ABŞ-nin müdafiə naziri Pit Heqset Senatın Təxsisatlar Komitəsində çıxış edir; Vaşinqton, 21 iyul 2026 (foto:”Reuters”)

 

ABŞ-nin müdafiə naziri Pit Heqset dünən, iyulun 21-də Senatın Təxsisatlar Komitəsində çıxış edərək İranla münaqişəyə indiyədək 37.5 milyard dollar xərcləndiyini açıqlayıb. Şiddətli zərbələrin bərpa olunduğu günlərdə Tramp administrasiyası təcili surətdə qanunvericilərdən əlavə büdcə istəyir (“Reuters”).

Aralıq seçkilərinə cəmi altı ay qalmış Vaşinqtonda siyasi gərginlik pik həddə çatıb. İctimai rəy sorğularında önə çıxan demokratlar cəmiyyət arasında populyar olmayan İran müharibəsini ölkədəki bahalaşmayla əlaqələndirməyə çalışırlar. Bu, Prezident Donald Trampın seçkilərdə Respublikaçılar Partiyasının Nümayəndələr Palatası və Senatdakı cüzi üstünlüyünü qoruyub saxlamasını çətinləşdirir.

Qanunvericilər xərclərin qeyri-müəyyənliyini tənqid edirlər

Vaşinqtonda keçirilən dinləmələrdə Heqset bildirib ki, 37.5 milyard dollarlıq məbləğə müharibənin cari xərcləri ilə yanaşı, sentyabrın 30-na qədər nəzərdə tutulan maliyyələşmə də daxildir.

Lakin Pentaqonun bu hesablama metodologiyası tam aydın deyil. Mart ayında Tramp administrasiyasının daxili hesablamalarına istinadən bildirilmişdi ki, müharibənin ilk altı günü 11.3 milyard dollara başa gəlib.

Tramp ötən ay Konqresdən əsas hissəsi İran münaqişəsinə yönəldiləcək 90 milyard dollarlıq əlavə büdcə istəyib. ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələri endirməyə başlayandan bəri hər iki partiyanın qanunvericiləri administrasiyanı məlumat verməməkdə tənqid edirlər.

Demokrat senator Patti Murrey bildirib ki, prezident İranı gərginliyi artırmaqla hədələyir və bunun sonu görünməyən başqa bir müharibəyə çevrilməsi ehtimalını yaradır.
Digər demokrat senator Kirsten Gillibrandsa deyib ki, “İnsanların sizdən narazı olmasının əsas səbəbi bəyanatların real addımlarla üst-üstə düşməməsidir. Ortada aydınlıq yoxdur – bu müharibə bitib, yoxsa, yox” .

Respublikaçıların Konqresdəki üstünlüyü sayca çox az olduğuna görə maliyyələşməylə bağlı qanun layihələrinin qəbul edilməsi üçün demokratların dəstəyi mütləqdir.

Hərbi büdcə təzyiq altındadır

İranla müharibə Müdafiə Nazirliyinin təxminən 1 trilyon dollarlıq illik büdcəsinə ciddi təzyiq yaradıb.
Heqset xəbərdarlıq edib ki, təcili maliyyə artımı təsdiqlənməsə, Pentaqon hərbi təlimləri azaltmağa məcbur olacaq. O, qanunvericiləri təkcə əlavə vəsaiti yox, həm də 2027-ci il üçün nəzərdə tutulan 1.5 trilyon dollarlıq rekord büdcə tələbini təsdiqləməyə çağırıb: “Müdafiə Nazirliyini lazımi səviyyədə maliyyələşdirməmək xalqımızın üzləşdiyi ən böyük təhlükədir”.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynsə bildirib ki, hərbi qulluqçuların maaşları təmin edilsə də, texniki xidmət xərclərinə və gələcək hərbi sərmayə qoyuluşlarında ciddi çətinliklər yaranacaq.

ABŞ-nin itkiləri artır

ABŞ və İran arasında kövrək atəşkəs pozulandan sonra tərəflər qarşılıqlı gündəlik zərbələri davam etdirirlər. Münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə yüksəlib, 430-a yaxın əsgər yaralanıb. İyulun 7-dən bəri yaralanan 100 hərbi qulluqçunun 96%-i artıq xidmətə qayıdıb.

Çərşənbə axşamı Tramp İranda enerji stansiyaları, körpülər, Xark adasındakı strateji neft qovşağı və “Külüng Dağı” yeraltı nüvə obyektinin sıradan çıxaracağını bəyan edib.

“Politfm”