Foto: TACC
Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev AiF-ə müsahibəsində deyib ki, Polşa Rusiya ilə birbaşa hərbi qarşıdurmaya qoşulsa, Moskva sərəncamındakı bütün qüvvə və vasitələri işə salacaq. O, hansı silahları nəzərdə tutduğunu açıqlamayıb.
Patruşevin iddiasına görə, belə münaqişə Polşa dövlətçiliyinin iki-üç gün ərzində süqutu ilə nəticələnər.
Putinin köməkçisi bu sözləri Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə aid edilən “Varşava hərbi üstünlüyə malik olduğu üçün Moskvanı məğlub edə bilər” fikrinə cavab olaraq söyləyib. Müsahibədən hissələr dərc edən TACC agentliyi sitatın ilkin mənbəyini göstərməyib.
Patruşev deyib ki, Sikorski Rusiyanın hərbi imkanlarını “qeyri-peşəkar şəkildə” qiymətləndirir. Onun sözlərinə görə, Rusiya ordusu Ukraynaya qarşı müharibədə bütün potensialından istifadə etmir.
O, Sikorskini və Polşanın digər yüksək vəzifəli şəxslərini “dənizdən dənizə Polşa” yaratmaq və Rusiyaya qarşı “sanitar kordon” qurmaq niyyətində ittiham edib, bunu “qeyri-sağlam ambisiyalar” adlandırıb.
“Politfm”



