Seymur Həzi
Azərbaycan parlamenti “Psixiatriya yardımı haqqında” qanuna dəyişiklikləri müzakirə edir. Əgər təklif olunan müddəalar qəbul edilsə, prokurorluq və polis orqanları vətəndaşları psixi müainəyə göndərmək səlahiyyəti əldə edəcəklər. Bu “yeniliyin” vətəndaşa, siyasi sistemə, ictimai həyata nəyə başa gələcəyini düşünmək belə insanın qanını dondurur. Belə bir qanunun Azərbaycanı sivil dünyadan düz 300 il geriyə – 17-ci əsr Avropasına çəkə bilər.
Nədir bu yeniliyin mahiyyəti? Məhşur fransız filosofu və sosial nəzəriyyəçisi Mişel Fuko 20-ci əsrin ikinci yarısında hakimiyyət, bilik, tibb və sosial nəzarət mexanizmləri arasındakı əlaqələri araşdıraraq sözügedən tarixi prosesi müasir siyasi nəzəriyyə kontekstində analiz edib, çağdaş insanı bu böyük təhlükənin mahiyyəti və mexnizmləri barədə xəbərdar edib. Onun xüsusilə “Dəliliyin tarixi” (“Histoire de la folie à l’âge Classique”) və “Həbsxananın doğulması” (“Surveiller et punir”) əsərlərində irəli sürdüyü tezislər dövlətin bu kimi üsullarla vətəndaşlar üzərində nəzarət mexanizçlərini anlamaq üçün mühüm nəzəri çərçivə təqdim edir.
Fukoya görə, şəxsləri psixiatrik müayinəyə göndərmək üçün hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verən qanunvericilik yalnız tibbi və ya hüquqi məsələ kimi deyil. Bu, həm də hakimiyyət münasibətlərinin yeni forması kimi qiymətləndirilə bilər.
Onun əsas tezislərindən biri budur ki, müasir dövlət cəmiyyəti yalnız zor tətbiq edən institutlar (ordu, polis və həbsxanalar) vasitəsilə idarə etmir. Eyni zamanda insan bədənini, davranışlarını və düşüncə tərzini idarə etməyə yönəlmiş daha incə mexanizmlərdən istifadə edir. Fuko bu prosesi “biohakimiyyət” və ya “biopolitika” adlandırır.
Fuko qeyd edir ki, psixiatriya və digər tibb institutları tarix boyu təkcə müalicə və reabilitasiya üçün istifadə olunmayıb, həm də “normal” və “anormal” davranış çərçivələrini müəyyənləşdirən mexanizmlər kimi “işləyib”. Beləliklə, tibb müəyyən hallarda xəstəliyi sadəcə diaqnostika edən elm deyil, həm də “sosial nizam”ın qorunmasına xidmət edən vasitəyə çevrilə bilir.
Bu baxımdan hüquq-mühafizə orqanlarının şəxsləri məcburi psixiatrik müayinəyə yönləndirmək imkanlarının genişləndirilməsi demokratik nəzarət mexanizmlərinin zəif olduğu siyasi sistemlərdə xüsusilə risklidir – psixiatriya hüquqi və inzibati nəzarət alətinə və hətta içtimai təhlükəyə çevrilə bilər. Geniş imkanlar prosesi siyasi hakimiyyət üçün asanlaşdırar, amma orqanların ictimai reputasiyasını və etibarlılığını daha da azaldar. Çünki hərəkətinin və ya mövqeyinin psixi pozuntu kimi qiymətləndirilməsi vətəndaşın hüquqi yolla müdafiə olunmaq imkanını sıfırlayır.
Fukonun yanaşmasına görə, hakimiyyətin ən “effektiv” metodlarından biri vətəndaşı cinayətkar və ya siyasi opponent kimi yox, “problemli”, “qeyri-adekvat” və ya “xəstə” şəxs kimi təqdim etməkdir. Bu zaman onun siyasi və ya ictimai arqumentlərinə cavab vermək əvəzinə, həmin arqumentlərin legitimliyi şübhə altına alınır.
“Dəliliyin tarixi” əsərində Fuko 17-ci əsr Avropasında baş vermis, “böyük təcrid” adlandırdığı prosesi təhlil edir. Həmin dövrdə işsizlər, dilənçilər, avaralar və müxtəlif səbəblərə görə sosial normadan kənar hesab edilən şəxsləri xüsusi müəssisələrə toplayırdılar. Məqsəd formal olaraq islah və ictimai rifah olsa da, faktiki olaraq bu siyasət hakimiyyətin “arzuolunmaz” hesab etdiyi qrupları görünməz hala gətirməyə xidmət edirdi.
