Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Akın Gürləki ədliyyə naziri, Mustafa Çiftçini isə daxili işlər naziri təyin etdi.
Yerli medianın yazdığına ki, bu təyinatlar AKP üzvləri və funksionerləri üçün də sürpriz olub. Çünki başqa şəxslərin adları hallanırdı mətbuatda. Partiya funksionerləri bu təyinatı qəzetdən oxuyublar və təəccüblə qarşılayıblar. Qeyd edək ki, mətbuatda keçmiş ədliyyə naziri Yılmaz Tuncla, daxili işlər naziri Əli Yerliqayanın münasibətlərinin pis olması yazılırdı.
Müxalifət və ictimaiyyət də bu təyinatları birmənalı qarşılamayıb. CHP sədri Özgür Özəl Akın Gürləkin təyinini CHP və bələdiyyələrə qarşı cinayət işlərinə görə mükafatlandırma adlandırıb. CHP hesab edir ki, yeni təyinatlar ölkədə demokratiya üçün təhlükənin və müxalifətə təzyiqlərin artacağının anonsudur.
Jurnalist İsmail Saymaz Akın Gürləkin təyinini seçki perspektiviylə əlaqələndirib. O, Ərdoğanın yenidən namizəd olması üçün TBMM-in erkən seçki qərarı verməsi lazım olduğunu xatırladıb və Gürləkin bu prosesdə “siyasi maneələri aradan qaldırmaqda “rol oynaya biləcəyini” qeyd edib.
İYİ partiyasının sədri Müsavat Dərvişoğlu deyib ki, ana müxalifət partiyasına qarşı ən böyük hüquqi prosesləri idarə edən şəxsin ədliyyə naziri təyin olunması bu işlərin siyasi xarakterini konkretləşdirib və rəsmiləşdirib.
Akın Gürlək kimdir?
Müxalif siyasətçilərə və CHP-li bələdiyyələrə qarşı cinayət işləri və istintaqlarla ictimaiyyətin diqqət mərkəzində olan Akın Gürlək 1982-ci ildə Nevşehirdə doğulub. 2005-ci ildə Mərmərə Universitetinin hüquq fakültəsini bitirib. Hakim kimi müxtəlif şəhər və rayonlarda çalışdıqdan sonra İstanbula təyin edilib, böyük rezonans doğuran işlərə sədrlik edib.
Ədliyyə naziri Akın Gürlək İstanbul Respublika Baş Prokurorluğunda çalışdığı dövrdə CHP-li bələdiyyələrə qarşı əməliyyatları idarə edən şəxs olub. Daxili işlər naziri Mustafa Çiftçi isə valilik dövründə mübahisəli davranışlarıyla gündəmə gəlib.
Səlahəddin Dəmirtaş işi
İstanbul 26-cı Ağır Cinayət Məhkəməsi Gürləkin sədrliyilə keçmiş HDP sədri Səlahəddin Dəmirtaşı və o dövrdə İstanbuldan millət vəkili olan Sırrı Sürəyya Öndəri 2013-cü il Novruz tədbirlərindəki çıxışlarına görə “terror təşkilatı təbliğatı” ittihamı üzrə mühakimə edib. Məhkəmə 7 sentyabr 2018-ci ildə Dəmirtaşa 4 il 8 ay, Öndərə isə 3 il 6 ay həbs cəzası verib. Bu qərar Dəmirtaş haqqında siyasi qadağa tətbiqinə səbəb olub.
Canan Kaftancıoğlu və Şəbnəm Korur Fincancı işləri
İstanbul 37-ci Ağır Cinayət Məhkəməsi 6 sentyabr 2019-cu ildə o dövrdə CHP-nin İstanbul şöbəsinin sədri olan Canan Kaftancıoğlunu sosial şəbəkə paylaşımlarına görə 9 il 8 ay 20 gün həbs cəzasına məhkum edib. Bu prosesə də Akın Gürlək sədrlik edib. Apellyasiya məhkəməsinin qərarı təsdiqləməsilə Kaftancıoğluna siyasi qadağa qoyulub.
Eyni prosesdə “Bu cinayətə ortaq olmayacağıq” bəyanatını imzalayan akademiklərdən professor Şəbnəm Korur Fincancıya da “terror təşkilatı təbliğatı” ittihamıyla 2 il 6 ay həbs cəzası verilib.
Səlcuq Qozağaclı və “Sözcü” işi
Gürlək Çağdaş Hüquqçular Dərnəyinin keçmiş başqanı Səlcuq Qozağaclının da daxil olduğu 20 vəkilin mühakimə olunduğu işdə iştirak edib. Azad edilmə qərarına etirazdan sonra Qozağaclı yenidən həbs olunub. Məhkəmə prosesinin sonunda onlara həbs cəzaları verilib.
İstanbul 37-ci Ağır Cinayət Məhkəməsinin baxdığı digər iş isə “Sözcü” qəzetinin yazarlarına qarşı açılmış “təşkilata yardım” işi olub. Qəzetin bəzi yazar və rəhbərləri həbs cəzasına məhkum edilib.
Konstitusiya Məhkəməsinin qərarının icra edilməməsi
Gürləkin sədrliyilə İstanbul 14-cü Ağır Cinayət Məhkəməsi jurnalist və siyasətçi Enis Bərbəroğlu haqqında Konstitusiya Məhkəməsinin verdiyi hüquq pozuntusu qərarını tətbiq etməyib. Məhkəmə Konstitusiya Məhkəməsinin səlahiyyət hüdudlarını aşdığını əsas gətirərək qərara etiraz edib. Buna baxmayaraq Hakimlər və Prokurorlar Şurası (HSK) 29 iyun 2021-ci ildə Gürləki birinci dərəcəli hakim vəzifəsinə yüksəldib.
