Milli Məclisdə bəzi qanunlarla yanaşı, “İnvestisiya fəaliyyəti haqqında” Qanuna da dəyişikliklər edilməsi müzakirə olunur.

Bu dəyişikliklərdən biri xüsusi maraq doğurur.
Qısa şərh belədir: “Şirkət strateji əhəmiyyət daşıyırsa və fəaliyyəti dövlət və xalq mənafelərinə ziyan vurursa, sahibkarın qoyduğu pul dövlət tərəfindən qaytarılır və şirkət əlindən alınır”.

Göründüyü kimi, bu təklif milli maraqların qorunması arqumentiylə əsaslandırılır, amma, böyük ehtimal, şəxsi maraqlara xidmət edəcək.

Sərmayə qoymazdan əvvəl hər bir investor ölkənin məhkəmə-hüquq sistemini, mülkiyyət hüquqlarının qorunmasını, dövlət müdaxiləsi ehtimalını araşdırır və mövcud reallığa uyğun addım atır. Azərbaycanda məhkəmələrin müstəqilliyi və ədalətliliyilə bağlı beynəlxalq hesabatlar (məsələn, Dünya Bankının “Doing Business” və ya “Transparency International” təşkilatının Korrupsiyanı Qavrama İndeksi) uzun illərdir müəyyən risklərin və çətinliklərin olduğunu göstərir.

Həm bu, həm də digər səbəblərə görə onsuz da Azərbaycan investorlar üçün kifayət qədər cəlbedici deyil. Çoxtərəfli qarantiyası olan bəzi layihələr (məsələn, SOCAR, BP və ya strateji neft-qaz müqavilələri) istisnadır, çünki onlar qoruna bilirlər.

Bundan əlavə, 2020-ci ildən bəri quru sərhədlərin bağlı olması (pandemiya səbəbilə başlayıb hələ də davam edən karantin rejimi) investorlar üçün əlavə çətinlik yaradır. Hakimiyyət rəsmiləri bu qərarı zaman-zaman təhlükəsizliklə və qonşu ölkələrdən gələ biləcək risklərlədə əlaqələndirirlər. Bütün bunların ortaya yaratdığı reallıqsa budur ki, Azərbaycan xarici investorlar üçün əlverişli ölkə deyil. Əksinə, yüksək riskli zona kimi qiymətləndirilmə ehtimalı kifayət qədər böyükdür.

Təklif edilən dəyişikliklər qəbul olunarsa, ortaya hansı nəticələr çıxacaq?
Yerli sahibkarlar konpensasiya alaraq (ən yaxşı halda) öz şirkətlərini təhvil verməli olacaqlar və şirkətlər əl dəyişdirdikcə, sadə vətəndaşlar iş yerlərini itirəcəklər.
Xarici investorlar ölkəni ya tərk edəcəklər, ya da yeni investisiyalardan imtina edəcəklər.

Yerli biznes daha çox xaricə (Türkiyəyə, Gürcüstana, BƏƏ-yə, Qazaxstana) yönələcək və bu hal ölkədən kapital axınını artıracaq.

Ölkədəki ağır sosial-iqtisadi vəziyyət zamanla daha da ağırlaşacaq. İnflyasiya və işsizlik artacaq.

Milli maraqların qorunması adı altında təklif olunan dəyişikliklərin arxasında şəxsi maraqlar dayanır. Bu, ölkədə hər şeyin bir əldə cəmlənməsi prosesinin yekunudur. Əvvəllər də biznesə qeyri-rəsmi yollarla (vergi yoxlamaları, məhkəmə qərarları və ya idarəetmə dəyişiklikləri vasitəsilə) dövlət müdaxiləsi baş verirdi. İndi bu hal rəsmiləşdirilir, daha “şəffaf” və eyni zamanda daha geniş tətbiq oluna bilən formaya salınır.

Milli Məclis dəyişiklikləri təsdiqləyərsə, bu, ölkənin ağır iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq – maddi problemlər içində boğulan insanların həyatı daha da şətinləşəcək.

Ona görə də nə qədər gec deyil, hakimiyyət bu fikirdən daşınmalıdır.

“Politfm”