İran müharibəsi artıq 3-cü həftəsinə keçdi. Bu münasibətlə “Qardian”ın hazırladığı material Qərb cəbhəsində tərəddüdlərin ortaya çıxmasından bəhs edir. ABŞ-ın İrandakı keçmiş səfiri və nüvə danışıqlarının iştirakçısı Robert Malli deyib ki, ABŞ-ın bu münaqişədə necə irəliləyəcəyi peşəkarların rəyindən daha çox Trampın psixologiyasından asılıdır. Səfir bu cümləni o qədər ümidsiz tonda qurub ki, oxuyanda əllərin yanındadısa yuxarı qaldırıb, yuxarıdadısa şappıltı ilə yanına salıb təslim olmaq istəyirsən.
İran məsələsində ABŞ üçün sürpriz məsələlərdən biri də demək olar ki, Britaniyanın davranışıdır. Birləşmiş Krallıq buna qədər ABŞ-ın əksər regional hərbi koalisiyalarında yer alsa da, bu müharibədə görünmədi. Üstəlik, bir təyyarədaşıyan gəmini Körfəzə göndərməyə razılıq verdi, onun da təmir işləri varmış. Sonra dedilər ki, həmkarlar ittifaqı gəminin təmirinə müxtəlif yollarla mane olur. Bir sözlə, ingilis hökuməti “özündən asılı olmayan” səbəblərdən bu müharibəyə girə bilmir. Amma vəziyyətin qiymətləndirilməsinə gəlincə, məlum olur ki, müharibəyə qoşulmasalar da, britaniyalılar vəziyyətdən elə də qaraqulaq düşməyiblər, yaxşı eşidib görürlər. Birləşmiş Kral Hərbi Araşdırmalar İnstitutundan (RUSI) Cek Uatlinq iddia edir ki, münaqişənin trayektoriyası bir sıra tərəflər arasındakı mübahisələrlə formalaşır: ABŞ-ın müdafiə siyasəti peşəkarları ilə Trampın yaxın ətrafı; ABŞ ilə İsrail; və İranın siyasi və hərbi eşelonları (xüsusən də qisas almağa çalışan İslam İnqilabı Keşikçiləri Korpusu) arasında. (“Qardian”)
Göründüyü kimi, təkcə İranda deyil, ABŞ-da da müharibənin gedişi ilə bağlı, yüngül desək, ikifikirlilik var. Buna bəziləri ikihakimiyyətlilik də deyirlər. İsrailin də bir tərəf olmasıyla Qərb cəbhəsi cinahlara bölünmüş olur:
ABŞ-da bu münaqişənin əleyhinə olan tərəflə lehinə olan tərəflər arasında strateji fikir ayrılığı;
Münaqişənin lehinə olan tərəflə İsrail arasında taktiki fikir ayrılığı.
Üstəlik, İran daxilində siyasi hərbi qanadla siyasi mülki qanad arasında da fikir ayrılığı.
Qəribə bir vəziyyət yaranır. Sanki bu müharibədə hər üç tərəfdə müharibəni davam etdirmək istəyənlərin təbii “koalisiyası” yaranıb.Buna biz “bataqlıq koalisyası” da deyə bilərik. Çünki bu birlik özü ilə qarşısındakını da batırmaq üçün “yaranıb” Savaşanların bu cür “qucaqlaşması” yalnız ondan xəbər verir ki, döyüş meydanı artıq bataqlığa çevrilir və heç kim başqasının canını qurtarmasına imkan verməmək üçün onu yaxşıca “qucaqlayır”. Belə olan halda Britaniya hara və kimə qoşulsun? Yaxud da başqa bir ölkə?!
Seymur Həzi



