“Bloomberg” Aİ ölkələri arasında nüvə müdafiəsilə bağlı məxfi müzakirələr aparıldığı barədə məlumat əldə edib. Nəşrin xəbərinə görə, Avropa özünün nüvə müdafiə sistemini müzakirə edir.
Bu məlumat və Münhen Təhlükəsizlik Konfransındakı bugünkü qapalı müzakirələr “post-Amerika Avropası”nın artıq nəzəriyyədən reallığa keçdiyini göstərir.

Onilliklər boyu Avropanın təhlükəsizlik sütunu olan ABŞ nüvə çətiri ciddi şəkildə etibarını itirir. “Bloomberg”-in xəbəri göstərir ki, Avropa paytaxtlarında artıq “Sizsiz necə qorunacağıq?” sualı yox, “Özümüzü necə silahlandıraq?” sualı ətrafında gizli hərbi müzakirələr aparılır.

Niyə məhz indi?

Müzakirələrin məhz indi ciddiləşməsinin bir neçə fundamental səbəbi var.
Birincisi Tramp faktorudur. ABŞ prezidentinin NATO-ya “bazarlıq” münasibəti və “Qrenlandiya insidenti” kimi diplomatik gərginliklər Avropanı inandırıb ki, Amerika artıq qeyd-şərtsiz müttəfiq deyil.

İkinci amil strateji boşluqdur. 5 fevral 2026-cı ildə ABŞ və Rusiya arasında sonuncu nüvə müqaviləsinin (SNV-III) müddəti bitib. Bu, qlobal nüvə yarışının yeni və nəzarətsiz mərhələsinə qədəm qoyması deməkdir.

Üçüncü sırada müdafiə xərcləri durur. Avropa artıq “tarix tətilindən” qayıdıb. 2025-ci ildə hərbi xərclərin 530 milyard dolları keçməsi qitənin müstəqil güc olmaq niyyətini sübut edir.

Parisin təklif etdiyi qalxan qitəni qoruya bilərmi?

Fransa prezidenti Emmanuel Makronun Münxen Konfransında təklif edəcəyi gözlənilən variant inqilabi xarakter daşıyır. O, Fransanın nüvə doktrinasını genişləndirməyi və onu bütöv Avropanın xidmətinə verməyi planlaşdırır. Lakin burada bir neçə “amma” var:
– ABŞ-nin 1670 operativ yerləşdirilmiş döyüş başlığına qarşı Fransa və Böyük Britaniyanın cəmi 400 başlığı var. Bu, Rusiyanın 4380 aktiv nüvə ehtiyatıyla müqayisədə simvolik görünə bilər;
– müstəqil nüvə sistemi üçün təkcə başlıq yox, həm də mürəkkəb çatdırılma vasitələri, peyk qruplaşmaları və milyardlarla dollarlıq infrastruktur lazımdır.

Amma Fransanın öz nüvə arsenalını bütün Avropanın xidmətinə vermək təklifi və digər ölkələrdən onun nüvə proqramının modernləşdirilməsinə maliyyə töhfəsi istəməsi ortaya bir sual çıxarır: bunun pulunu kim ödəyəcək?

Ödəməylə bağlı maliyyə çətinlikləri xüsusilə aşağıdakı ölkələr üçün keçilməz sədd ola bilər:

1) yüksək dövlət borcu olan Cənubi Avropa ölkələri
İtaliya, Yunanıstan və İspaniya kimi dövlətlər onsuz da büdcə kəsiri və yüksək dövlət borcuyla mübarizə aparırlar. Həm adi silahlara (tank, PUA), həm də nüvə proqramına milyardlarla avro ayırmaq bu ölkələrdə ciddi sosial narazılığa səbəb ola bilər.

2) Şərqi Avropanın “yüksək risqli bölgə” ölkələri
Polşa, Rumıniya və Baltikyanı dövlətlər (Estoniya, Latviya, Litva) hazırda ÜDM-lərinin rekord hissəsini (3-4% və daha çox) adi silahlara və sərhəd infrastrukturuna xərcləyirlər. Bu ölkələr üçün prioritet “həmin an” işə yarayacaq hava hücumundan müdafiə sistemləri və artilleriyadır. Fransanın uzaq perspektivli nüvə çətiri üçün böyük məbləğlər ödəmək bu ölkələrin büdcəsini tamamilə iflic edə bilər. Onlar pulu Parisə verməkdənsə, Vaşinqtondan silah almağa üstünlük verirlər.

