ABŞ bombasının İranın “M/T Riesco” tankerinin göyərtəsinə dəydiyi an, 8 sentyabr 2026 (foto: CENTCOM)
ABŞ və İranın qarşılıqlı zərbələri son bir ayın ən ağır səviyyəsinə yüksəlib. ABŞ İranın beş neft tankerini batırıb, Tehran isə İordaniyadakı hərbi bazaya raketlər atdığını və Hörmüz boğazı yaxınlığında 10 gəmiyə hücum etdiyini açıqlayıb. Hücumlar nəticəsində azı bir dənizçi həlak olub, bir nəfər itkin düşüb. Qarşıdurma neft daşımalarını yenidən azaldıb və dünya bazarında qiymətlərin yüksəlməsinə səbəb olub.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli beş neft tankerini batırdığını bildirib. ABŞ tərəfinin açıqlamasına görə, əməliyyat İran qüvvələrinin iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə iki dəfə ballistik raketlər atmasına cavab olub.
Vaşinqton son bir həftədə ümumilikdə 10 İran tankerini sıradan çıxardığını bildirir.
İran isə cavab olaraq Hörmüz boğazı yaxınlığında iki ABŞ hərbi gəmisinə və səkkiz tankerə hücum etdiyini açıqlayıb. SEPAH gəmilərə ciddi ziyan dəydiyini iddia etsə də, CENTCOM heç bir ABŞ hərbi gəmisinin vurulmadığını bildirib.
“Reuters”-in məlumatına görə, Dubay yaxınlığında dayanan “Hercules Star” tankerinə hücum zamanı bir dənizçi həlak olub, biri itkin düşüb. İraq ərazi sularında iki milyon barel yanacaq daşıyan “New Andros” tankerinə dron dəyib və gəmidə yanğın başlayıb. Bu hücumların məsuliyyətini hansı tərəfin daşıdığı dəqiqləşdirilməyib.
ABŞ-nin İordaniyada bazasındakı təyyarələri zədələnib
SEPAH İordaniyanın Əl-Əzrəq bölgəsi yaxınlığında ABŞ qüvvələrinin istifadə etdiyi Müvəffəq əs-Səlti aviabazasına 20 ballistik raket atdığını bildirib.
İordaniya ordusunun məlumatına görə, raketlərdən 18-i havada vurulub, ikisi yaşayış olmayan ərazilərə düşüb. İnsan itkisi qeydə alınmayıb.
Lakin “CBS News” hadisə barədə birbaşa məlumatı olan mənbələrə istinadən bazadakı ABŞ hərbi təyyarələrinin zədələndiyini yazıb. Məlumata görə, səkkizə yaxın F-15 qırıcısı təyyarəsi yüngül zədələnib və sonradan yenidən istifadəyə verilib. Bir A-10 hücum təyyarəsinə isə daha ciddi ziyan dəyib. CENTCOM təyyarələrə dəyən ziyan barədə ayrıca rəsmi məlumat yaymayıb.
İranın neft ixracı kəskin azalıb
ABŞ hərbi qüvvələri son həftələrdə digər Körfəz ölkələrinin Hörmüz boğazından neft daşımasına kömək edib. Eyni zamanda, İran limanlarının dəniz blokadası Tehranın öz neftini ixrac etməsini xeyli çətinləşdirib.
“Kpler” şirkətinin hesablamasına görə, İranın gündəlik neft ixracı yaz aylarındakı 1,85 milyon bareldən avqustda təxminən 255 min barelə düşüb.
Müharibənin ən gərgin dövründə gündə 300 min barelə enən qlobal neft daşımaları sentyabrın əvvəlində 8,4 milyon barelə çatıb. Alternativ marşrutlar da nəzərə alındıqda, gündəlik göstərici 10,8 milyon barel olub. Müharibədən əvvəl isə region ölkələri gündə təxminən 14 milyon barel neft ixrac edirdi.
Bununla belə, son qarşılıqlı hücumlar daşımaları yenidən azaldıb. Sentyabrın 11-də Hörmüzdən daşınan neftin həcmi müharibədən əvvəlki səviyyədən xeyli aşağı qalıb. “Brent” neftinin qiyməti gün ərzində 108 dolları keçəndən sonra təxminən 105 dollara enib (“Associated Press”).
Husilər Qırmızı dəniz marşrutuna təzyiqi artırır
İranla yaxın münasibətləri olan Yəmən husiləri də Səudiyyə Ərəbistanının neft obyektlərinə və gəmilərinə hücumları artırıb. Qruplaşma Yəmənin Qırmızı dəniz sahilində yerləşən strateji Moxa limanına nəzarəti ələ keçirib.
Bu limanın itirilməsi Bab əl-Məndəb boğazından keçən gəmilər üçün təhlükəni artırır. Həmin marşrut Hörmüzdə daşımalar məhdudlaşdıqdan sonra Səudiyyə neftinin ixracında daha mühüm rol oynamağa başlamışdı.
ABŞ dövlət katibi Marko Rubio husilərin son hücumlarının arxasında İranın dayandığını bildirib. Tehran isə qruplaşmanın müstəqil qərar verdiyini və İrandan göstəriş almadığını deyir (“Associated Press”).
Müharibə ABŞ-dəki aralıq seçkilərin əsas mövzusuna çevrilir
İran müharibəsini ABŞ Konqresinə noyabrın 3-də keçiriləcək aralıq seçkiləriə birbaşa əlaqələndirən şəxs elə ABŞ Prezidenti Donald Tramp özü olub.
O, müharibənin seçkilərdən “dərhal sonra” başa çatacağını deyib. Onun sözlərinə görə, İran iqtisadi və hərbi təzyiqə uzun müddət davam gətirə bilməyəcək və hazırda döyüşləri uzatmaqla ABŞ-dəki seçkilərin nəticələrinə təsir göstərməyə çalışır. Tramp bu iddianı təsdiqləyən konkret dəlil açıqlamayıb.
Respublikaçılar aralıq seçkilərində Konqresin hər iki palatasına nəzarəti saxlamağa çalışırlar. Müharibənin uzanması, yanacağın bahalaşması və hərbi xərclərin artması isə partiya üçün əlavə siyasi risk yaradıb.
AP-ın məlumatına görə, müharibə ABŞ büdcəsinə indiyədək 37,5 milyard dollardan çox vəsaitə başa gəlib, 18 amerikalı hərbçi həlak olub. İyulda keçirilmiş AP-NORC sorğusunda amerikalıların təxminən üçdə ikisi İranla müharibə etməyə dəymədiyini bildirib.
Konqresdə respublikaçılar prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdıran təşəbbüslərin qarşısını alıblar və hərbi əməliyyatların maliyyəsinin kəsilməsini dəstəkləməyiblər. Demokratlar isə müharibəni və yanacağın bahalaşmasını seçki kampaniyasının mövzularından birinə çeviriblər. Senatda demokratların lideri Çak Şumer də Trampı müharibəni dayandırmağa çağırıb (“Associated Press”).
“Politfm”



