Prezident İlham Əliyevin sərəncamıyla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq – 8,1 faiz indeksləşdirilməklə, bu ilin 1 yanvar tarixindən artırıldı.

Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova xəbəri “Politfm”ə belə şərh edib:

“Artımın manat ifadəsi fərdi pensiyanın məbləğindən asılıdır. Məsələn, 2025-ci ildə orta aylıq pensiya təxminən 537 manat idisə, bu ilin yanvar ayından etibarən 8.1%-lik artımla bu rəqəm təxminən 580.49 manat təşkil edəcək.
İnflyasiya faizilə müqayisədə bu artım real vəziyyətə nə dərəcədə adekvatdır?
Rəsmi statistikaya inansaq, 2025-ci il üzrə illik inflyasiya təxminən 5.7-6% təşkil edib. Buradan belə nəticəyə gəlmək olar ki, nominal pensiya artımı inflyasiyanı üstələdiyi üçün bu artım pensiyaçıların real alıcılıq qabiliyyətini qoruyacaq.
Amma açıqlanan rəsmi inflyasiya rəqəmləri həqiqəti nə dərəcədə əks etdirir?
İnflyasiya orta istehlak səbətinin dəyərinə əsasən hesablanır. Yəni yüzlərlə mal və xidmətin qiymət dəyişimi çəkili ortalamayla hesablanır. Belə hesablama göstərir ki, real inflyasiya rəsmi açıqlamadakı rəqəmdən qat-qat yüksəkdir.
Digər tərəfdən, istehlak səbətinin fərqli olduğunu nəzərdən qaçırmamalıyıq. Pensiyaçılar gəlirlərinin böyük hissəsini ərzağa və dərmanlara xərcləyirlər. Məhz ərzaq, komunal xidmətlər və dərman preparatları digər məhsullara nəzərən daha çox bahalaşırsa, bir pensiyaçının hiss etdiyi inflyasiya rəsmi rəqəmdən xeyli yüksək olacaq. Əgər pensiyaçı pulunu əsasən ərzağa, dərmanlara və kommunal xərclərə sərf edirsəə və bu kateqoriyalarda qiymət yüksəlişi 15-20% və ya daha çoxdursa, o zaman, əlbəttə ki, 8.1%-lik artım real gəlir artımı olmayacaq. Minimum və aşağı pensiya alanlarsa indeksləşmənin təsiri daha az hiss edəcəklər”.

V.Əhmədova xatırladıb ki, Azərbaycanda pensiyalar əməkhaqqının artım tempinə əsasən indeksləşdirilir, amma bu, sosial baxımdan yetərli sayılmır, çünki artımın pensiyaçılar üçün real faydasını inflyasiya göstəriciləri və bazar qiymətlərinin dinamikası müəyyən edir:

“İndeksləşdirmə illik inflyasiya səviyyəsinə uyğun aparılsa, pensiya məbləğinin dəyərsizləşməsinin qarşısı alınar, pensiyaçının sosial rifahı qorunar, sosial ədalət təmin edilər. Orta aylıq əməkhaqqı işləyən əhalinin gəlir dinamikasını göstərir. Bu əməkhaqqı yüksək maaşlı sektorların hesabına arta bilər, amma o, aşağı gəlirli qrupların, o cümlədən də pensiyaçıların real vəziyyətini əks etdirmir. Nəticədə pensiya kağız üzərində artmış olur. Məsələn, əgər orta aylıq əməkhaqqı 8% artıbsa, əsas məhsullarsa 40-50% bahalaşıbsa, bu halda indeksləşmənin real alıcılıq qabiliyyətini qoruduğunu deyə bilmərik”.

“Politfm”