3) Enerji və İnflyasiya Böhranından Çıxa Bilməyən İqtisadiyyatlar
Hətta Almaniyada da “borc əyləci” siyasəti federal büdcəni sıxır. Əgər Avropanın iqtisadi lokomotivi olan Almaniya bu xərcləri bölüşməkdə tərəddüd edirsə, Macarıstan və ya Bolqarıstan kimi iqtisadiyyatı daha kövrək olan ölkələrin yeni sistemə maliyyə cəhətdən daxil olması demək olar ki, qeyri-mümkündür.

Sayın nə fərqi var ki?

Nüvə strategiyasıyla bağlı ən çox verilən suallardan biri budur: əgər 10-15 nüvə bombası bütöv bir ölkəni xarabalığa çevirə bilirsə, niyə ölkələr minlərlə başlıq hazırlayıb sxlayır?
Bu sualın cavabı sadə hərbi hesablamadan daha çox, müdafiənin riyaziyyatı və sağ qalma strategiyasıyla bağlıdır.
Nüvə silahı həm bir çəkindirmə vasitəsi, həm də hərbi arsenaldır.
Müdafiə strategiyasında sayın önəmi aşağıdakı faktorlarla ölçülür.

Cavab vermə qabiliyyəti: nüvə müharibəsinin ən vacib qaydası budur – “Sən məni vura bilərsən, amma mən mütləq sənə cavab verəcəm”.
Tutaq ki, bir ölkənin 100 nüvə başlığı var. Rəqibsə ilk zərbəylə həmin ölkənin hərbi bazalarını, siloslarını və komanda mərkəzlərini hədəf alır. Əgər o, həmin 100 başlıqdan 95-ni yerindəcə məhv edə bilərsə, yerdə qalan 5 başlıq rəqibi dayandırmaq üçün kifayət etməyə bilər, çünki onlar da havada vurula bilər.
Ona görə də, ölkələr öz arsenalını elə həcmdə saxlayırlar ki, hətta ən ağır hücumdan sonra belə, rəqibi məhv edəcək qədər silahı “sağ qalsın”.

Raketdən Müdafiə Sistemləri (ABM)
Müasir texnologiyalar nüvə raketlərini havada vurmağa imkan verir. Əgər bir ölkənin cəmi 10 raketi varsa və rəqibin raketdən müdafiə sistemi bu 10 raketin hamısını havada zərərsizləşdirə bilirsə, həmin 10 raketin çəkindirici gücü sıfıra bərabərdir.
Sayın çoxluğu rəqibin müdafiə sistemini “doydurmaq” üçün lazımdır. Rəqib eyni anda atılan 500 raketi vura bilmirsə, arsenalın sayı müdafiəni yarmaq şansını artırır.

Nüvə triadasının diversifikasiyası
Nüvə silahları üç yerdə gizlədilir: yerdə (siloslarda), havada (bombardmançı təyyarələrdə) və suda (sualtı qayıqlarda).
Bu üç qoldan hər birində müəyyən sayda silah olması lazımdır ki, rəqib birini (məsələn, təyyarələri) sıradan çıxaranda, digəri (məsələn, sualtı qayıqlar) gizli qalsın. Sayın az olması bu triadanın bir və ya iki qolunun zəifləməsi deməkdir.

Fransa və Britaniyanın vəziyyəti niyə risklidir?

“Bloomberg-in də qeyd etdiyi kimi, Avropanın (Fransa + Britaniya) cəmi 400 başlığının olması Rusiyanın 4300+ və ABŞ-ın 3700+ aktiv arsenalı qarşısında onları “məhdud müdafiə” vəziyyətinə salır. 400 başlıq bir ölkəni məhv etməyə bəs edir, amma rəqibin bütün hərbi infrastrukturunu məhv etməyə və ya rəqibin çoxsaylı müdafiə sistemlərini aşmağa kifayət etməyə bilər.

Nüvə müharibəsində say sadəcə daha çox yeri dağıtmaq üçün yox, rəqibin səni tamamilə tərksilah edə bilməməsi üçün lazımdır. Avropa üçün “müstəqil nüvə sistemi” qurmaq həm də bu say baryerini aşmaq və nəhəng hərbi-istehsalat kompleksini işə salmaq deməkdir.

Hətta nazirlərin də xəbəri yoxdur?