1 iyun 2022-ci ildə Gürlək ədliyyə nazirinin müavini, 2 oktyabr 2024-cü ildə isə HSK qərarıyla İstanbulun baş prokuroru təyin olunub.
Əkrəm İmamoğluna və digər CHP-çi bələdiyyə sədrlərinə qarşı cinayət işləri
Gürlək yeni vəzifəsinin icrasına başlayandan sonra İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğluna qarşı çoxsaylı istintaqlar başlayıb. Gürlək dövründə İmamoğluna qarşı yeddi iş açılıb. İmamoğlu 19 mart 2025-ci ildə rüşvət və korrupsiya iddialarıyla həbs olunub.
İmamoğluna qarşı korrupsiya araşdırmasında 402 nəfər haqqında cinayət işi açılıb. Son olaraq ictimaiyyətə “siyasi və hərbi casusluq” ittihamıyla iddianamə hazırlandığı barədə xəbər sızdırılıb. İmamoğlunun diplomunun ləğv edilməsinə səbəb olan istintaq da Gürləkin dövründə başlayıb.
Əziz İhsan Aktaşa qarşı “gəlir məqsədli cinayətkar təşkilat qurmaq və idarə etmək” iddiasıyla başladılmış istintaq çərçivəsində Adana Böyükşəhər Bələdiyyə sədri Zeydan Karalar da daxil olmaqla, altı bələdiyyə sədri həbs olunub. İstintaq çərçivəsində 200 nəfər haqqında iş açılıb.
Siyasi mübahisələr və təzminatlar
CHP başqanı Özgür Özəl Gürləki sərt sözlərlə tənqid edib. Gürlək Özelə qarşı təzminat iddiaları qaldırıb və bunlardan ikisində 480 min və 150 min TL təzminat qazanıb. CHP həmçinin Gürlək haqqında mal-mülk iddiaları ilə cinayət şikayəti verib. Özel haqqında da Gürləki hədəf alan açıqlamalarına görə istintaqlar başlayıb.
Gürləkin dövründə Zəfər Partiyasının başqanı Ümid Özdağ prezidenti təhqir və “xalqı kin və düşmənçiliyə təhrik” ittihamıyla həbs olunub, 5 ay sonra azad edilib.
Media qurumlarına, futbol komandalarına və bəzi tanınmış şəxslərə qarşı əməliyyatlar
Gürlək dövründə media qurumlarına, futbol aləminə və bəzi tanınmış şəxslərə qarşı əməliyyatlar da gündəmə gəlib. Qanunsuz mərc oyunları və çirkli pullarla bağlı istintaqlar çərçivəsində bəzi media qurumları konfiskasiya edilib. “Can Holdinq” media qrupunun rəhbəri Kənan Təkdağ və digərləri həbs olunub.
Bundan başa, bəzi televiziya kanallarına və rəqəmsal platformalara qarşı da istintaq başladılıb. Qanunsuz mərc oyunlarıyla bağlı istintaq işində yüksək məbləğli əmlaklar müsadirə edilib.
Əzilənlərin Sosialist Partiyasına (ƏSP) qarşı 22 əyalətdə keçirilən əməliyyatda 78 nəfər həbs olunub. ƏSP-nin həmsədri Murad Çepni də onların arasındadır.
Mustafa Çiftçi kimdir?
Evli və 3 övlad atası olan Mustafa Çiftçi 1970-ci ildə Konya Çumra rayonunda anadan olub. 1995-ci ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin Kamu İdarəçiliyi Bölümünü bitirib. 1996-cı ildə Konya Kaymakam namizədi kimi vəzifəyə başlayıb. 1998-ci ildə 8 ay müddətində İngiltərəyə gedib. 1999-cu ildə Milli Təhlükəsizlik Akademiyasını bitirib. Dəyant İşləri Nazirliyinin “Hafiz ol, hafiz qal” yarışmasında birinci yeri tutub.
Tez-tez mübahisəli açıqlamalar verməsiylə gündəmə gələn Çiftçi 2018-ci ildə Çoruma vali təyin olunub. Respublika dövründə (1926-cı ildə) Ankarada edam olunmuş və 2009-cu ildə İskilip Gülbaba qəbiristanlığına dəfn edilmiş İskilipli Atıf Hocanın məzarını ziyarət edib və onu “son dövrün din məzlumu və qurbanı” kimi xarakterizə edib. İctimaiyyətin mənfi reaksiyalarına cavab olaraq “Atıf Hoca xain olmadığı kimi onu ziyarət edənlər də xain deyil” deyib.
2023-cü ildə Ərzuruma vali təyin olunan Ciftçinin Ərzurum Konqresi binasının sökülməsinə ehtiyac olduğunu deməsi də narazılıqla qarşılanıb.
Çiftçi Atatürkə qarşı olmasıyla tanınır. Sosial şəbəkə hesabında heç vaxt Atatürklə və cümhuriyyət bayramlarıyla bağlı paylaşımlar etmir. Adətən, sultan Əbdülhəmid və dini bayramlar haqqında yazır.
Mətbuatda yazılanlara görə, Çiftçinin Bilal Ərdoğanın idarə etdiyi dərnəklərlə yaxın əlaqələri var.
İddialardan biri də budur ki, yeni təyinatlar prezident seçkisində Bilal Ərdoğanın namizəd olmasına hesablanıb.
“Politfm.com”



