Estoniyanın müdafiə naziri Hanno Pevkur və Fransanın müdafiə naziri Katrin Votren; Paris, 15 iyun 2026 (foto: Fransa Müdafiə Nazirliyi)
Estoniya Fransanın Avropada nüvə çəkindirməsini gücləndirmək üçün irəli sürdüyü təşəbbüsə qoşulmaq barədə Parislə danışıqlara başlayıb.
Bunu AFP-yə müsahibəsində Estoniyanın baş naziri Kristen Mixal deyib.
O, sözügedən təşəbbüsə sadəcə siyasi bəyanatla qoşulmağın mümkün olmadığını vurğulayıb; qeyd edib ki, iştirakçı ölkənin müəyyən hərbi imkanlara və hazırlıq səviyyəsinə malik olması tələb olunur.
“Biz onsuz da NATO-nun nüvə çətiri altındayıq. Fransa Estoniyada yerləşdirdiyi hərbçilərlə də müstəqilliyimizə dəstək verir. Nüvə sahəsində əməkdaşlığı dərinləşdirmək imkanı yaranarsa, yəqin ki, bu istiqamətdə addım atılacaq” – Mixal belə deyib.
Fransanın Estoniyadakı səfiri Aleksandr Eskorsia tərəflərin nüvə çəkindirməsi və müdafiə əməkdaşlığının digər istiqamətləri üzrə danışıqlar apardığını təsdiqləyib. ERR-in məlumatına görə, hələlik razılaşmanın müddəti və Estoniyanın hansı formada iştirak edə biləcəyi açıqlanmayıb.
Finlandiya təşəbbüsə qoşulan onuncu ölkə olub
Estoniyanın danışıqlara başlaması barədə xəbər Fransanın təşəbbüsünə sentyabrın 14-də Finlandiya da qoşulandan sonra açıqlanıb.
Paris və Helsinki yaxın aylarda nüvə məsələləri üzrə birgə rəhbər qrup yaradacaq. Qrup əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirəcək. Birgə bəyanatda bildirilib ki, təşəbbüs qarşı tərəfə çəkindirici siyasi-hərbi mesajların verilməsinə və nüvə silahından istifadəyə keçmədən böhranların idarə olunmasına xidmət edəcək. Finlandiya prezidentinin administrasiyası bunu Avropanın təhlükəsizliyi üçün mühüm addım adlandırıb.
Ölkənin müdafiə naziri Antti Hakkanen mümkün əməkdaşlıq formaları sırasında bunları göstərib:
• Fransanın nüvə doktrinası üzrə məsləhətləşmələr;
• Fransa nüvə qüvvələrinin təlimlərində müşahidəçi kimi iştirak etmək;
• təlimlərə adi silah və hərbi imkanlarla dəstək vermək;
• əməkdaşlığın ən geniş mərhələsində Fransanın strateji hava qüvvələrinin bəzi hissələrinin müvəqqəti yerləşdirilməsi.
Nazir vurğulayıb ki, Fransa iştirakçı ölkələrə NATO-nu əvəz edən ayrıca və avtomatik nüvə zəmanəti vermir. Hər bir ölkə əməkdaşlığın səviyyəsini özü müəyyənləşdirəcək. Finlandiya prezidenti Aleksandr Stubb da sülh dövründə ölkə ərazisində nüvə silahı yerləşdirmək niyyətində olmadığını bildirib.
Daha əvvəl bu əməkdaşlıq formatına Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç, Danimarka və Norveç qoşulmuşdular.
Fransanın “geniş çəkindirmə” təşəbbüsü nələrdən ibarətdir?
Prezident Emmanuel Makron sözügedən təşəbbüsü 2026-cı il martın 2-də Fransanın nüvə sualtı qayıqlarının yerləşdiyi İl-Lonq bazasında açıqlayıb.
Makronun “geniş çəkindirmə” adlandırdığı model Fransanın nüvə strategiyasına Avropa istiqaməti əlavə etməyi nəzərdə tutur. Tərəfdaş ölkələr nüvə təlimlərində iştirak edə, hava məkanını və hərbi bazalarını Fransa qüvvələrinin istifadəsinə verə; yanacaqdoldurma, hava hücumundan müdafiə və erkən xəbərdarlıq imkanları ilə əməliyyatlara yardım göstərə bilərlər.
Böhran zamanı Fransanın nüvə silahı daşımaq qabiliyyətinə malik “Rafale” təyyarələrinin müttəfiq ölkələrdə müvəqqəti yerləşdirilməsi də nəzərdən keçirilə bilər. Ancaq bu təyyarələrin xarici bazaya göndərilməsi oların mütləq nüvə silahı daşıdığı anlamına gəlmir.
Makron həmçinin mühüm məhdudiyyət sərhədini açıq şəkildə göstərib: nüvə silahından istifadə, əməliyyatın planlaşdırılması və Fransanın hansı maraqlarının “həyati” sayılması barədə qərarı yalnız Fransa prezidenti verəcək. İştirakçı dövlətlərə nüvə silahını işə salmaq səlahiyyəti və ya qərara veto hüququ verilməyəcək.
