Foto:”quantic69″/”iStockphoto”
Hörmüz boğazı gələn ilin yazına qədər bağlı qalsa, Böyük Britaniyanın iqtisadiyyatı üçün resessiya riski yarana bilər.
Bu barədə “The Guardian” məlumat yayıb.
Nəşr iqtisadçıların xəbərdarlığına istinadən yazır ki, Yaxın Şərqdəki münaqişə davam edərsə və 2027-ci ilin ilk altı ayında iqtisadiyyatda ardıcıl iki rüb mənfi artım qeydə alınarsa, ölkə iqtisadiyyatı il ərzində 0,2 faiz kiçilə bilər.
EY şirkətinin son iqtisadi proqnozuna əsasən, ilin sonunadək inflyasiyanın iki dəfədən çox artaraq 6,4 faizə yüksələcəyi gözlənilir. Qiymət artımındakı bu kəskin sürətlənmənin nəticədə iqtisadi daralmaya səbəb olacağı ehtimal edilir.
Geosiyasi gərginlik və neft bazarı
ABŞ və İran arasında yenidən başlayan hərbi əməliyyatlar dünya neft və qaz daşımalarının təxminən 20 faizinin keçdiyi bu strateji su yolunun yaxın gələcəkdə də bağlı qalacağı ilə bağlı narahatlıqları artırıb.
ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İranla razılaşmanın əsas çərçivələri, o cümlədən Hörmüz boğazının dərhal açılması şərti razılaşdırıldıqdan sonra yeni hava zərbələrini təxirə salıb. Lakin İran tərəfi belə bir razılaşmanın əldə olunduğunu təsdiqləməyib.
Gərginliyin artması fonunda neftin qiyməti may ayından bəri ilk dəfə olaraq 100 dollara (75 funt sterlinqə) yüksəlib.
Sürətlənən inflyasiyanın səbəb ola biləcəyi resessiya yaşayış xərclərinin azaldılmasını əsas prioritetlərindən biri elan edən yeni Baş nazir Endi Börnhem üçün də ciddi sınaq olacaq.
Bərpa, yoxsa kəskin geriləmə?
EY iqtisadçıları bildirirlər ki, Böyük Britaniya iqtisadiyyatı Yaxın Şərqdəki münaqişə fonunda müəyyən dayanıqlıq nümayiş etdirib. Lakin onların fikrincə, “uzunmüddətli enerji qiymətləri böhranı” iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər.
Proqnoza görə, Hörmüz boğazı sentyabrın sonunadək açılarsa, inflyasiya hazırkı 2,6 faizdən 3,5 faizə yüksələcək. Daha sonra iqtisadi artımın 2026-cı ildə 0,9 faiz, 2027-ci ildə isə 1,2 faiz təşkil edəcəyi gözlənilir.
Bu ssenaridə İngiltərə Bankının gələn il faiz dərəcələrini iki dəfə azaldaraq 3,25 faizə endirəcəyi ehtimal olunur.
Lakin Hörmüz boğazının 2027-ci ilin əvvəlinədək və ya ortalarınadək bağlı qalması, yəni İranla münaqişənin başlanmasından sonra ən azı bir il fəaliyyət göstərməməsi halında inflyasiya 6,4 faizə çata bilər.
Bu ssenari cari ildə iqtisadi artım tempinin 0,5 faizə qədər zəifləməsinə, 2027-ci ildə isə iqtisadiyyatın 0,2 faiz kiçilməsinə səbəb ola bilər.
Böyük Britaniyada inflyasiya daha əvvəl 2023-cü ilin sentyabrında yüksəlmiş (6,7 faiz), bir il əvvəlsə 11,1 faizlə pik həddə çatmışdı.
“Böyük Britaniya iqtisadiyyatı texnologiya və xidmət sahələrinə yönələcək”
EY şirkətinin Böyük Britaniya üzrə baş iqtisadçısı Piter Arnold mövcud vəziyyəti belə qiymətləndirib:
“Böyük Britaniya iqtisadiyyatı bu il bir çoxlarının gözlədiyindən daha dayanıqlı oldu. Neft qiymətləri münaqişədən əvvəlki səviyyələrə doğru enməyə başlamışdı. Biznes və istehlakçı inamında azalma müşahidə olunsa da, bu geriləmə 2022-ci ildəki enerji böhranının yaratdığı şokla müqayisədə daha zəifdir.
Qlobal enerji bazarlarında davam edən böhran artıq iqtisadiyyatın bu dayanıqlığını sınağa çəkməyə başlayacaq. Əgər Hörmüz boğazı qarşıdakı aylarda yenidən açılarsa, Böyük Britaniyanın daha kəskin iqtisadi geriləmədən yayınacağını gözləyirik. Lakin boğazın 2027-ci ilədək bağlı qalması inflyasiyanı artıracaq və gələn il iqtisadiyyatın kiçilməsinə səbəb ola bilər”.
Arnold əlavə edib ki, tikinti sektorunda davam edən zəifləmə fonunda iqtisadiyyat daha çox texnologiya və xidmət sahələrinə yönələcək:
“Artan layihə xərcləri, davam edən işçi qüvvəsi çatışmazlığı və məhsuldarlıq artımının zəif olması tələbatın yüksək olduğu bir dövrdə iri infrastruktur layihələrinin həyata keçirilməsini məhdudlaşdıra bilər. Böyük Britaniyanın həm ümumi iqtisadi artımı dəstəkləməsi, həm də infrastruktur hədəflərinə çatması üçün bu sektorda məhsuldarlığın artırılması mühüm əhəmiyyət daşıyır”.
Əmək bazarında da vəziyyət mürəkkəbdir
İqtisadçılar işsizlik səviyyəsinin ilin sonunadək cüzi artaraq 5,3 faizə çatacağını, növbəti iki il ərzində isə yenidən azalacağını proqnozlaşdırırlar.
“Indeed” işə qəbul platformasının məlumatları da əmək bazarında təzyiqin artdığını göstərir. İş elanlarının sayı ilin əvvəlindən etibarən 13 faiz azalıb. Yay mövsümü üçün nəzərdə tutulan müvəqqəti iş imkanları son dörd ilin ən aşağı səviyyəsinə enib.
Məzunlar üçün nəzərdə tutulan vakansiyaların sayı pandemiyadan sonra ən aşağı göstəricilərdən birinə düşüb. Əməkhaqqı artımı 3,9 faiz təşkil edib. Bu, 2022-ci ilin fevralından bəri ən zəif illik artımdır.
İş elanlarının 9,4 faizində, yəni təxminən hər 10 vakansiyadan birində süni intellekt (AI) texnologiyalarına istinad edilir.
“Indeed” şirkətinin əmək bazarı üzrə eksperti Cek Kennedi vəziyyəti belə şərh edib:
“Böyük Britaniyanın əmək bazarı davamlı təzyiq altındadır. İqtisadiyyatın əksər sahələrində işəgötürmə tələbi zəifləyir, elan olunan əməkhaqqı artımı isə tədricən yavaşlayır. Bu vəziyyət xüsusilə də əmək bazarına ilk addımlarını atan məzunlar və gənc işçilər üçün ciddi çətinlik yaradır”.
“Politfm”



