Foto: REUTERS/Gonzalo Fuentes

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün, martın 13-də  Fransaya səfər edib.

Bu səfər dünya ictimaiyyətinin diqqətinin Ukrayna-Rusiya cəbhəsindən Yaxın Şərqdəki müharibəyə yönəldiyi kritik bir dövrə təsadüf edir.

O bölgədə alovlanan münaqişə Ukraynaya silah tədarükü məsələsində ciddi suallar doğurur, xüsusən də HHM sistemləriylə bağlı. Fars körfəzi ölkələri İranın gündəlik hücumlarını dəf etmək üçün öz raket ehtiyatlarından sürətlə istifadə edirlər, bu isə Kiyevə gedən yardımların azalması riskini yaradır.

Zelenski Ukraynanın zenit-raket ehtiyatlarının tükənməsiylə bağlı həyəcan təbili çalır. O, bir neçə gün əvvəl bildirib ki, körfəz ölkələrinin İranın zərbələrini dəf etmək üçün bir neçə gündə sərf etdikləri PAK-3 zenit raketlərinin sayı Vaşinqtonun dörd il ərzində Kiyevə verdiyi raketlərin sayından çoxdur.

Yaxın Şərqdəki müharibə Rusiya üçün mühüm gəlir mənbəyi olan neftin qiymətini kəskin artırdığı halda, Kiyev ciddi maliyyə qıtlığı ilə üz-üzədir. Avropa İttifaqı Kiyevə silah alışı üçün nəzərdə tutulan 90 milyard avroluq kredit paketini hələ də təsdiqləməyib. Ukrayna tərəfi aprelin ortalarına qədər bu vəsaitin ayrılacağına ümid edir.

Fransanın Prezident Administrasiyasının rəsmisi bu səfərin əsas mesajını belə ifadə edib: “Heç bir böhran və ya regional hadisə diqqətimizi bizim üçün ən mühüm təhlükəsizlik prioriteti olan Ukraynadan yayındıra bilməz. Dəstəyimiz sarsılmazdır”.

Digər tərəfdən, Zelenski Moskvayla sıx əlaqələri olan körfəz ölkələrini Ukraynanın onlar üçün faydalı tərəfdaş ola biləcəyinə inandırmağa çalışır. Ukrayna lideri zenit raketləri müqabilində özünün dron əleyhinə unikal texnologiyalarını təklif edib. Bu əməkdaşlığı müzakirə etmək üçün Ukrayna rəsmiləri dörd Yaxın Şərq ölkəsinə ezam olunublar.

“Politfm”