Foto: Getty Images
Avropa İttifaqı Russiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılmayacağını açıqlayıb. Aİ Şurasının prezidenti Antonio Costa ABŞ-nin sanksiyaları müvəqqəti yumşaltmaq qərarını “son dərəcə narahatedici” adlandırıb.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların yumşaldılmayacağını bəyan edib. Avropa Komissiyasından verilən açıqlamada bildirilib ki, neft üçün müəyyən edilmiş qiymət tavanı və digər sanksiyalar qüvvədə qalacaq.
Açıqlamada həmçinin vurğulanıb ki, Moskvanın İrandakı müharibədən qazanc əldə etməsinə icazə verilməyəcək.
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen də bu həftə verdiyi açıqlamada sanksiyaları yumşaltmaq üçün zamanın uyğun olmadığını bildirmişdi.
“Son dərəcə narahatedici”
AB Şurasının prezidenti Antonio Costa ABŞ-nin Rusiya neftinə tətbiq etdiyi sanksiyaları yumşaltmaq qərarını “son dərəcə narahatedici” adlandırıb.
O bildirib ki, bu məsələ Avropanın təhlükəsizliyi ilə bağlıdır, Rusiyaya qarşı iqtisadi təzyiq Putinin ədalətli və davamlı sülh üçün ciddi danışıqlara razı olması baxımından həlledici rol oynayır.
Kosta əlavə edib ki, sanksiyaların yumşaldılması Moskvanın Ukraynaya qarşı müharibəni davam etdirmək üçün daha çox resurs əldə etməsinə səbəb olacaq.
ABŞ-dən 30 günlük icazə
Vaşinqton Iran müharibəsi və Hörmüz boğazının bağlı qalması səbəbindən artan qlobal enerji qiymətlərini sabitləşdirmək üçün Rusiya neftinin alınmasına müvəqqəti icazə verib.
Bu icazə hazırda dənizdəki tankerlərdə olan neft üçün keçərlidir və 30 gün keçərli olacaq.
Avropa Komissiyasının məlumatına görə, İranda müharibə başlayandan sonra neft qiymətlərinin artması nəticəsində Rusiya gündə təxminən 150 milyon dollar əlavə gəlir əldə edir.
Macarıstan və Slovakiya “yox” deyirlər
Avropa ittifaqında bəzi məsələlərdə çoxluğun mövqeyindən fərqli siyasət yürüdən Macsrıstanın xarici işlər naziri Peter Siyarto Brüsseli ABŞ-dən nümunə götürməyə və Rusiya neftinə qarşı sanksiyaları dayandırmağa çağırıb.
Fevralın 24-də – Rusiyanın Ukraynaya hücumunun dördüncü ildönümündə Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiya paketini elan etməliydi. Amma Macsrıstan və Slovakiyanın əks mövqeyi buna mane oldu.
Bu iki ölkə Ukraynadan tələb edir ki, əvvəlcə “Dostluq” boru kəmərini təmir edib Rusiya neftinin nəqlini bərpa etsin.
Zelenski: “Bu, sülhə kömək etmir”
Ukrayna Prezidenti Volodimir Zelenski Fransada səfərdə olarkən ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti yumşaltmaq qərarını tənqid edib.
Zelenski bildirib ki, təkcə bu qərar sayəsində Rusiyanın müharibə büdcəsinə təxminən 10 milyard dollar əlavə vəsait daxil olub.
“Bu, qətiyyən sülhə kömək etmir” – Zelenski Fransa Prezidenti Emmanuel Makronla birlikdə Parisdə keçirdiyi mətbuat konfransında belə deyib.
Ukrayna lideri əlavə edib ki, ABŞ-nin məqsədinin neft qiymətlərini sabitləşdirmək olduğunu başa düşür, amma sanksiyaların yumşaldılması Rusiyanın daha çox dron istehsal etməsinə səbəb olacaq.
Zelenski qeyd edib ki, həmin dronlardan təkcə Ukraynada yox, Yaxın Şərqdə də istifadə olunur və nəticədə ABŞ əsgərlərinə qarşı da istifadə edilə bilər.
“Politfm”



