtiyatlarının yalnız az bir hissəsini çıxarmaqla öz vəzifələrinə laqeyd yanaşdıqları barədə ABŞ-nin iddiaları ilə ziddiyyət təşkil edir.
“ClearView Energy Partners” təhlilçiləri cümə günü yaydıqları qeyddə G7 bəyanatındakı mart buraxılışına istinad edən “dolaşıq” ifadələrə diqqət çəkiblər.
“‘Artıq yerinə yetirilmiş öhdəliklər’ sözləri elan edilən 100 [milyon barelin] müəyyən hissəsinin hələ çatdırılmamış kollektiv fəaliyyət həcmlərini əks etdirə biləcəyini göstərir,” — deyə ClearView bildirib.
Eynilə, bu ehtiyatların nə qədərinin G7-dən, nə qədərinin ümumilikdə Avropadan və ya digər BEA tərəfdaşlarından gələcəyi, eləcə də ilkin olaraq neçə barel dizelin “əvvəlcədən” buraxılacağı da aydın deyil, ClearView qeyd edib.
Makron Ağ Evin G7 liderlərini öz ehtiyatlarını yağmalamağa məcbur etmək üçün hədələməsi fikrini təkzib edib.
“Müzakirəmizin tonu hədə-qorxu tonu deyildi; bu, konstruktiv idi,” — Makron bildirib. “Biz hamımız birlikdə bu strateji ehtiyatları qeyd etdiyim nisbətlərdə çıxarmağa öhdəlik götürdük. Hər hansı ixrac qadağası yoxdur. … Prezident Tramp bu məsələdə çox aydın idi.”
Rayt açıq şəkildə ixrac qadağasına qarşı çıxaraq, bunun nəticədə yanacaq qiymətlərinin daha da qalxmasına gətirib çıxaracağını bildirib. Tramp tərəfindən keçən ay ixrac qadağasının iqtisadiyyata necə təsir edəcəyini araşdırmağa rəhbərlik etmək həvalə olunan Bessent də ABŞ-nin dizel daşımalarını dayandırmağın pis fikir olduğunu düşünür, baxmayaraq ki, ABŞ neft sənayesindəki bir çox şəxsin sözlərinə görə, o, Trampın bu barədə qərarını yenə də icra edəcək.
Rayt və Bessent ötən həftə neft şirkətlərinin rəhbərləri ilə də görüşüblər, deyə sənaye rəhbəri və görüşlərdən xəbərdar olan bir Avropa rəsmisi bildirib. Nazirlər şirkət rəhbərlərinə təzyiq göstərərək onları avropalı həmkarları ilə əlaqə saxlayaraq qiymətləri aşağı salmaq üçün öz ehtiyatlarından dizel buraxmağı məsləhət görməyə məcbur ediblər.
“Onlar sənayedəki CEO əlaqələrindən istifadə edərək Aİ-yə təzyiq göstərməyə çalışırlar,” — deyə sənaye rəhbəri G7-nin öz ehtiyatlarından istifadə edəcəyini elan etməsindən az əvvəl bildirib. Administrasiyanın mesajı belə idi: “‘Uşaqlar, ya Aİ-dəki dostlarınıza təzyiq edəcəksiniz, ya da qadağa ilə sizə ciddi zərbə vuracağıq.’”
Neft sənayesi Ağ Evi inandırmağa çalışır ki, dizel ixracına qadağa yanacaqdoldurma məntəqələrində qiymətləri endirə bilsə də, əsas xarici bazarlarını itirdikdən sonra neftayırma zavodlarını əməliyyatları zəiflətməyə məcbur edərək tezliklə əks-təsir göstərəcək. Bu, həmçinin ABŞ benzin və dizelinin alıcıları olan Avropa və Latın Amerikasında ciddi iqtisadi zərbəyə səbəb olacaq.
Politfm
(Foto POLİTİCO)



