Foto: “AP Photo”


Abbas Əraqçi Rusiya və Çinin İrana hərbi dəstək verdiyini deyib, onları İranın “strateji tərəfdaşları” adlandırıb.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ və İsraillə müharibə “Tehran onun təkrarlanmayacağına dair təminat və kompensasiya alana qədər bitməyəcək”.

“Əl-Arabi əl-Cədid” qəzetinə müsahibəsində o deyib ki, “Biz bu təcrübəni ötən il keçmişik – o zaman İsrail hücum etmişdi və ABŞ da ona qoşulmuşdu. Sonra onlar yenidən bizə hücum etmək üçün qayıtdılar”.

MS NOW kanalına müsahibəsində isə nazir həm Rusiyanın, həm də Çinin İrana hərbi dəstək verdiyini deyib, bu ölkələri İranın “strateji tərəfdaşları” adlandırıb; onlarla əməkdaşlığın siyasi, iqtisadi və hərbi sahələri əhatə etdiyini vurğulayıb, amma təfərrüatları açıqlamaqdan imtina edib.

Əraqçi İranın Körfəz ölkələrinə hücumlarına bəraət qazandırıb. BƏƏ, Qətər, Küveyt və Səudiyyə Ərəbistanı bu hücumların mülki ərazilərə yönəldiyini bildirmişdilər.

Nazir BƏƏ-ni ABŞ-a Dubay və Rəs əl-Xeymə kimi sıx məskunlaşmış şəhərlərdən zərbələr endirməyə şərait yaratmaqda ittiham edib: “Aydındır ki, onlar raketləri və PUA-ları BƏƏ-dən buraxırlar, lakin bu məqsədlər üçün sıx məskunlaşmış ərazilərdən istifadə etmək təhlükəlidir”.

“The New Arab” nəşrinə verdiyi digər açıqlamasında Əraqçi vurğulayıb ki, Yaxın Şərqdəki ABŞ bazalarından İslam Respublikasına zərbələr endirmək üçün istifadə edildiyinə dair “çoxlu sübutlar” var:

“Bizim əlimizdə bölgədəki ABŞ bazalarından bizə qarşı hücumların həyata keçirildiyini göstərən peyk görüntüləri və elektron monitorinq məlumatları var”.

O əlavə edib ki, İran regiondakı tərəfdaşlarıyla görüşməyə və hansı hədəflərin vurulduğunu, onların həqiqətən ABŞ-a məxsus olub-olmadığını müəyyən etmək üçün komissiya yaratmağa hazırdır.

Nazir ABŞ və İsrailin müəyyən nöqtələrdən ərəb ölkələri istiqamətində raketlər atdığına dair son məlumatları açıqlayıb və qeyd edib ki, amerikalılar regiondakı hədəfləri vurmaq üçün İranın “Shahed” dronuna bənzəyən pilotsuz uçuş aparatı hazırlayıblar.

Onun sözlərinə görə, mülki obyektlərə zərbələr endirmək İran və ərəb ölkələri arasındakı münasibətləri mənfi məcraya yönəltmək məqsədi güdə bilər.

“X” sosial şəbəkəsində dərc olunan rəsmi bəyanatda BƏƏ Əraqçinin açıqlamalarını tənqid edib: “Əmirliklər bu terrorçu təcavüzdən müdafiə etmək hüququna malikdirlər, ancaq onlar təmkin nümayiş etdirərək İran və region üçün çıxış yolu tapmağa çalışmaqla ağıl və məntiqə üstünlük verməyə davam edirlər”.

Əraqçi  ABŞ-nin son hücumunun Hark adasındakı hərbi obyektlərə ciddi zərər vurmadığını qeyd edib, deyib ki, İran neft infrastrukturuna hər hansı hücuma cavab verməyə hazırdır:

“Silahlı qüvvələrimiz artıq aydın şəkildə bildiriblər ki, bizim neft obyektlərimizə və enerji infrastrukturumuza hücum edilərsə, cavab verəcəklər və bölgədə ABŞ şirkətinə məxsus olan və ya ABŞ səhmdarı olan istənilən enerji obyektinə hücum edəcəklər”.

ABŞ Prezidenti Donald Tramp martın 14-də bildirib ki, Amerika qoşunları Fars körfəzinin şimal hissəsində, İranın strateji neft ixracı mərkəzi olan Hark adasındakı “bütün hərbi hədəflərə” zərbələr endirib. O xəbərdarlıq edib ki, Hörmüz boğazı bağlı qalarsa, adanın neft infrastrukturu hücum hədəfi ola bilər.

Əraqçi bildirib ki, İran Hörmüz boğazının blokadasını davam etdirəcək.

“Politfm”