Foto: internet
Mərkəzi Bankın açıqladığı son məlumata görə əhalinin banklara olan borcu 19 milyard 197 milyon manat təşkil edir.
Bəzən hökumət sözçüləri bu rəqəmləri “iqtisadi canlanma” kimi təqdim etsə də, müstəqil ekspertlər sosial vəziyyətin ağırlığına diqqət çəkirlər. Belə ki, vətəndaş üçün kreditin artıq bir seçim deyil, yaşayışın davam etdirilməsi üçün bir alət olduğunu bildirirlər.
Qiymətlər artdıqca, aylıq əməkhaqqı əsas xərcləri ödəməyə kifayət etmir və bu boşluğu doldurmaq üçün insanlar istehlak kreditlərinə üz tuturlar. Təcili tibbi müdaxilə və ya digər fors-major hallarda yığımın olmaması vətəndaşı bankdan asılı vəziyyətə salır.
Bəzi ekspertlər hesab edir ki, vəziyyəti daha da pisləşdirən, vətəndaşların bir qisminin “krediti kreditlə bağlamaq” mərhələsinə keçməsidir. Bu, ən təhlükəli məqamdır. Bir banka olan borcu ödəmək üçün digərindən daha yüksək faizlə pul götürmək, sosial gərginliyi artırır və ailə büdcəsini tamamilə çökdürür.
Araşdırmalar göstərir ki, götürülən kreditlərin əksər hissəsi rifah üçün deyil, ehtiyac üçün götürülür. Əgər vətəndaşın qazancının 50 faizdən çoxu banka gedirsə, bu artıq həmin şəxs üçün sosial yoxsulluq həddi deməkdir. Rəqəmlər onu deməyə əsas verir ki, kredit asılılığı struktur xarakter alıb.
Bu vəziyyətdə dövlətin dəstəyi nədən ibarət olmalıdır?
İqtisadçı ekspertlərin fikrincə dövlətin bu vəziyyətdə müdaxiləsi həm vətəndaşı qorumaq, həm də bank sisteminin çökməsinin qarşısını almaq üçün balanslaşdırılmış olmalıdır.
Mərkəzi Bank kommersiya banklarının istehlak kreditləri üçün tətbiq etdiyi faiz dərəcələrinə “yuxarı hədd” qoya bilər. Faizlərin aşağı salınması vətəndaşın aylıq ödəniş yükünü azalda bilər.
Başqa bir tövsiyyə bundan ibarətdir ki, dövlət banklara göstəriş versin, yaxud təşviq etsin ki, banklar ödəniş çətinliyi çəkən vətəndaşların problemini yenidən nəzərdən keçirsin. Aylıq ödənişi azaltmaq üçün kredit müddətinin uzadılması, yığılmış cərimə və dəbbə pullarının silinməsi, işini və sağlamlığını itirmiş şəxslərə 3-6 aylıq ödənişsiz dövrün verilməsi reallaşdırıla bilər.
Bir çox mütəxəssislərin təklifi bundan ibarətdir ki, sosial həssas təbəqələr üçün dövlət büdcəsi hesabına borcların bir hissəsinin silinməsi, vətəndaşa ciddi dəstək təmin edər.
Bir çox ölkələrdə vətəndaşın özünü müflis elan etmə hüququ var. Əgər vətəndaşın borcu ödəməyə heç bir imkanı yoxdursa, məhkəmə yoluyla borcun dondurulması mexamizmi işə düşməlidir. Bəzi ekspertlər Azərbaycanda bu qanunun qəbul edilməsinin mühüm addım ola biləcəyini bildirirlər.
Əsas yanaşma bundan ibarətdir ki, dövlətin strategiyası kreditə olan ehtiyacı kökündən azaltmağa, maliyyə savadlılığını (vətəndaşa kredit götürərkən riskləri düzgün hesablamağı öyrətmək) təşviq etməyə, mənzil ehtiyaclarını kommersiya kreditləri ilə deyil, güzəştli dövlət xəttiylə həll edilməsinə nail olmağa yönəlməlidir.
Dövlətin ən böyük dəstəyi bank sistemini deyil, vətəndaşın alıcılıq qabiliyyətini gücləndirmək olmalıdır. Problemli kreditlərin artmaması üçün isə mütləq “borcluların müdafiəsi” mexanizmi işə düşməlidir.
İlham Hüseyn



