Foto: internet
Son illərdə Avrasiya ticarət xəritəsində ən dinamik inkişaf edən marşrutlardan biri Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) olub. 2022-ci ildən sonra Şimal Dəhlizinə – Rusiya ərazisindən keçən marşruta alternativ axtarışları fonunda TİTR üzrə həcmlər sürətlə artıb. 2019-2021-ci illərdə 0,6-0,8 milyon ton civarında olan yük daşımaları 2024-cü ildə artıq 4,5 milyon tonu keçib.
Cənubi Qafqaza və Qara dəniz regionuna fokuslanan məsləhətçi “Elevate Crossroads” analitik və konsaltinq platformasının tövsiyələri bu artımı üçqat səviyyəyə çatdırmaq üçün konkret yol xəritəsi təqdim edib.
Qeyd olunur ki, bu təkliflər sadəcə texniki tədbirlər siyahısı deyil, regionun geoiqtisadi baxımdan yenidən formatlaşmasının vacib hissəsidir.
10 prioritet layihə: dar ərazilər probleminin həlli strategiyası
Sənədə əsasən, üçqat artım üçün on əsas infrastruktur və logistik transformasiya tələb olunur. Layihələr əsasən Mərkəzi Asiya, Qafqaz və Qara dəniz hövzəsini əhatə edir.
• Mərkəzi Asiya seqmenti: Almatıdan yan keçən dəmiryolu xəttinin çəkilməsi, Özbəkistan və Qazaxıstan arasında yeni birbaşa dəmiryolu xəttinin çəkilməsi, Aktau limanında (Qazaxıstan) bərə və liman qurğularının modernləşdirilməsi. Qeyd olunur ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi səbəbindən yaranan problemləri həll etmək xüsusilə vacibdir.
• Qafqaz və Türkiyə seqmenti: Gürcüstanda lokomotiv və vaqon parkının yenilənməsi, Poti limanının və dəmir yolu şəbəkəsinin genişləndirilməsi, Axalkalaki-Türkiyə sərhədindəki və ən kritik dar ərazilərdən biri sayılan Sivas-Qars-Gürcüstan sərhədindəki dəmiryollarının modernləşdirilməsi.
• Avropa istiqaməti: Bosfor boğazından keçən yüksək tutumlu və quru səthli dəmir yolu xətti (Üçüncü Körpü vasitəsilə), Rumıniya və Bolqarıstanda liman və dəmir yolu infrastrukturuna böyük investisiyalar.
• “Yumşaq” infrastruktur: bütün dəhliz boyu sərhəd prosedurlarının sadələşdirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və proseslərin rəqəmsallaşdırılması.
Siyahıda birbaşa Azərbaycan aid olan layihələri yoxdur: bu ölkə artıq müəyyən hazırlıq səviyyəsinə malikdir, “Elevate Crossroads”-ın tövsiyələri isə daha çox “zəif halqalar”ı hədəf alır. Lakin dəhlizin mərkəzi seqmenti – Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan marşrutu məhz Azərbaycan ərazisindən keçir və bu seqmentin səmərəliliyi bütün marşrutun uğurunu müəyyən edir.
Azərbaycan: tranzit ölkədən regional mərkəzə?
Azərbaycan son 15 ildə Orta Dəhlizə strateji investisiyalar yatırıb. Ən vacib addımlardan biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt) genişləndirilməsi olub.
2018-ci ildə ilk mərhələ istifadəyə verilib, prezident İlham Əliyevin 2024-cü ilin dekabrında təsdiqlədiyi yeni plan çərçivəsində limanın illik tutumu 25 milyon ton yükə və 500 min TEU konteynerə çatdırılacaq. Bu, təkcə tranzit üçün yox, həm də dəyər əlavə edən logistik və sənaye fəaliyyətinə əsas yaradır (Ələt Azad İqtisadi Zonayla inteqrasiya).
Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu 2017-ci ildən fəaliyyət göstərir və 2024-cü ildə Gürcüstan seqmentinin yenidən qurulmasından sonra illik tutumu 5 milyon tona çatdırılıb. Gələcəkdə bu rəqəmin daha da artması nəzərdə tutulur.
2023-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə yaratdqları “Orta Dəhliz Multimodal” MMC- yə (“Middle Corridor Multimodal Ltd”.) 2025-ci ildə Çin də qoşulub.
2025-ci ilin statistikası da Azərbaycanın artan rolunu göstərir: İlk 11 ayda Azərbaycan Dəmir yolları Çindən gələn 350-dən çox blok-qatar idarə edib (ötən ilin eyni dövrüylə müqayisədə 34% çox), Ələt limanında konteyner dövriyyəsi 40,8% artıb. Bu rəqəmlər Azərbaycanın Avrasiya ticarət şəbəkəsində “qapı” funksiyasını gücləndirdiyini göstərir.