Fransanın təşəbbüsü NATO-nun nüvə çətirindən nə ilə fərqlənir?
NATO-nun nüvə çəkindirməsi əsasən ABŞ-nin Avropadakı nüvə qüvvələrinə və alyans daxilində yaradılmış ortaq planlaşdırma sisteminə aiddir. NATO-nun Nüvə Planlaşdırma Qrupunda qərarlar konsensusla qəbul edilir və Fransa həmin qurumda iştirak etməyən yeganə müttəfiqdir.
Fransanın təşəbbüsü isə NATO mexanizmi deyil. Əməkdaşlıq Parislə ayrı-ayrı ölkələr arasında ikitərəfli razılaşmalar əsasında qurulur və NATO müqaviləsinin 5-ci maddəsinə bənzər avtomatik müdafiə öhdəliyi yaratmır.
Bununla belə, NATO Fransanın və Böyük Britaniyanın nüvə qüvvələrinin alyansın ümumi təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirir. Paris də öz təşəbbüsünü ABŞ-nin nüvə çətirinə alternativ yox, onu tamamlayan “Avropa müdafiə qatı” kimi təqdim edir.
Estoniya niyə qoşulmaq istəyir?
Estoniya Rusiya ilə həmsərhəddir və Moskvanı uzunmüddətli təhlükə sayır. Fransa 2017-ci ildən etibarən Estoniyadakı NATO qüvvələrinə hərbçilər göndərir, 2021-ci ildən isə Fransa bölmələri Tapa bazasında daimi rotasiya əsasında xidmət edir.
Fransa qüvvələri Baltik hava məkanının qorunması əməliyyatlarında da iştirak edib. Estoniya ordusu Fransanın istehsal etdiyi CAESAR özüyeriyən haubitsalardan və “Mistral” hava hücumundan müdafiə sistemlərindən istifadə edir. Bu baxımdan nüvə çəkindirməsi üzrə danışıqlar tamamilə yeni başlanğıcı deyil, mövcud hərbi əməkdaşlığın daha həssas sahəyə keçirilməsidir.
Ekspertlər üstünlüklərlə yanaşı, riskləri də göstərirlər
Massaçusets Texnologiya İnstitutunun nüvə çəkindirməsi üzrə eksperti Florian Galleri hesab edir ki, Fransa böhran zamanı tərəfdaşlarına müəyyən nüvə təhlükəsizliyi təminatı verə bilər, amma kollektiv müdafiə çərçivəsində nüvə qüvvələrindən istifadə tərəfdaşlarla məsləhətləşmə və ortaq planlaşdırma olmadan inandırıcı görünməyəcək.
German Marşall Fondunun eksperti İan Lesser təşəbbüsü Rusiyanın daha aqressiv siyasəti və ABŞ-nin Avropanın müdafiəsinə uzunmüddətli marağına dair şübhələrlə əlaqələndirir. Eyni zamanda o, Avropanın müdafiəsində NATO-nun əsas dayaq nöqtəsi olaraq qaldığını, buna görə Fransa təşəbbüsünün alyansı tamamlamasının vacib olduğunu vurğulayır (AP).
ETH-nin tədqiqatçısı Nevin Şepers isə yazır ki, Fransa modeli Avropanın nüvə çəkindirməsinə faydalı töhfə verə bilər, amma ABŞ-nin NATO çərçivəsində verdiyi zəmanəti əvəz edə bilməz. Onun fikrincə, son qərarın yalnız Parisdə verilməsi və Fransanın müttəfiqlərə açıq, avtomatik zəmanət təqdim etməməsi təşəbbüsün inandırıcılığı barədə suallar yaradır. Fransa təyyarələrinin yerləşdirildiyi ölkələr böhran zamanı Rusiya zərbələri üçün daha önəmli hədəfə də çevrilə bilər.
CSIS ekspertləri də xəbərdarlıq edirlər ki, Fransa ilə NATO-nun nüvə mesajları uzlaşdırılmasa, rəqibə ziddiyyətli siqnallar verilə və böhran idarəolunmaz şəkildə dərinləşə bilər. Ona görə də təyyarələrin yerləşdirilməsi, bazaların müdafiəsi, təhlükəsiz rabitə və böhran zamanı məsləhətləşmə qaydaları əvvəlcədən razılaşdırılmalıdır.
Fransanın təşəbbüsü Avropaya əlavə sığorta mexanizmi qazandıra bilər: artıq Rusiya mümkün qarşıdurmada təkcə Vaşinqtonun yox, Parisin də ayrıca qərar verə biləcəyini nəzərə almalıdır. Müxtəlif qərar mərkəzlərinin mövcudluğu qarşı tərəfin hesablamalarını çətinləşdirir.
Ancaq təşəbbüsün zəif yeri də elə burdadır. Fransa son qərarı bölüşmür və tərəfdaşlarına avtomatik nüvə müdafiəsi vəd etmir. Deməli, bu format hələ tamhüquqlu “Fransa nüvə çətiri” deyil; daha çox məsləhətləşmə, birgə hazırlıq və böhran zamanı mümkün yerləşdirmə mexanizmidir.
“Politfm”



