Nyu-York, 24 sentyabr 2026 (foto: AP)
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında ölkəsinin İranda, Qəzzada və regionun başqa ölkələrində həyata keçirdiyi hərbi əməliyyatları müdafiə edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Nyu-York meri Zohran Mamdanini və İsraili tənqid edən Qərb ölkələrini kəskin tənqid edib.
Netanyahu kürsüyə yaxınlaşanda onlarla ölkənin nümayəndəsi etiraz əlaməti olaraq zalı tərk edib. Baş naziri çıxışına onlara müraciətlə başlayıb:
“Zalı hələ tərk etməyən başqa mənəvi qorxaqlar varsa, qoy indidən çıxsınlar”.
Netanyahu çıxış boyu bir neçə dəfə “Biz qalib gələcəyik. Başqa yolumuz yoxdur” deyib.
“Əsrin ən böyük yalanı”
Netanyahu İsrailin Qəzzada soyqırımı törətməsi barədə deyilənləri “əsrin ən böyük yalanı” adlandırıb. Onun sözlərinə görə, İsrail mülki əhaliyə əvvəlcədən xəbərdarlıq edib, humanitar yardımın və peyvəndlərin bölgəyə çatdırılmasına imkan yaradıb.
Baş nazir mülki əhali arasında böyük itkilərə görə HƏMAS-ı günahlandırıb. O bildirib ki, təşkilat yaşayış məntəqələrindən, məktəblərdən, xəstəxanalardan və məscidlərdən hərbi məqsədlərlə istifadə edib.
Netanyahu İordan çayının işğal altındakı qərb sahilində israilli sakinlərin fələstinlilərə qarşı zorakılığının miqyasını kiçiltməyə çalışıb. Bu hadisələri təxminən 150 nəfərlik bir qrupun əməlləri kimi təqdim edib. O, həmin şəxsləri “bir ovuc gənc cinayətkar” adlandırıb.
Baş nazir Britaniya və Fransanı da tənqid edib:
“İsraili müstəmləkəçilikdə ittiham edənlər arasında Britaniya və Fransa da var. Halbuki bu anlayışın müəllifi elə onlar özləridir”.
“Ərdoğan tirandır”
Netanyahu Türkiyəni İsrail əleyhinə və antisemitizmə əsaslı yalanlar yaymaqda günahlandırıb. Ərdoğanı “tiran” adlandırıb. Onu HƏMAS rəhbərlərini qəbul etməkdə, kürdlərə qarşı zorakılıqda, jurnalistləri və müxalifət nümayəndələrini həbs etdirməkdə ittiham edib.
Baş nazir Türkiyənin Kipr, Yunanıstan və Suriya siyasətinə də toxunub.
Türkiyə prezidenti BMT-də iki gün əvvəl – sentyabrın 22-də çıxış etmişdi. O, Mahmud Abbasın ikinci ildir Baş Assambleyanın iclasında iştirak edə bilməməsini ədalətsizlik adlandırmış, bunun insanların vicdanını yaraladığını demişdi.
Ərdoğan Qəzzanı “dünyanın ən böyük uşaq qəbiristanlığı” adlandırıb. O, İsrailə təzyiqin artırılmasını və paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını istəyib.
Netanyahunun ittihamlarına Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Burhanəddin Duran cavab verib. Duran bildirib ki, BMT kürsüsündən Türkiyə və Ərdoğan haqqında əsassız ittihamlar səsləndirilməsi bu təşkilatın sülh, hüquq və dialoq prinsipləri ilə uzlaşmır.
Onun sözlərinə görə, Netanyahunun dedikləri Qəzzadakı humanitar fəlakəti, qətlləri və İsrail baş naziri barəsində beynəlxalq hüquq çərçivəsində gedən prosesləri ört-basdır edə bilməz.
Mamdaniyə qarşı antisemitizm ittihamı
Netanyahu çıxışında Nyu-York meri Zohran Mamdanini də tənqid edib. O, Mamdanini antisemitizmdə və HƏMAS tərəfdarları ilə yaxın əlaqələrdə günahlandırıb. Mamdani bu ittihamları rədd edir.
“O, mer seçiləndən bəri çox sayda yəhudi Nyu-Yorkda özünü təhlükəsiz hiss etmir” – Netanyahu belə deyib.
Mamdani baş nazirin əsassız iddiaları bu dəfə BMT kürsüsündən təkrarladığını və bununla fələstinlilərə qarşı apardığı siyasəti təmizə çıxarmağa çalışdığını bildirib. O, Netanyahu barəsində Beynəlxalq Cinayət Məhkəsinin həbs qərarı olduğunu da xatırladıb.
Seçki kampaniyası zamanı Mamdani demişdi ki, Netanyahu Nyu-Yorka gələrsə, onun həbsinə çalışacaq. Amma sonradan meriyanın belə bir qərarı müstəqil şəkildə icra etmək səlahiyyətinin olmadığını bildirmişdi.
Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü ilin noyabrında Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarıb. Məhkəmə onların aclıqdan müharibə üsulu kimi istifadə, qətl, təqib və başqa cinayətlərə görə məsuliyyət daşıdığına inanmaq üçün əsaslar olduğunu açıqlayıb. İsrail ittihamları və məhkəmənin səlahiyyətini qəbul etmir.
