İllərdir “Qərbin kollektiv zəkası” kimi təqdim olunan Münhen Təhlükəsizlik Konfransının builki toplantısı gərgin polemiklarla yadda qaldı.
Mətbuata sızan məlumatlara görə, Amerika diplomatları pərdə arxasında Avropa ölkələrinə konkret şərt qoyublar: “Əgər sizi nüvə təhlükəsindən qorumamızı istəyirsinizsə, Çinlə ticarəti dayandırmalı və rəqəmsal bazarınızı tamamilə Silikon vadisinə açmalısınız”. Bu isə müttəfiqlik təklifindən daha çox “təhlükəsizlik müqabilində suverenlik” bazarlığını xatırladır.
Avropa liderlərinin demarşı
Avropa siyasətinin əsas fiqurları Münhendə yenidən bəyan ediblər ki, ABŞ-nin yeni kursu fonunda Avropa təcili olaraq hərbi gücünü artırmalı, Rusiyadan müdafiəyə hazırlaşmalı və öz taleyini öz əlinə almalıdır.
Almaniya kansleri Fridrix Merzin çıxışı bir növ “tövbə” xarakteri daşıyıb.
“ABŞ-dan bu hədsiz asılılığa bizi heç kim zorla salmayıb. Bu qeyri-yetkinliyə görə özümüz günahkarıq. Amma biz artıq bu vəziyyəti geridə qoyuruq. Bunu NATO-nu arxivə göndərmədən, öz maraqlarımız naminə alyans daxilində güclü, özünə yetən Avropa sütunu quraraq edirik” – Merz belə deyib.
O əlavə edib ki, “Böyük dövlətlərin rəqabəti dövründə hətta Birləşmiş Ştatlar da təkbaşına bunun öhdəsindən gələcək qədər güclü deyil. Əziz dostlar, NATO üzvlüyü təkcə Avropa üçün deyil, həm də Birləşmiş Ştatlar üçün rəqabət üstünlüyüdür. Gəlin birlikdə transatlantik qarşılıqlı etimadı bərpa edək. Biz avropalılar öz tərəfimizdən bunu edirik”.
“Bəli, biz gecikmişik. Amma 2028-ci ilə qədər Avropanın hərbi xərcləri ABŞ-ın keçənilki xərclərini ötəcək” deyən Merz Almaniyanı 80 illik nüvə tabusunu “qırdığını” təsdiqləmiş olub. Amma bu ölkə üçün bu sual hələ də açıqdır: ABŞ-dan F-35 almaq, yoxsa Fransayla birlikdə öz raketlərini istehsal etmək?
Bəzi ekspertlərin qənaətinə görə, Almaniya Fransanın nüvə liderliyindən ehtiyat edir. Çünki Parisin çətiri altına girmək Berlinin Avropadakı iqtisadi liderliyini Fransaya təslim etməsi deməkdir.
Britaniyanın Baş naziri Kir Starmersə bəyan edib ki, Rusiya Ukraynaya hücum etməklə təcavüzə meyilli olduğunu yenidən nümayiş etdirib və Avropa təcili olaraq birgə səylərlə Rusiya təhlükəsinə qarşı durmağa hazırlaşmalıdır.
O vurğulayıb ki, hətta Ukraynada sülh bağlansa belə, Avropa tam təhlükəsizlikdə olmayacaq; əksinə, təhdidlər artacaq. Starmer Avropanı “yatan div” adlandıraraq qeyd edib ki, Avropa iqtisadiyyatı Rusiya iqtisadiyyatından 10 dəfədən çox güclüdür.
Eyni zamanda, Stramer Avropanın çox parçalanmış olduğunu və bəzən səmərəsiz fəaliyyət göstərdiyini də qeyd edib.
Fransa prezidenti Emmanuel Makron Starmerlə eyni mövqedən çıxış edib:
“Ukrayna üzrə tənzimləməyə nail olsaq belə, biz yenə də aqressiv Rusiya, fəal müdafiə sənayesi və şişirdilmiş orduyla üz-üzə qalacağıq”.
