ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri başa çatdı.
Bu səfər son onilliklər ərzində Vaşinqtonun Cənubi Qafqaza ən yüksək səviyyəli və ən nəticəyönümlü “çıxışıdır”. Səfər sadəcə protokollarla deyil, regionun taleyini dəyişəcək strateji sazişlərlə yadda qaldı.
Prezident İlham Əliyev və Vens arasında keçirilən geniş tərkibli görüşdən sonra üç mühüm sənəd imzalandı:
– “Enerji Diversifikasiyası və Təhlükəsizlik üzrə Birgə Bəyannamə” – bu sənəd Trans-Xəzər boru kəmərinin tikintisinə ABŞ-nin birbaşa siyasi və maliyyə dəstəyini nəzərdə tutur.
– “Yaşıl Dəhliz Texnologiyaları memorandumu” – ABŞ-nin “Tesla” və “NextEra Energy” kimi nəhəngləri Azərbaycanın azad edilmiş ərazilərində (Qarabağda və Şərqi Zəngəzurda) “Ağıllı enerji” infrastrukturuna investisiya yatıracaq.
– “Kiber-təhlükəsizlik və İnnovasiya sazişi” – Azərbaycanın rəqəmsal infrastrukturunun ABŞ standartlarıyla modernləşdirilməsi və birgə data-mərkəzlərin yaradılması nəzərdə tutulur.
Liderlərin mətbuat konfransındakı çıxışları Vaşinqtonun “demokratiya ixracı”ndan “strateji tərəfdaşlıq” modelinə keçdiyini təsdiqlədi.
Vens dedi ki, “Biz bura dərs keçməyə deyil, iş görməyə gəlmişik. Azərbaycanın suverenliyi və enerji müstəqilliyi bizim üçün sadəcə regional məsələ deyil, qlobal təhlükəsizlik faktorudur. Bakı Avrasiyanın mühüm iqtisadi qapısıdır və biz bu qapının möhkəm olmasını istəyirik”.
İlham Əliyevsə ona belə cavab verdi:
“Cənab Vensin səfəri münasibətlərimizdə yeni bir dövrün başlanğıcıdır. Biz artıq sadəcə neft-qaz sahəsində deyil, yüksək texnologiyalar və regional logistika sahəsində strateji müttəfiqik”.
Zəngəzurda “Trump Marşrutu” (TRIPP) və 49 illik Amerika zəmanəti
Vensin səfəri zamanı ən çox müzakirə olunan gizli və rəsmi mövzulardan bəndlərdən biri TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsidir. Bu, faktiki olaraq Zəngəzur dəhlizinin ABŞ-ın birbaşa iştirakıyla reallaşacaq yeni formatıdır:
– Bakıda əldə olunan razılaşmaya əsasən, Ermənistanın Syunik (Zəngəzur) bölgəsindən keçəcək 43 kilometrlik dəmir yolu və magistral yolun tikintisini, o cümlədən idarəetməsini (49 il müddətinə) ABŞ şirkəti həyata keçirəcək.
– Vens bəyan etdi ki, ABŞ Azərbaycana sərhəd təhlükəsizliyini təmin etmək üçün müasir müdafiə avadanlıqları, o cümlədən zirehli jiletlər və hərbi katerlər satacaq. Bu, 907-ci düzəlişin faktiki olaraq arxa plana keçdiyini göstəriir.
– Bu layihə Rusiyanın regiondakı hərbi logistik inhisarına və İranın “şimal qapısı”na alternativ olaraq Vaşinqtonun ən iddialı regional layihəsidir.
Məhbuslar azad ediləcəkmi?
Xarici media orqanlarının, xüsusilə “Radio Free Europe” və “Associated Press” nəşrlərinin diqqət çəkdiyi ən mühüm məqam Vensin İrəvandan Bakıya gələrkən özüylə gətirdiyi “humanitar dosye”dir.