Ekspert rəyləri: nikbin proqnozlar və problemlərlə bağlı xəbərdarlıqlar
“Elevate Crossroads”-un icraçı direktoru Nino Lezhava dəhlizin inkişafını “dar ərazilər problemini həll edən və verən gündən-günə irəliləyən” proses kimi qiymətləndirir.
O qeyd edir ki, Orta Dəhliz artıq Çinin “Kəmər və Yol” təşəbbüsünün vacib elementi kimi fəaliyyət göstərir və infrastruktur təkmilləşdirmələri Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqazdakı problemli əraziləri aradan qaldırmağa yönəlib.
Lezhava konteyner daşımalarının sürətli artımını (2025-ci ilin birinci yarısında Gürcüstan üzərindən 9 849 TEU, əvvəlki ilə nisbətən 173% artım) xüsusi vurğulayır və bu marşrutun Rusiya üzərindən keçən Şimal Dəhlizinə ən sürətli quru alternativi olduğunu bildirir.
Müstəqil analitik Fuad Şahbazov isə Azərbaycanın rolunu daha geniş strateji kontekstdə görür. Onun fikrincə, Bakı təkcə tranzit infrastrukturuna investisiya qoymur, həm də regional əlaqələndirmədə fəal mövqe tutur və bu, ölkənin Avrasiya miqyasında təsir gücünü artırır.
Şahbazov qeyd edir ki, Azərbaycanın Qazaxıstan və digər tərəfdaşlarla əməkdaşlığı təkcə Orta Dəhlizlə məhdudlaşmır, həm də yeni nəqliyyat təşəbbüslərini əhatə edir.
Beynəlxalq təşkilatların və tədqiqat mərkəzlərinin qiymətləndirmələri də maraqlıdır. Beynəlxalq Sülh üçün Karnegi Fondunun apreldə yaymlanan təhlilində vurğulanır ki, Orta Dəhliz Mərkəzi Asiya dövlətləri üçün “daimi yol” yox, “fürsət pəncərəsi”dir.
Analitiklər infrastrukturdakı boşluqları, idarəetmə problemlərini, iqlim dəyişikliyini (Xəzərin səviyyəsinin enməsi) və geosiyasi riskləri əsas maneələr kimi göstərirlər. Eyni zamanda, OECD və EBRD-nin proqnozlarına görə, əgər dar ərazilər aradan qaldırılarsa, 2030-cu ilə qədər həcmlər 10-11 milyon tona çata bilər.
Bəzi ekspertlər isə daha ehtiyatlıdırlar. Onlar qeyd edirlər ki, dəhliz hələ də bahalı və mürəkkəbdir – çoxsaylı əl dəyişmələri, müxtəlif gömrük rejimləri və qeyri-müəyyən həcmlər risklər yaradır. Xəzərdə gəmi çatışmazlığı və limanlararası sürətin azlığı xüsusilə problemli hesab olunur. Buna baxmayaraq ümumi konsensus belədir: siyasi iradə, davamlı investisiya və institusional əməkdaşlıq olarsa, Orta Dəhliz regional rifahın katalizatoruna çevrilə bilər.
Azərbaycan üçün “fürsət pəncərəsi” və ehtiyatlı optimizm
“Elevate Crossroads”-un 10 prioritet layihəsi Orta Dəhlizi “alternativ marşrut”dan dayanıqlı Avrasiya arteriyasına çevirmək cəhdidir. Azərbaycan öz infrastrukturu və institusional əməkdaşlıqlarla artıq bu prosesdə fəal oyunçuya çevrilib.
Uğur qazanmaq üçün isə təkcə liman və dəmiryolları yetərli deyil. Regional əməkdaşlığın dərinləşməsi, iqlim risklərinə uyğunlaşma və rəqəmsal transformasiya da eyni dərəcədə vacibdir.
Ekspertlərin fikrincə, əgər bu şərtlər yerinə yetərsə, 2027-2030-cu illər Azərbaycan üçün təkcə tranzit gəlirlərinin yox, həm də regionda strateji mövqeyinin keyfiyyətcə yeni səviyyəyə qalxması dövrü ola bilər. Əks halda isə dəhliz “fürsət pəncərəsi” olaraq qalacaq və tam potensialını reallaşdırmayacaq.
“Politfm”
(“Jam.news” nəşrinin materialı əsasında)