“Bloomberg”-in ən maraqlı iddiası danışıqların “dərin hərbi səviyyədə” aparılmasıdır. Bu, məsələnin artıq siyasi ritorikadan çıxıb praktiki planlaşdırmaya keçdiyini göstərir. Şərqi Avropa ölkələri (Polşa, Baltikyanı dövlətlər) Rusiyanın artan təzyiqi fonunda Makronun təklifinə ən çox maraq göstərən tərəflərdir.
Yeri gəlmişkən, Avropanın nüvə gücünə çevrilməsi və ya özünü müstəqil şəkildə müdafiə etmək istəyi bizim region üçün də təsirsiz ötüşməyəcək.

Əvvəla, Qərbin daxilində yaranan bu çat Rusiyanın regiondakı manevr imkanlarını artıra bilər.

İkincisi, NATO daxilində “Avropa nüvə bloku” formalaşarsa, bu, Türkiyə kimi regional güclərdə də nüvə ambisiyaları yaradar və ya həmin ölkələrin öz təhlükəsizlik strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.

Bu gün Münhendən açıq bir mesaj verildi: Avropa artıq başqasının çətiri altında islanmamağa qərar verib. Amma bu qərarın reallaşması üçün qoca qitə həm iqtisadi baxımdan fədakarlıq etməli, həm də onilliklər boyu formalaşmış “strateji tənbəllikdən” qurtulmalıdır.

ABŞ nə deyər?

ABŞ-ın bu prosesə reaksiyası məsələnin ən dramatik tərəfidir.
Vaşinqton bir tərəfdən “başınıza çarə qılın” deyərək Avropadan xərcləri azaltmağı tələb edir, digər tərəfdənsə strateji nəzarəti itirməkdən qorxur.

“Bloomberg”-in məlumatına görə, Tramp administrasiyası rəsmi olaraq “Avropa öz təhlükəsizliyi üçün daha çox pul ödəməlidir” desə də, pərdə arxasında Parisin bu cəhdi Vaşinqtonda böyük narahatlıqla izlənilir. ABŞ-nin məsələyə reaksiyası bir neçə qatdan ibarətdir:

1. Siyasi nəzarəti itirmək qorxusu
Nüvə çətiri təkcə hərbi müdafiə deyil, həm də geosiyasi ipotekadır. Avropa ölkələri ABŞ-nin nüvə qoruması altında olduqca, xarici siyasətdə Vaşinqtonun xəttindən kənara çıxa bilmirlər. Əgər Avropa Fransanın nüvə çətiri altına keçsə, Vaşinqtonun Avropa İttifaqı üzərindəki 80 illik siyasi hegemonluğu rəsmən bitəcək. Buna görə də ABŞ diplomatları altdan-altdan “Fransanın arsenalı sizi qorumaq üçün yetərli deyil” arqumentini yaymağa başlayıblar.

2. Bazarı itirmək qorxusu
ABŞ-nin nüvə çətiri həm də Amerika silahlarının (xüsusilə nüvə bombası daşıya bilən F-35 qırıcılarının) Avropaya satışı üçün bir zəmanətdir.

Əgər Avropa öz nüvə sistemini qurarsa, milyardlarla dollarlıq silah sifarişləri Fransanın “Dassault” şirkətinə və ya Almaniyanın hərbi sənaye kompleksinə yönələcək. Vaşinqton üçün bu, “müttəfiqliyin bitməsi” deyil, həm də nəhəng bir bazarın itirilməsidir.

3. “İkili mesaj” strategiyası
Tramp administrasiyası hazırda Avropaya qarşı “soyuq duş” taktikasından istifadə edir.
Aşkarda “Biz sizi qorumayacağıq, pulunuzu özünüz ödəyin” dediyi halda, gizlində təzyiq edir: “Fransanın yanına getsəniz, bizimlə olan ticarət imtiyazlarınızı itirə bilərsiniz”.

Bu ikili yanaşma Avropa paytaxtlarını (xüsusilə Almaniyanı) çox çətin seçim qarşısında qoyur: ya Vaşinqtonun şıltaqlıqlarına dözmək, ya da Parisin bahalı və riskli “nüvə müstəqilliyi” planına qoşulmaq.

Üçüncü yol varmı?

ABŞ-ın reaksiyası göstərir ki, Vaşinqton Avropanın “güclü, amma asılı” olmasını istəyir. Fransanın təşəbbüsü isə bu asılılığı kökündən sarsıda bilər.

2026-cı ilin sonuna qədər biz Avropanın daxilində “Atlantikçilər” (ABŞ-a sadiq qalanlar) və “Avropaçı mərkəzçilər” (Fransanın ətrafında birləşənlər) arasında sərt bir siyasi parçalanmanın şahidi olacağıq.

“Politfm”