Foto: internet
Son illər Azərbaycanda müşahidə olunan intensiv yağışlar, subasmalar və torpaq sürüşmələri fundamental bir həqiqəti ortaya qoyur: təbii fəlakətlərlə mübarizə yalnız texniki deyil, həm də institusional məsələdir. Yerli problemlərin idarə olunmasında institusional balansın zəifliyi, xüsusilə bələdiyyələrin prosesdən kənarda qalması fövqəladə hallara hazırlıq və risklərin azaldılmasında ciddi boşluqlar yaradır.
Kağız üzərində səlahiyyət, realda isə məhdudiyyət
Azərbaycan qanunvericiliyinə görə, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində əsas tərəf olmalıdır. Lakin beynəlxalq təcrübəylə müqayisədə yerli özünüidarəetmə orqanlarının fəaliyyət imkanları xeyli məhduddur.
Bələdiyyələrin fəaliyyətini çətinləşdirən əsas amillər aşağıdakılardır:
– maliyyə məhdudiyyəti: geniş vergi bazasının olmaması və yerli büdcənin kiçikliyi;
– infrastrukturdan kənarlaşdırma: mühəndis-kommunikasiya və drenaj sistemlərinin idarəetməsində iştirak edə bilməmələri;
– planlaşdırma boşluğu: tikinti və torpaqdan istifadə planlarında bələdiyyələrin həlledici söz sahibi olmaması.
Mərkəzləşdirmə siyasəti risklərin idarə olunmasını necə çətinləşdirir?
Fövqəladə hallar zamanı ən kritik amil operativlikdir. Subasma və ya sürüşmə zamanı ilk reaksiya məhz hadisə yerində olan yerli qurum tərəfindən verilməlidir. Lakin mərkəzləşmiş idarəetmə modelində bəzi çətinliklər yaranır
Zəncirvari ləngimə
Qərarların mərkəzdən gözlənilməsi vaxt itkisinə səbəb olur.
Məsuliyyət dağınıqlığı
Drenajın qurulması, riskli tikintiyə nəzarət və zərərin qiymətləndirilməsi müxtəlif qurumlar arasında bölündüyündən, məsuliyyət zonalarında qeyri-müəyyənlik yaranır.
Lokal detalların nəzərə alınmaması
Mərkəzi planlaşdırma zamanı konkret kəndin və ya məhəllənin spesifik relyef xüsusiyyətləri çox vaxt diqqətdən kənarda qalır.
Beynəlxalq təcrübədə bələdiyyələrin rolu
Bir çox ölkələrdə bələdiyyələr fövqəladə halların idarə olunmasında əsas icraçı qurumdur.
Almaniyada bələdiyyə yerli infrastrukturun qurulmasına cavabdehdir, su və kanalizasiya sistemlərini idarə edir, fövqəladə hallara hazırlıq proqramlarını özü icra edir.
Niderlandda su təhlükəsizliyi yerli səviyyədə həll olunur, bələdiyyələr daşqın riskini torpaqdan dügün istifadəylə tənzimləyir və su səviyyəsinin idarə olunması üçün strategiyalar hazırlayır.
Türkiyə bələdiyyələri şəhər infrastrukturunun və yağış sularının idarə olunmasında geniş səlahiyyətlərə sahibdirlər; riskli ərazilərdə tikinti məhdudiyyətləri tətbiq edirlər.
Skandinaviyada (İsveç, Norveç) sosial xidmətlərlə yanaşı, yerli büdcənin böyük hissəsi fövqəladə halların planlanmasına və qarşısının alınmasına yönəldilir.
İdarəetmə modelində islahat zərurəti
Təyin olunan icra hakimiyyəti strukturları dövlət siyasətini tənzimləsə də, yerli ehtiyaclar daha çevik mexanizm tələb edir. Bu sahədə mövcud vəziyyət və vacib dəyişikliklər aşağıdakı kimidir:
Maliyyə sahəsində
Hazırda bələdiyyələr dövlət dotasiyasından asılıdırlar, lakin yerli vergilərin bir hissəsinin birbaşa bələdiyyədə qalması effektivliyi artıra bilər.
İnfrastruktur sahəsində
Nəzarət mərkəzi qurumlardadır, lakin lokal drenaj və yağış suları sisteminin bələdiyyələrə verilməsi operativliyi təmin edə bilər.
Qərarvermə sahəsində
İcra hakimiyyətindən asılılıq yüksək ölçüdədir, bələdiyyələr strateji planlaşdırmada real söz sahibi olmalıdırlar.
İdarəetmə də infrastruktura aiddir
Təbii fəlakətlər idarəetmə modelinin nə dərəcədə balanslı qurulduğunu ortaya qoyur. Yerli səviyyədə qərarvermə imkanlarının məhdud olması risklərin vaxtında qiymətləndirilməsini çətinləşdirir.
Azərbaycanda təbii fəlakətlərin təsirini azaltmaq üçün bələdiyyələrin səlahiyyət çərçivəsi genişləndirilməli, onlara real maliyyə alətləri verilməli və yerli planlaşdırmada müstəqillik tanınmalıdır.
Güclü yerli özünüidarəetmə – təbii fəlakətlərə qarşı daha dözümlü bir cəmiyyət deməkdir.
“Politfm”