Fuko yazır ki, müasir cəmiyyətlərdə təcrid formaları daha mürəkkəb xarakter alıb. Klassik həbsxanalarla yanaşı, indi xəstəxanalar, internatlar, islah müəssisələri və digər institutlar da nəzarət sisteminin tərkib hissəsinə çevrilə bilir.
Bu kontekstdə vətəndaşın hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə psixiatrik müayinəyə və ya məcburi müalicəyə yönləndirilməsi yalnız tibbi prosedur deyil. Bu, həm də potensial institusional təcrid forması kimi qiymətləndirilməlidir. Belə mexanizm vətəndaşlarda daimi qeyri-müəyyənlik hissi yaradır. İnsan yalnız qanunu pozmaqdan deyil, həm də davranışlarının və ya fikirlərinin “şübhəli” hesab edilməsindən ehtiyat etməyə başlayır. Yəni bütün ölkə “şübhəli şəxs qismində” yaşayır.
Məhz bu məqamda Fukonun təsvir etdiyi “panoptikon” effekti ortaya çıxır. Şəxs daim müşahidə altında olduğunu və müdaxiləyə məruz qala biləcəyini düşündüyü üçün öz davranışlarını özü məhdudlaşdırmağa başlayır. Beləliklə, fiziki məcburiyyətə ehtiyac qalmır, nəzarət daxili intizam formasına çevrilir.
Sosial elmlərdə geniş istifadə olunan anlayışlardan biri də “müxalifətin tibbiləşdirilməsi”dir. Bu anlayış siyasi və sosial etirazların siyasi səbəblərdən yox, fərdin psixoloji və ya tibbi problemlərindən qaynaqlandığı iddiasını ifadə edir. Təxminən 12 il əvvəl Naxçıvan sakini, ixtisasca həkim olan AXCP üzvü siyasi fikirlərinə görə psixi dispanserə göndərilmişdi.
Tarixdə bunun ən məşhur nümunələrindən biri SSRİ-də dissidentlərə qarşı tətbiq olunan psixiatrik repressiya praktikalarıdır. Hakimiyyətə qarşı çıxan bəzi şəxsləri nə cinayətkar kimi cəzalandırılrdıar, nə də siyasi opponent kimi. Onları cəmiyyət üçün təhlükəli psixi xəstə kimi təqdim edib “dəlixanalara” yerləşdirirdilər. Beləliklə, fikirləri və tənqidi mövqeləri siyasi müzakirə predmeti olmaqdan çıxarılır, tibbi problem kimi qələmə verilirdi.
Fukonun nəzəriyyəsinə görə, hakimiyyət öz legitimliyini qorumaq üçün alternativ baxışları çox zaman “irrasional”, “təhlükəli” və ya “anormal” kimi xarakterizə etməyə həmişə meyllidir. Bu səbəbdən dövlətin psixiatriya sahəsinə müdaxilə imkanlarının genişləndirilməsi vətəndaş azadlıqları və siyasi plüralizm baxımından qiymətləndirilməlidir.
Nəzəriyyə də, təcrübə də göstərir ki, tibb, hüquq və hakimiyyət institutları arasındakı münasibətlər hər zaman neytral xarakter daşımır. Dövlətin təhlükəsizlik və ictimai qayda yaratmaq məqsədilə istifadə etdiyi mexanizmlər müəyyən şəraitdə fərdin hüquq və azadlıqlarının məhdudlaşdırılması vasitəsinə çevrilir.
Fukonun yanaşmasına görə, belə hallarda əsas sual “kim xəstədir” deyil, “xəstəliyi müəyyən etmək səlahiyyəti kimə məxsusdur və bu səlahiyyət hansı siyasi nəticələr yarada bilər” sualıdır. Müasir cəmiyyətlərdə bu sual azadlıq, insan hüquqları və dövlət hakimiyyətinin sərhədləri haqqında müzakirələrin mərkəzində dayanır.
Azərbaycanda isə bu sual ölkənin taleyinin mərkəzi suallarından bidir. Çünki belə bir qanunun yol açacağı narahatlığı və yaradacağı xaosu təsəvvür etmək çətin deyil. Bir halda ki, hakimiyyət bu qanunu 0% iqtisadi artımdan sonra müzakirə edir, onu da nəzərə almalıdır ki, “ac qılınca çapar”, qılınca çapanın dəli olduğunu sübut eləməyə isə nə imkan olur, nə də ehtiyac.



