Seymur Həzi
Şübhə yoxdur ki, Azərbaycanda keçirilən Rusiya-Almaniya görüşündən Azərbaycan hökumətinin də, Almaniya hökumətinin də xəbəri olub. Bu detal ona görə önəmlidir ki, xəbər ABŞ mediası tərəfindən yayılıb, yəni hadisə Vaşinqton tərəfindən ifşa edilib.
Əlbəttə, heç kim inanmaq istəməz ki, “Times” qəzetinə Bakıdakı görüş barədə onun regional müxbiri məlumat verib. Bu, açıq-aşkar bir kəşfiyyat məlumatıdır və elə kəşfiyyat savaşları kontekstində üzə çıxıb. Bundan əlavə, araşdırılmalı, daha doğrusu ətrafında düşünməli suallar bunlardır:
– belə bir görüş hansı zərurətdən doğa bilər?
– Almaniya və Rusiyanın keçmiş rəsmiləri nədən danışa bilərdilər?
– bu danışığın separat xarakterli olması Almaniya üçün nə deməkdir?
– Azərbaycan hakimiyyəti bu görüşü yeni strateji tərəfdaşına özü sızdırmış ola bilərmi və hansı məqsədlə?
Ukrayna: vəziyyət dəyişib
Almaniya və Rusiyanın keçmiş rəsmilərinin görüşü bir neçə səbəbdən ola bilər. Bu səbəblər ayrı-ayrılıqda və birlikdə keçərli ola bilər.
Birincisi odur ki, son 6 ayda Ukrayna müharibədə vəziyyəti əsaslı şəkildə dəyişib. Bu dəyişiklik təkcə Rusiya üçün fəlakət nəticələri doğurmur, həm də beynəlxalq enerji bazarında böhran yaradıb. Rusiya öz vətəndaşlarına benzin sata bilməyəcək vəziyyətə düşüb. Bu o deməkdir ki, Kreml beynəlxalq bazardakı rəsmi və qeyri-rəsmi öhdəliklərini də yerinə yetirə bilmir.
“The Wall Street Journal” və “Reuters” kimi məşhur media qurumları yazır ki, beynəlxalq daşımalar, xüsusilə Qara dəniz üzrə işləyən marşrutlar demək olar ki, böhran vəziyyətindədir. Bu görüş məhz məlum böhranı müzakirə etmək üçün də keçirilmiş ola bilər.
İkinci, bəlkə də, birinci əsas səbəb isə Rusiyanın sürətlə daxili siyasi böhrana doğru getməsidir. Qış yaxınlaşdıqca, Rusiyada iqtisadiyyatın aldığı ağır zərbələrdən ciddi təsirlənərək çökəcəyi proqnozlaşdırılır. Bu isə təkcə hərbi məğlubiyyət demək olmaya bilər. Sistemdaxili inqilab və ya sistem çöküşü də gözləniləndir. Belə olan halda Almaniya yeni Rusiya ilə işləməyin yollarını da axtara bilər. Burada, əlbəttə ki, ən önəmli qanad enerji resurslarına nəzarət edən qanaddır ki, görüşənlərin kimliyi də bu versiyanı inkar etmir.
Niyə separat görüş?
“Times” qəzetinin bu məlumatı yayması (və ya məhz “Times” qəzetinin yayması) ortaya başqa bir mənzərə çıxarır. Görüş Vaşinqtondan gizli keçirilib və onun arzulamadığı görüşdür. Buna görə də Vaşinqton pərdəni qaldırır. Tramp administrasiyası, təbii ki, Almaniyanı xəyanətdə ittiham edəcək vəziyyətdə və fikirdə deyil, amma Amerika prezidenti və komandası düşünürlər ki, belə əlaqələr və görüşlər yalnız onlar üçün mübahdır, başqaları “bazara girmiş” olurlar.
Almaniya bu cür təşəbbüsü Fransa və digər müttəfiqlərindən gizlin edibmi? Merzin açıqlamasından bəlli oldu ki, bəli, Almaniya “xəbərsiz” olmağa üstünlük verir.
Azərbaycan nəyi bilib, nəyi bilməyib?
İlham Əliyevin məlumatı “Times” qəzetindən öyrəndiklərini deməsi diqqət çəkdi. Yəni amerikalılara biz deməmişik, əksinə, onlardan öyrənmişik. Amma maraqlı məqam başqadır: xüsusi xidmət orqanı statusunda olan Dövlət Sərhəd Xidməti bu məlumatları – Rusiya və Almaniyanın tanınmış siyasətçilərinin eyni vaxtda Azərbaycana giriş etməsini necə diqqətə almayıb? Bu mümkündürmü? Mümkündürsə, ciddi sualdır və bu barəd daha dərindən düşünmək lazımdır.
Azərbaycan hökuməti görüş olayını ABŞ-yə özü sızdıra bilərdimi? Bu da mümkündür. Çünki Azərbaycan tərəfi belə bir təmasın gec-tez, ən azı növbəti raundlarda üzə çıxacağını bilir. Belə olan halda bu məlumatı bilib Vaşinqtonla bölüşməmək münasibətlər baxımından riskli ola bilərdi. İlham Əliyevin “Ərazimizi bizdən xəbərsiz istifadə ediblər” deməsi görüşün daha dərin məsuliyyətindən xilas olmaq üçün daha zəif kəşfiyyata malik olmağa göz yummaq gedişi də sayıla bilər.
Hər bir halda bu görüş və onun ətrafında baş verənlər yeni mərhələdə Rusiya və Avropa üçün yol axtarışıdır. Amma bu axtarışın ən riskli tərəfi onu Rusiya ilə birlikdə həyata keçirməkdir.



