Şəkil:Bernadette Szabo/”Reuters”



“Gəldiyiniz və burada – Macarıstanda azadlıqdan, rejim dəyişikliyindən zövq aldığınız üçün təşəkkür edirəm” – Macarıstan müxalifətinin lideri Peter Madyar rusiyalı təbliğatçı jurnalistə belə deyib.

 

Rusiyanın propaqandaçı media qurumlarından olan “İzvestiya” nəşrinin əməkdaşları ən azı iki dəfə “Tisa” partiyasının lideri Peter Madyarın seçkiqabağı mitinqlərində görünüblər.

“İcazə verin, Kişkunhalasada Rusiya təbliğatını salamlayım! Gəldiyiniz və burda – Macarıstanda azadlıqdan, həmçinin rejim dəyişikliyindən zövq aldığınız üçün təşəkkür edirəm” deyə, Madyar mitinq zamanı jurnalistə səslənib.

Bunun ardınca mitinq iştirakçıları “Ruslar, evinizə qayıdın!” şüarını səsləndiriblər.

Peter Madyar qeyd edib ki, yəqin, yerli jurnalistlər Rusiyanın maraqlarına xidmət etməkdən imtina etdikləri üçün müxbiri Moskvadan gətirtmək lazım olub.

“Yaxud bəlkə də bu cənab maskalanmış şəkildə fəaliyyət göstərən GRU agentidir. Sizə pis xəbərim var – yəqin ki, tərcüməçiniz var, – Macarıstanın tarixi Moskvada, Brüsseldə və ya Vaşinqtonda yox, burda – Macarıstanın küçə və meydanlarında, macar xalqı tərəfindən yazılır. Macarlar azadlıqsevər xalqdır, onlara necə qərar verməli olduqları və necə səs verməli olduqları barədə göstəriş verilməsini sevmirlər” deyə, müxalifət lideri bildirib.

O əlavə edib ki, macarlar 1956-cı il inqilabının 70 illiyini “həqiqətən azad, müstəqil, suveren və Avropa yönümlü Macarıstanda” qeyd edəcəklər.

“İzvestiya” qəzeti isə yazıb ki, Peter Madyar onların suallarını cavablandırmaqdan imtina edib, “Rusiya təbliğatına vaxtı olmadığını” deyib.

“Politfm”