ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Pakistanın Baş naziri Şahbaz Şərif və Qətərin Baş naziri və xarici işlər naziri Moəhəmməd bin Əbdülrəhman bin Cassim Əl-Tani, İsveçrə, 21 iyun 2026 (foto: Nathan Howard/”Reuters”)
ABŞ və İran rəsmiləri İsveçrə danışıqlarının bu gün başa çatmış ilk raundunda “ümidverici irəliləyiş” əldə ediblər, amma Livan və Hörmüz boğazı ətrafındakı gərginlik qalmaqdadır.
Bu barədə Pakistan və Qətərdən olan vasitəşilər məlumat veriblər (“Reuters”).
Bildirilir ki, tərəflər müharibənin 60 gün ərzində dayandırılmasıyla bağlı yekun sazişə nail olmaq üçün yol xəritəsi razılaşdırıblar. Danışıqların əvvəlində Tehran boğazı yenidən bağlayıb, ABŞ Prezidenti Donald Tramp isə İranı hücumları bərpa etməklə hədələyib.
Vasitəçilərin sözlərinə görə, tərəflər ABŞ-nin müttəfiqi olan İsraillə İranın dəstəklədiyi “Hizbullah” arasında döyüş əməliyyatlarının dayandırılması mexanizmi barədə razılığa gəliblər. Bundan başqa, kommersiya gəmilərinin neft və mayeləşdirilmiş qazın qlobal tədarükündə həyati əhəmiyyət daşıyan Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə birbaşa əlaqə kanalı yaradılıb.
Vasitəçilərin birgə bəyanatında deyilir ki, texniki danışıqlar həftənin sonunadək İsveçrədəki Qətərə məxsus “Bürgenştok” dağ-xizək kurortunda davam etdiriləcək.
İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Tehran neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, dondurulmuş aktivlərin bir hissəsinin açılmasına və İranın bərpası və inkişafı planının işə salınmasına nail olub.
ABŞ və İsrailin fevralın 28-də İrana birgə hava hücumlarından bir neçə gün sonra Tehran Hörmüz boğazını bağlamış, nəticədə neft qiymətləri kəskin yüksəlmiş, buna cavab olaraq ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq etmişdi. ABŞ və İran ötən həftə çərçivə sazişi imzalayandan sonra neft qiymətləri müharibənin ilk günlərindən bəri ilk dəfə ciddi dərəcədə geriləyib.
Bugünkü birgə bəyanatdan sonra da neft qiymətləri enməyə davam edib, çünki qlobal bazarlarda təklif çatışmazlığıyla bağlı narahatlıqlar zəifləyib. Qrinviç vaxtı ilə saat 08:15-ə olan məlumata görə, “Brent” markalı etalon neftin qiyməti bir barel üçün 80 dollardan bir qədər aşağı düşüb.
Dünən başlamış danışıqlarda ABŞ-ni vitse-prezidenti Cey Di Vens təmsil edib. Görüşdən əvvəl “Fox News” telekanalı xəbər verib ki, Tramp İran rəsmilərinə “Əgər boğazı yenidən bağlamağa cəhd etsəniz, ölkəniz olmayacaq” deyib. Qurumun məlumatına görə, o, daha əvvəl səsləndirdiyi hədəsini də təkrarlayaraq ABŞ-nin Hörmüzə nəzarəti ələ keçirə biləcəyini və hətta özünün rüsum tətbiq edəcəyini bildirib.
Danışıqlarla bağlı fərqli məlumatlar
ABŞ və İran mənbələri İsveçrədəki danışıqlarla bağlı fərqli məlumatlar təqdim ediblər.
İranın yarı-rəsmi “Tasnim” agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, Trampın təhdidləri ictimailəşdirildikdən sonra İran nümayəndə heyəti görüşün keçirildiyi otağa qayıtmaqdan imtina edib. Danışıqlar Pakistan və Qətər təmsilçiləri vasitəsilə çatdırılan mesaj mübadiləsi şəklində davam etdirilib.
“Tasnim”-ə danışan mənbənin sözlərinə görə, iranlılar nüvə məsələləri üzrə danışıqlara başlamaq üçün əvvəlcə anlaşma memorandumunun digər müddəalarının yerinə yetirilməsini, o cümlədən dondurulmuş aktivlərin açılmasını və İran neftinin ixracına icazə verməsini tələb edirlər.
“İranlılar heç yerə getməyiblər və hələ də buradadırlar, gecə saatlarınadək görüşür və müzakirə aparırlar. Biz Tayvan boğazındakı vəziyyəti, Livanı, nüvə məsələlərini, anlaşma memorandumunun icrasıyla bağlı detalları və digər mövzuları müzakirə etmişik” – danışıqlarda iştirak edən amerikalı diplomat “Reuters” agentliyinə belə deyib.
Saziş Hörmüz boğazında fəaliyyətin bərpasını və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Bu şərt İsrailin Livana, “Hizbullah”ın İsrailə zərbələrini də əhatə edir.
Tehran bildirib ki, ABŞ Livandakı müharibəni dayandırmaq öhdəliyini yerinə yetirməyib və həftəsonu boğazı təkrar bağlayaraq danışıqlarda nüvə proqramı kimi əsas məsələlərin müzakirə olunmayacağını bəyan edib.
Vens danışıqlarda Livanda baş verənlərin əhəmiyyətini azaltmağa çalışaraq bildirib ki, bu ölkədə döyüş əməliyyatlarının dayandırılması istiqamətində irəliləyiş əldə olunub.
Vens jurnalistlərə açıqlamasında deyib ki, “Tramp bizdən hər şeyə yenidən başlamağı və İran xalqıyla münasibətlərimizi dəyişməyi xahiş edib”.
“Kpler” analitik şirkətinin məlumatına görə, bazar günü boğazdan cəmi beş gəmi keçib. Bu, bir gün əvvəl qeydə alınmış 26 gəmiylə müqayisədə xeyli azdır. Fars körfəzində hərəkət zamanı transponderlərini söndürən gəmilər bu statistikaya daxil olmaya bilər.
İyunun 21-i Livanda son dövrlərin ən sakit günlərindən biri olub. Axşamadək ciddi zorakılıq halları barədə məlumat verilməyib.
Bazar ertəsi İsrail Prezidenti İsaak Hersoq bəyan edib ki, İsrail İranla müharibənin diplomatik yolla həllinə qarşı deyil, amma saziş təminat verməlidir ki, Tehran əldə etdiyi vəsaitləri hərbi məqsədlər üçün və ya regiondakı müttəfiq qüvvələri dəstəkləmək məqsədilə istifadə edə bilməyəcək.
“Politfm”



