Radar sistemləri, raket və digər hərbi texnika üçün mikroelektronika və radiotezlik komponentləri istehsal edən “İskra” zavodu; Ulyanovck, 25 sentyabr 2026 (foto: “Exilenova+”)
Ukrayna və Rusiya sentyabrın 25-nə keçən gecə genişmiqyaslı qarşılıqlı dron hücumları həyata keçiriblər. Rusiyanın Perm və Rostov vilayətlərindəki neft emalı müəssisələri, Ulyanovskdakı hərbi sənaye zavodu və Voronejdəki istehsal obyektləri vurulub. Rusiya isə Ukraynaya 295 dron buraxıb.
Rusiyanın hava hücumları
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya sentyabrın 24-ü axşam saatlarından başlayaraq ölkəyə 295 dron buraxıb. Onların arasında “Şahed”lər, 52 reaktiv mühərrikli dron, “Gerbera”, “Banderol/Dan-T” və “Parodiya” tipli aldadıcı hədəflər olub.
Ukrayna HHM qüvvələri 267 dronun vurulduğunu və ya radioelektron vasitələrlə zərərsizləşdirildiyini bildirib. Dronların 16 məntəqədə hədəfə dəydiyi, daha dörd yerdə qalıqların düşdüyü açıqlanıb. Səhər saatlarında hücum hələ davam etdiyi üçün bu rəqəmlərin ilkin olduğu vurğulanıb (“Ukrainska Pravda”).
Kiyevin Solomyanski və Podilski rayonlarında yaşayış və qeyri-yaşayış binaları zədələnib, bir nəfər yaralanıb. Daha sonra dronlardan biri Peçerski rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci–onuncu mərtəbələri səviyyəsində binaya çırpılıb (“Ukrinform”).
Kiyev vilayətinin Borispol rayonunda ağac emalı müəssisəsində yanğın başlayıb. Brovarı rayonunda anbar, Obuxov rayonunda isə üç ev və dörd avtomobil zədələnib. Vilayət üzrə ölən və yaralanan olmadığı bildirilib.
Bundan bir gün əvvəl – sentyabrın 24-nə keçən gecə Rusiyanın raket və dron hücumu nəticəsində Kiyevdə iki nəfər ölmüş, doqquz nəfər yaralanmışdı. Həmin hücum zamanı təxminən 90 obyekt, o cümlədən tibb və təhsil müəssisələri ilə 50-yə yaxın avtomobil zədələnmişdi.
Ukraynanın hava hücumları
Rusiya Müdafiə Nazirliyi gecə ərzində 592 Ukrayna dronunun vurulduğunu iddia edib. Nazirliyin açıqlamasında Moskva da daxil olmaqla, 20-yə yaxın regionun, ilhaq olunmuş Krımın və Qara dəniz akvatoriyasının hücuma məruz qaldığı bildirilib (“İnterfaks”).
Rostov vilayətinin qubernatoru Yuri Slyusar Novoşaxtinsk Neft Məhsulları Zavodunun zədələndiyini və fəaliyyətini müvəqqəti dayandırdığını təsdiqləyib. Onun sözlərinə görə, müəssisədə xəsarət alan olmayıb. Zavod Rusiyanın cənubundakı əsas yanacaq istehsalçılarından biridir.
Perm diyarının rəhbərliyi “sənaye obyektinin” vurulduğunu açıqlayıb. Yerli görüntülər və OSINT təhlilləri hədəfin Rusiyanın ən böyük neft emalı müəssisələrindən biri olan “Lukoyl–Permnefteorqsintez” zavodu olduğunu göstərir. Zavod ildə 13 milyon tondan çox neft emal edir, benzin, dizel və reaktiv təyyarə yanacağı istehsal edir. Hücum nəticəsində qəlpə yarası alan bir nəfərin öldüyü bildirilib (“Meduza”).
Ulyanovskda vilayət rəhbərliyi sənaye və mülki infrastrukturun zədələndiyini təsdiqləyib. Monitorinq kanalları və OSINT araşdırmaçıları vurulan obyektin “Almaz-Antey” konserninə daxil olan “İskra” elmi-istehsalat müəssisəsi olduğunu müəyyənləşdiriblər. Zavod radar sistemləri, raket və digər hərbi texnika üçün mikroelektronika və radiotezlik komponentləri istehsal edir. Hücum zamanı ikisi uşaq olmaqla, səkkiz nəfər yaralanıb (“İnterfaks”).
Voronejdə isə 13 nəfər, o cümlədən altı yaşlı uşaq yaralanıb; iki nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Yerli hakimiyyət yaşayış evlərinin, avtomobillərin və istehsal binalarının zədələndiyini açıqlayıb. OSINT araşdırmaçıları hədəflərdən birinin sintetik kauçuk istehsal edən “Voronejsintezkauçuk” müəssisəsi olduğunu bildirirlər (RBK).
Ukrayna tərəfi xəbər dərc edilənədək Rusiya ərazisində vurulan bu obyektlərlə bağlı rəsmi açıqlama yaymayıb.
Zelenskinin Nyu-York görüşləri
Volodimir Zelenski BMT Baş Assambleyası çərçivəsində keçirdiyi görüşlərdə əsas diqqəti hava hücumundan müdafiəyə, qışa hazırlığa və Rusiyaya qarşı təzyiqin artırılmasına yönəldib (Ukrayna Prezidentinin Ofisi).
ABŞ Prezidenti Donald Trampla görüşdə müharibənin qışadək başa çatdırılması üçün mümkün deeskalasiya addımları, Ukraynanın qış üçün HHM paketi və “Patriot” raketlərinin Ukraynada istehsalına başlanması müzakirə olunub.
Fransa Prezidenti Emmanuel Makronla əlavə SAMP/T sistemləri və raketlərin alınması, bu sistemlərin Ukraynada istehsalı və birgə FREYJA raketdən müdafiə proqramı barədə danışılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dənizdə təhlükəsizlik, dəniz ixrac dəhlizinin bərpası, azad ticarət və mümkün dron sazişi müzakirə edilib. Zelenski bildirib ki, Rusiya Ukrayna infrastrukturuna hücumları dayandırarsa, Kiyev də uzaqmənzilli cavab zərbələrini qarşılıqlı qaydada dayandıra bilər.
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe ilə görüşdə enerji infrastrukturunun qışda qorunması və HHM sistemlərinin gücləndirilməsi əsas mövzu olub. Ukrayna ilə Finlandiya arasında birgə istehsalı və texnologiya mübadiləsini nəzərdə tutan dron sazişi imzalanıb.
Avstraliyanın baş naziri Entoni Albaneze ilə iki ölkə arasında uzunmüddətli təhlükəsizlik sazişi imzalanıb. Avstraliya Ukraynaya yeni yardım paketi və Rusiyanın “kölgə donanması”na qarşı əlavə sanksiyalar elan edib. Niderland və Böyük Britaniya rəhbərləri ilə danışıqlarda isə Ukraynanın qış mövsümünə hazırlığı və hava hücumundan müdafiənin gücləndirilməsi müzakirə olunub. NATO-nun baş katibi Mark Rütte ilə görüşün əsas mövzusu Ukrayna üçün əlavə “Patriot” raketlərinin təmin edilməsi olub.
“Politfm”