Mahmud Abbas: Fələstin xalqının mövcudluğu təhlükə altındadır
Fələstin Prezidenti Mahmud Abbas həmin gün BMT-yə əvvəlcədən yazılmış videomüraciətlə çıxış edib. ABŞ ona və Fələstin nümayəndə heyətinə viza vermədiyi üçün Abbas Nyu-Yorka gedə bilməyib.
O bildirib ki, Qəzzada mülki əhali qətllər, aclıq, dağıntı və məcburi köçürülmə ilə üzləşib. Abbas İsrailin hərbi əməliyyatlarını “soyqırımı müharibəsi” adlandırıb.
Fələstin prezidenti deyib ki, İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsi və Şərqi Qüdsün bölgənin qalan hissəsindən ayrılması artıq yalnız gələcək Fələstin dövlətinə yox, fələstinlilərin öz torpaqlarında yaşamasına da təhlükə yaradır.
Abbas eyni zamanda mülki şəxslərə qarşı hücumları, terroru, antisemitizmi və dini ayrı-seçkiliyi tənqid edib. Onun təqdim etdiyi siyasi modeldə Fələstinin bütün ərazisini vahid hökumət idarə etməli, silah yalnız qanuni hakimiyyətin əlində olmalıdır. O, İsraillə yanaşı mövcud olacaq silahsızlaşdırılmış Fələstin dövlətinin qurulmasını müdafiə edib.
BMT çıxışında seçki hədəfləri
Netanyahunun çıxışı həm də daxili siyasətə hesablanıb. İsraildə parlament seçkisi oktyabrın 27-də keçiriləcək. Səsverməyə beş həftədən az qaldığı bir dövrdə sorğular Netanyahunun rəhbərlik etdiyi blokun rəqiblərindən geri qaldığını göstərir.
Təxminən 40 dəqiqə davam edən çıxış İsrailin dörd əsas televiziya kanalında canlı yayımlanıb. Netanyahu Nyu-Yorka gəlməzdən əvvəl hökumət Manhettendə İsrailə dəstək və İran əleyhinə mesajların yer aldığı 500 reklam lövhəsi, eləcə də bu şüarları daşıyan onlarla yük maşını sifariş etmişdi.
Netanyahu çıxışında İranın nüvə və hərbi obyektlərinə endirilən birgə ABŞ–İsrail zərbələrinə görə Donald Trampa təşəkkür edib. O bildirib ki, iki ölkə yalnız özünü müdafiə etmək üçün deyil, “sivilizasiyanı xilas etmək üçün” birlikdə hərəkət edib. Bununla belə, Netanyahunun ABŞ-yə qısa səfəri zamanı Trampla görüşü nəzərdə tutulmayıb.
Çıxış həm də İsrailin beynəlxalq təcridinin dərinləşdiyi dövrə təsadüf edir. Britaniya, Fransa və Kanada sentyabrda İordan çayının işğal altındakı qərb sahilində salınan yaşayış məntəqələri ilə əlaqədar yeni sanksiyalar elan ediblər.
ABŞ ictimaiyyətində də İsrailə münasibət dəyişir. Sentyabrda keçirilən “Marquette Law School” sorğusunda iştirakçıların 29 faizi İsrailə müsbət, 59 faizi isə mənfi yanaşdığını bildirib. Respondentlərin 55 faizi Vaşinqtonun İsrailə həddindən artıq çox hərbi yardım etdiyini düşünür.
Nyu-Yorkda yüzə yaxın etirazçı saxlanılıb
Netanyahunun səfəri Nyu-Yorkda etirazlarla müşayiət olunub. BMT binasının yaxınlığında toplaşan yüzlərlə nümayişçi İsrailə silah verilməsinin dayandırılmasını tələb edib.
Polisin məlumatına görə, əvvəlcədən razılaşdırılmamış yürüş zamanı yol ayrıcı bağlanıb.
Xəbərdarlıqdan sonra ərazini tərk etməyən yüzə yaxın aksiya iştirakçısı saxlanılıb.
Saxlanılanlar arasında “Oskar”lı aktrisa Süzan Sarandon, “Hacks” serialının aktrisası Hanna Eynbinder və Nyu-York Şəhər Şurasının üzvü Çi Osse də olub.
Müharibənin ağır nəticələri
HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu nəticəsində təxminən 1200 nəfər öldürülüb, 251 nəfər girov götürülüb.
Qəzza Səhiyyə Nazirliyinin sentyabrın 24-nə olan məlumatına görə, İsrailin sonrakı hərbi əməliyyatları zamanı bölgədə ölənlərin sayı 73 928 nəfərə çatıb. İsrail bu statistikaya və soyqırımı ittihamına etiraz edir.
Beynəlxalq Soyqırımı Araşdıran Alimlər Assosiasiyası isə 2025-ci ilin avqustunda qəbul etdiyi qətnamədə İsrailin Qəzzadakı siyasətinin və hərəkətlərinin BMT Konvensiyasındakı soyqırımı tərifinə uyğun gəldiyini bildirib.



