Foto: internet
Avqustun 1-dən etibarən Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit tətbiq olunur. Yeni qaydalara əsasən, kart sahibləri gün ərzində maksimum 5 dəfə və ay ərzində ümumilikdə 20 min manat həcmində kartdan-karta pul köçürməsi edə biləcəklər.
Yeni məhdudiyyətlər rəsmi olaraq maliyyə fırıldaqları və vergidən yayınma risklərinin (kölgə iqtisadiyyatının) azaldılması ilə əsaslandırılır. Ekspertlərsə qərarın vətəndaşları nağd ödənişlərə yönəldə, xeyriyyə kampaniyaları və kiçik sahibkarlar üçün çətinliklər yarada biləcəyini bildirirlər.
Limitlər eyni zamanda ödəniş kartlarının və elektron pul hesablarının sayına da şamil edilir. Yeni qaydalara əsasən, hər şəxs manatla maksimum 2 elektron pul qabından, hər bir xarici valyuta üzrə isə 1 elektron pul qabından istifadə edə biləcək. Həmçinin banklar və elektron pul təşkilatları müştərilərinin adına bağlı olan hesabların hər biri üzrə yalnız bir kart təqdim edə biləcəklər.
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) açıqlamasına görə, bu dəyişikliklərin məqsədi bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini azaltmaqdır.
ABA-nın açıqlamasında qeyd olunur ki, yanaşma risk əsaslıdır və müştərilərin normal xarakterli mədaxil əməliyyatlarının məhdudlaşdırılmasını nəzərdə tutmur.
Məlumata görə, bəzi hallarda limitdən azadolmalar nəzərdə tutulur. Bu istisnalar müştərilərin öz hesabları və yaxın qohumlarına aid hesablara tətbiq olunmayacaq. Eyni zamanda, limitin aradan qaldırılmasını istəyən müştəri əməliyyatları barədə zəruri məlumatları təqdim etməlidir. Onun riskli müştəri olub-olmaması araşdırıldıqdan sonra limit ləğv edilə bilər. Bundan əlavə, belə kart istifadəçiləri əlavə ödəniş kartları ilə təmin oluna bilərlər.
“Bu yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq, onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən POS-terminal infrastrukturu və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə etməyə davam edəcəklər” – ABA-nın açıqlamasında belə deyilir.
Kimlərə çətin olacaq?
Yeni qaydalar ilk növbədə yüksək sayda kart köçürməsi həyata keçirən istifadəçilərə təsir göstərəcək. Bura kiçik sahibkarlar, sosial şəbəkələr üzərindən satış edən şəxslər, müxtəlif xidmətlər göstərən fərdi sahibkarlar, eləcə də kart vasitəsilə ianə toplayan xeyriyyə təşəbbüsləri daxildir. Gündəlik əməliyyat sayı və aylıq məbləğ limiti həmin istifadəçilərin ödəniş mexanizmlərini yenidən qurmasını zəruri edə bilər.
Digər tərəfdən, yeni məhdudiyyətlərin nağdsız ödənişlərin həcminə təsir göstərə biləcəyi də istisna edilmir. Limiti aşan istifadəçilər ödənişlərin bir hissəsini nağd formada həyata keçirməyə üstünlük verə bilərlər. Bu isə son illər nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətin effektivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirə bilər.
Qərarın tətbiqi həm də bank sektorunda riskəsaslı nəzarət mexanizmlərinin praktikada necə işləyəcəyini göstərəcək. Qaydalara əsasən, limitlər bütün istifadəçilər üçün dəyişməz deyil. Əməliyyatların iqtisadi mahiyyəti əsaslandırıldığı və müştərinin risk profili uyğun qiymətləndirildiyi hallarda məhdudiyyətlərin aradan qaldırılması mümkündür. Bununla belə, bu mexanizmin praktikada nə dərəcədə operativ və əlçatan olacağı yeni qaydaların tətbiqindən sonra məlum olacaq.
Yeni məhdudiyyətlər həm də rəqəmsal ödəniş sistemləri ilə maliyyə nəzarəti arasında balans məsələsini yenidən aktuallaşdırır. Bir tərəfdən maliyyə fırıldaqları, qanunsuz dövriyyə və vergidən yayınma risklərinin azaldılması məqsədi ön plana çəkilir. İctimai rəydə isə məhdudiyyətlərin gündəlik maliyyə əməliyyatlarına, kiçik biznesə və sosial təşəbbüslərə mənfi təsir göstərəcəyi vurğulanır.
Kölgə iqtisadiyyatı aradan qalxacaqmı?
Mütəxəssislər bildirirlər ki, kartdan-karta köçürmələrə limit tətbiq etməklə kölgə iqtisadiyyatını aradan qaldırmaq mümkün deyil. Bu tip məhdudiyyətlər yalnız qismən riskli əməliyyatların qarşısını ala bilər, amma kögə iqtisadiyyatınnın əsas səbəblərinə təsir edə bilməz. Əksinə, vergidən yayındırılan vəsaitlərin yenidən nağd dövriyyəyə yönəlməsi ehtimalını da artıra bilər.
İqtisadçıların qənaətinə görə, bu sahədə daha effektiv nəticə üçün gəlirlərin şəffaf uçotu, risk əsaslı nəzarət mexanizmləri və rəqəmsal monitorinq sistemlərinin gücləndirilməsi daha vacibdir.
“Politfm”



