Parlament nəhayət ciddi bir iş gördü. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edərək dilənçiliyi avaralıqdan ayırdı. Bununla da 2026-cı ilin mart ayında Azərbaycan dövlət səviyyəsində dilənçiliyi müstəqil fəaliyyət növü kimi tanıdı. Tanımağına tanıdı, amma sonra da sərt qaydalarla bu müstəqilliyə qənim kəsildi. Necə? Bundan sonra dilənənlər cərimə olunacaqlar, inzibati həbslə cəzalandırılacaqlar.
İlk baxışdan yaxşı qərardır, küçələri “qaraçı” dilənçilərdən təmizləyir. Yəni avara dilənçilərdən, yaşayış yeri olmayan, heç bu haqda düşünmədən diyar-diyar dolaşıb dilənənlərə qarşı mübarizə aparır. Amma küçələrdə dilənənlər tək onlar deyil axı. Son bir-iki ildə küçələrdə yerli əhalidən olan dilənçilərin sayı fantastik artıb. Səbəb çox sadədir: Qiymətlər qalxır, iş yerləri azalır, insanlar dolana, yaşaya bilmirlər. Yaxında dəstək verəcək dost, qohum olmayanda da axırı gəlib dilənçiliklə, səfilliklə bitir; əgər bir cinayətlə bitməsə.
Yəni birinə yediyini qadağan eləməzdən əvvəl ona nə yeyə biləcəyini göstərmək lazımdır. Sosial dövlətin əsas vəzifəsi də elə budur. Dövlət qadağalar, cərimələr, cəzalar tətbiq edib canı boğaza yığmaq, həyatı burundan gətirmək üçün deyil; ilk növbədə çətinliyi olana dəstək vermək, qol-qanad gərmək üçündür. Əks halda insanlar onu niyə qursun, niyə qorusun?
Bu qanun avara dilənçilərlə ac dilənçiləri bir-birindən ayırmamaqla məsələdə toz-duman yaradıb. Məsələn, bu qanunla paralel, dilənçiliyə məcbur edilən uşaqlara dövlət qayğısı haqqında heç nə yoxdur. Dilənçiliklə məşğul olan vətəndaş saxlandıqdan sonra onun həqiqi sosial vəziyyətini araşdırmaqla bağlı heç nə yoxdur.
Özlüyündə uşaqların dilənçiliyə, erkən əməyə məcbur edilməsinə qarşı mübarizə çox yaxşıdır. Amma bir halda ki, onu dilənməyə məcbur edən mühitdən ayırıb normal sosial həyata inteqrasiya edən real proqram və iş olsun. Çətin vəziyyətdə olan, uşağını küçələrə salmaqdan başqa əlacı olmayan ailələrlə real iş olsun. Təhsilin icbariliyi prinsipi bütün fəlsəfəsi ilə işləsin. Uşaqlara yatmaq, geyinmək, qidalanmaq, kitablarla təmin olunmaq üçün şərait yaradılsın. Bütün bunlar olsa, bəli, bu o demək olacaq ki, ölkədə sosial siyasət yerindədir, dövlət də küçələrini təmizləyir.
Amma axşam düşən kimi zibil konteynerlərinin başında yemək axtaran insanları cərimələmək onları öldürməkdir. Bundansa elə dilənənlərə cərimə, aclara güllələnmə qərarı çıxsaydı, daha sürətli “təmizləmə” olardı — doğrudan da əgər məqsəd təmizləməkdirsə.
Seymur Həzi