Makronun fikrincə, müharibə tərəfləri ABŞ-nin iştirakıyla fərziyyəvi sülh sazişi ətrafında müzakirələr apardıqları bir vaxtda Qərb Rusiyanın tələblərinə boyun əyməli deyil, ona təzyiqi artırmalıdır – çünki Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələri artırır.
Makron bildirib ki, Avropa “geosiyasi gücə çevrilməyi öyrənməlidir”. Müdafiə məsələsində artıq ABŞ-a arxalanmağın mümkün olmadığını vurğulayan Fransa Prezidenti qeyd edib ki, Avropa ölkələri “müdafiədə, texnologiyada və risklərin aradan qaldırılmasında” üstün bir gücün bütün keyfiyyətlərinə sahib olmalıdırlar:.
Makron Fransa nüvə qüvvələri əsasında Avropa nüvə “çətirinin” formalaşdırılması barədə Almaniya kantsleriylə məsləhətləşmələrə başladığını bəyan edib. Fridrix Merz öz çıxışında bunu təsdiqləyib.
Makron həmçinin qeyd edib ki, Avropanın Putinlə birbaşa danışmaq haqqı olmalıdır. Bəzi ekspertlər bunu NATO daxilində “Fransa fraksiyası” yaratmaq cəhdi kimi qiymətləndirdilər.
Bununla belə, NATO-nun Baş katibi Mark Rutte jurnalistlərə bildirib ki, Fransa və Britaniya iki Avropa nüvə dövləti olaraq öz nüvə qüvvələrinin Avropanın müdafiəsində rolunu necə artırmağı müzakirə etsələr də, Avropada heç kim bu qüvvələrin Amerika nüvə çətirini əvəz edə biləcəyini demir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRIPP layihəsindən danışıb, deyib ki, “Orta Dəhliz sadəcə yol deyil, həm də regional təhlükəsizliyin onurğa sütunudur”.
Bundan başqa, Bakı Ermənistan konstitusiyasına dəyişiklik tələbini regional sabitliyin başlıca şərti kimi irəli sürüb.
Marko Rubiodan dostluq-qardaşlıq vədi
ABŞ Dövlət katibi Marko Rubio Münhendə “yaxşı polis” rolunda çıxış edib. Ötən il “pis polis” rolunu vitse-prezident Cey Di Vens icra etmişdi; o, Avropanı kütləvi immiqrasiyaya yol verməklə öz mədəniyyətini və özünəməxsusluğunu məhv etməkdə, həmçinin söz azadlığını məhdudlaşdırmaqda ittiham etmişdi.
“Biz eyni sivilizasiyanın varisləriyik. Sizin taleyiniz bizim üçün heç vaxt əhəmiyyətsiz olmayacaq. Xəbər başlıqlarında transatlantik dövrün sonu elan edildiyi bir vaxtda qoy hamı bilsin ki, biz bunu istəmirik və buna can atmırıq. Çünki amerikalıların evi Qərb yarımkürəsində olsa da, biz yenə də Avropanın övladlarıyıq. Biz — Birləşmiş Ştatlar və Avropa birlikdə olmalıyıq” deyə, Rubio bəyan edib. Zal onu ayaq üstə alqışlayıb.
Eyni zamanda, Rubio kütləvi immiqrasiyaya göz yumulması və yerli sənayenin məhv edilməsilə bağlı Tramp administrasiyasının iradlarını təkrar səsləndirib.
AFP yazır ki, o, Avropanı Trampın dünyanı “yeniləmək” çağırışına qoşulmağa çağırıb:
“Bu, dünyadakı mövqeyimizi bərpa etməyə və beləliklə, sivilizasiyanı məhv etməyə çalışan, həm Amerikaya, həm də Avropaya təhdid yaradan qüvvələrə müqavimət göstərməyə imkan verəcək”.
Amma Avropalı siyasətçilərin bir çoxu Rubioya inanmayıb.
“Əmin deyiləm ki, avropalılar sivilizasiyanın tənəzzülünü (iddia edildiyi kimi, kütləvi miqrasiya və deindustrializasiya nəticəsində yaranan) əsas birləşdirici maraq hesab etsinlər. Əksər avropalılar üçün ortaq maraq təhlükəsizlikdir” – Litvanın keçmiş xarici işlər naziri Qabrielus Landsberqis “X” sosial şəbəkəsində belə yazıb.