Bakıya yola düşməzdən əvvəl İrəvanda keçirdiyi brifinqdə Vens jurnalistlərin “Məhbuslar məsələsini qaldıracaqsınızmı?” sualına belə cavab vermişdi:
“Bəli, bu məsələ mütləq müzakirə olunacaq. Biz həm Baş nazir Paşinyanla, həm də Prezident Əliyevlə çox yaxşı münasibətlərə malikik və bu, sülh prosesinin ayrılmaz hissəsidir”
Diplomatik mənbələrdən sızan məlumata görə, Vens tərəflər arasında sülhün tam bərpa olunması üçün “etimad quruculuğu” tədbiri olaraq həm erməni əsilli məhbusların (“DQR”-in keçmiş rəhbərləri də daxil olmaqla), həm də bəzi yerli ictimai fəalların azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsi məsələsini Prezident Əliyevlə qapalı görüşdə müzakirə edib.
Qərb mediası yazır ki, Tramp administrasiyası “böyük sövdələşmə”nin tərkib hissəsi kimi bu prosesin baş tutmasını özünün böyük diplomatik uğuru kimi təqdim etmək niyyətindədir.
Bu iki məqam – iqtisadi-strateji dəhliz və humanitar azadlıqlar Vensin səfərində “alver” predmetinin nə qədər çox olduğunu göstərir. Vaşinqton Azərbaycanın strateji əhəmiyyətini qəbul edir, amma bunun müqabilində həm dəhlizdə fiziki iştirak, həm də beynəlxalq imic üçün “insani jestlər” tələb edir.
Vensin Bakı səfəri dünya mediasında
“The Wall Street Journal” (WSJ) nəşri yazır ki, “Vens Bakıda Trampın “Öncə Amerika” siyasətinin enerji ehtiyatları hissəsini reallaşdırıb. ABŞ artıq regionda liberal dəyərlər üzərindən deyil, boru kəmərləri və hərbi logistika üzərindən oyun qurur”.
“Fransanın Ermənistanla bağlı narahatlıqları fonunda Vensin Bakıya səfəri göstərir ki, Vaşinqton Cənubi Qafqazda real güc mərkəzini (Azərbaycanı) seçib. Bu, Avropa üçün gözlənilməz, amma praqmatik bir dönüşdür” – “Le Monde” belə yazır.
“Al Jazeera” isə prosesi belə şərh edir: “Vensin bu addımı İranın şimal sərhədlərində Amerika təsirinin institusionallaşması deməkdir. Vaşinqton həm Rusiya, həm də İrana eyni vaxtda mesaj verir: Cənubi Qafqaz artıq heç kimin şəxsi həyəti deyil”.
Sülhün “Amerika formulu”
Vensin Bakıya səfəri zamanı Ermənistanla sülh sazişi də müzakirə olunub. Məlumata görə, Vens daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyana təqdim etdiyi “İqtisadi sülh paketi”ni Əliyevə də verib. Bu paket Ermənistanın Zəngəzur dəhlizinə və regional ticarətə qoşulması müqabilində genişmiqyaslı Qərb investisiyaları vəd edir.
Qazanan kimdir?
Vensin Bakı missiyası göstərdi ki, 2026-cı ilin geosiyasi reallığında “praqmatizm” anlayışı bütün digərlərini üstələyir. Azərbaycan ABŞ-nin dəstəyilə Orta Dəhlizin liderinə çevrilir, ABŞ isə Avrasiyanın ürəyində etibarlı müttəfiq qazanır.
Moskva baş verənləri “bölgəyə kənar müdaxilə” kimi qiymətləndirsə də, Tramp administrasiyasıyla yaxın münasibətlərinə görə hələlik təmkinli davranır.
Tehran üçün Vensin səfəri “qırmızı xətt”ə yaxınlaşmaqdır. ABŞ-nin Azərbaycanla birbaşa strateji bağlar qurması İranın regional izolyasiya qorxusunu artırır.
Ankara bu yaxınlaşmanı alqışlayır. Çünki ABŞ-Azərbaycan strateji tərəfdaşlığı Orta Dəhlizin və Türkiyənin enerji mərkəzinə çevrilməsi planlarını reallaşdırmağa imkan yaradır.
“Politfm”