O, fikrini belə yekunlaşdırıb: “Bu çıxış Tramp administrasiyasının ümumi mövqeyindən kənara çıxmaq deyildi. Sadəcə olaraq, həmin mövqe daha nəzakətli ifadələrlə şərh olundu”.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın reaksiyası daha sərt olub:
“Avropa sivilizasiyası silinmək təhlükəsiylə üz-üzə deyil və bizə dəyərlərimizi necə qoruyacağımızı öyrətməyə ehtiyac yoxdur”.
Münhen Təhlükəsizlik Konfransının builki toplantısı göstərdi ki, transatlantik birliyin əsas problemi inamsızlıqdır, artıq hərənin öz hesab-kitabı var. ABŞ və Avropa artıq bir-birini müttəfiq kimi görmür.
Avropa öz müdafiə sənayesini turbo rejiminə salmaq istəyir, ancaq ona Süni İntellekt lazımdır. ABŞ isə bu texnologiyanı “bulud” üzərindən idarə edir. Bu o deməkdir ki, Avropanın gələcək ordusu fiziki olaraq orda yerləşmiş olsa da, beyni (alqoritmi) Vaşinqtonun əlində olacaq.
Digər problemsə təkliflərlə imkanlar arasındakı uyğunsuzluqdur – Avropa hərbi xərcləri artırsa da, bu pullar hələ də ABŞ silahlarının (F-35-lərin, “Patriot”ların və s.) alınmasına sərf edilir.
Zelenski: “Putin müharibə quludur”
Keçənilkindən fərqli olaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin bu il xeyli sərt çıxış edib.
Zelenski Rusiya Prezidenti Vladimir Putini “müharibə qulu” adlandırıb və bir daha vurğulayıb ki, Putin Ukraynaya qarşı müharibəylə kifayətlənməyəcək.
O, Ukrayna və müttəfiqlərinin kiminlə qarşı-qarşıya olduğunu, ABŞ-nin Ukraynanı kiminlə sülh imzalamağa məcbur etməyə çalışdığını bir daha xatırlatmağa çalışıb:
“Putin öz həyatını hakimiyyətsiz təsəvvür edə bilmir. Normal şeylər onu maraqlandırmır. O, daha çox I Pyotr və II Yekaterinayla məsləhətləşir, nəinki sağ olan adamlarla. İndi o, Ukraynaya fokuslanıb, amma digər Avropa ölkələrindən əl çəkməyəcək, çünki müharibə ideyasının özündən imtina edə bilmir”.
“O, özünü çar hesab edə bilər, amma əslində müharibə quludur. Əgər o, daha 10 il yaşasa, müharibə təkrar başlayacaq və daha böyük miqyaslı olacaq. Buna görə də Ukrayna və Avropaya güclü təhlükəsizlik zəmanətləri lazımdır. Bu zəmanətlər sülh razılaşmalarından əvvəl ortaya çıxmalıdır” deyə, Ukrayna prezidenti davam edib.
Çıxışdan sonrakı sual-cavab sessiyasında Zelenski bildirib ki, ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanətləri təklif edir, amma Ukrayna ən azı 20 və daha çox illik istəyir.
Son günlərdə yayılan məlumatlara görə, Vaşinqton Kiyevin əvvəlcə sülh sazişi imzalamasını, yalnız bundan sonra Amerikadan zəmanət almasını istəyir. Ukraynasa təkid edir ki, Rusiyanın yenidən müdaxiləsini qeyri-mümkün etmək üçün ABŞ və digər Qərb müttəfiqlərindən etibarlı təhlükəsizlik zəmanətləri almalıdır.
ABŞ Dövlət katibi Marko Rubiosa Münhendəki çıxışında və daha sonra “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın müharibəni bitirmək fikrində ciddi olub-olmadığını və nəticədə sülh sazişinin bağlanıb-bağlanmayacağını hələ bilmir. Amma Rubio əmin edib ki, ABŞ buna nail olmağa çalışacaq – Ukraynaya yardım edəcək və Rusiyaya sanksiyalarla təzyiq göstərəcək.
“Politfm”



