Cənubi Qafqaz ABŞ-ın geosiyasi maraqları baxımından strateji əhəmiyyət kəsb edən bir re­giondur. Bu əhəmiyyət bir neçə əsas faktora dayanır:

– Regionun enerji resurslarına çıxışı
– Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizindəki önəmli rolu
– Rusiya, İran və Türkiyə kimi əsas regional oyunçularla həmsərhəd olması
– Həmçinin ABŞ-nin bölgədəki demokratik inkişafı və sabitliyi dəstəkləmə məqsədi

Bu kontekstdə ABŞ-nin Cənubi Qafqaz siyasəti enerji təhlükəsizliyinin təmin edilməsi, Rusiyanın təsirini balanslaşdırmaq, region ölkələri ilə əməkdaşlığı gücləndirmək və Qərblə inteqrasiyanı təşviq etmək kimi prioritetləri əhatə edir.

ABŞ prezidenti Donald Trampın irəli sürdüyü TRIPP layihəsi (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradır. Layihənin əsas məqsədi Avrasiya məkanında nəqliyyat, enerji və rəqəmsal bağlantıların genişləndirilməsi, xüsusilə Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında inteqrasiyanın gücləndirilməsidir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens-in fevralda Bakı və İrəvana səfəri TRIPP-in praktiki müzakirəsinə və işin sürətləndirilməsinə həsr olunmuşdu. ABŞ regionda birbaşa iştirakçı kimi aktiv rol almaq niyyətindədir. 2017-ci ildə Karnegi Fondunun araşdırmasında qeyd olunurdu ki, ABŞ Cənubi Qafqazda digər oyunçulara uduzur və bu tendensiya davam edərsə, regiondan tamamilə kənarda qalacaq. Görünən odur ki, Vaşinqton bu səhvi düzəltmək və yeni dünya düzənində yaranmış imkanlardan faydalanmaq qərarına gəlib.

Vens əvvəlcə Ermənistana səfər etdi. Paşinyan və Vens görüşündə nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə “123” sazişi danışıqlarının başa çatdığı, həmçinin Ermənistanın ABŞ-dan 11 milyon dollar dəyərində V-BAT pilotsuz uçuş aparatları alacağı barədə razılıq əldə olundu. 2025-ci ilin avqustunda Ermənistan və ABŞ arasında aşağıdakı sahələrdə əməkdaşlıq memorandumu imzalanmışdı:

– süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar,
– mülki atom energetikası,
– regional kommunikasiyaların blokdan çıxarılması layihəsinin təşviqi.

Təsadüfi deyil ki, Vens səfərindən dərhal sonra ABŞ Ticarət Palatası Azərbaycanda ilk biznes-missiyasını təşkil etdi. ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo bu səfəri “iki ölkə arasında münasibətlərdə mühüm mərhələ” kimi qiymətləndirdi. Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı.

Yeni dünya düzəni və Vaşinqton üçün yaranmış imkanlar

Rusiya-Ukrayna müharibəsi və sanksiyalar nəticəsində Rusiyanın iqtisadi və siyasi imkanlarının zəifləməsi, İranın proksi qüvvələrinin (“Hizbullah”, husilər, “Həşdi Şabi” və s.) ciddi zərbə alması, Türkiyə ilə ABŞ maraqlarının yeni şəraitdə üst-üstə düşməsi Vaşinqtona Cənubi Qafqazda sürətlə aktivləşmək üçün əlverişli imkan yaratdı.

ABŞ-nin regionda birbaşa iştirakı ölkələrin gələcəyi üçün müsbət ola bilər, lakin hazırkı situasiyada Azərbaycan-ABŞ münasibətlərinin daha çox hakimiyyətlərarası səviyyədə qalması, insan haqları və demokratik dəyərlərin arxa plana keçməsi  müəyyən məyusluq doğurur. Buna baxmayaraq regionun uzunmüddətli təhlükəsizliyi və inkişafı üçün ABŞ və Aİ-nin təsir imkanlarının artırılması vacibdir. Çünki Cənubi Qafqaz uzun illər Rusiya, İran və Türkiyənin dəyərlərdən kənar təsirlərinə məruz qalıb.

Azərbaycan iqtidarının balans siyasəti

Rusiya və Çin kimi böyük dövlətlər də regionda maraqlıdır və təsir dairəsini genişləndirməyə çalışır. Çin TRIPP layihəsinə ehtiyat və strateji səbrlə yanaşır. Çin bu layihə ilə “Bir Kəmər Bir Yol” layihəsi arasında ziddiyyət görmür. Amma bu addımı ABŞ-nin geopolitik təsirini artırmaq cəhdi kimi qiymətləndirir. Çinli analitiklər layihəni Çinin “Bir Kəmər Bir Yol” layihəsinə alternativ kimi görürlər.

“Global Times” yazır ki, “TRIPP Trampın pensiya layihəsidir, ABŞ-nin yeni kolonial ambisiyalarından biridir və Cənubi Qafqazı öz maraqlarına uyğun idarə etmək cəhdidir.”

Çin Xarici İşlər Nazirliyi layihəyə qoşulmaq təklifi aldıqlarını təsdiqləyib. Lakin hələlik Çin gözləmə mövqeyi seçib. Rusiya və Çin kimi ölkələr üçün Azərbaycan iqtidarı ilə dil tapmaq mümkündür, çünki hazırkı hakimiyyət regionda gücə çevrilməkdə maraqlıdır, lakin bunu balanslı şəkildə həyata keçirməyi üstün tutur.

Bir tərəfdən Qərb ölkələrinin regionda təkbaşına dominant gücə çevrilməsi manevr imkanlarını məhdudlaşdırır. Digər tərəfdən Ermənistan və Gürcüstanda baş vermiş hakimiyyət dəyişiklikləri nümunəsi iqtidarı ehtiyatlı edir. Buna görə də taktiki olaraq mövcud vəziyyət iqtidara sərf etsə də, uzunmüddətli perspektivdə (iqtisadi təcrid, beynəlxalq təzyiqlər, gələcək seçkilər riski) strateji maraqlarla ziddiyyət təşkil edir.

Rusiya və Cənubi Qafqaz: uzanan sülh prosesi

Azərbaycan və Gürcüstan iqtidarları son dövrlərdə oxşar siyasət xətti tutur: hər iki ölkə regionda mövcud balansın pozulmasında maraqlı deyil. Xüsusilə Azərbaycan ona görə maraqlı deyil ki, Rusiya artıq keçmişdəki Rusiya deyil, Qərb isə regionda daha aktiv siyasət yürütmək niyyətindədir. Sülh prosesinin uzadılması buna bariz nümunədir.

Ermənistan tərəfi sülh müqaviləsini tez imzalamaqda daha istəkli görünür. Yaranmış vəziyyətdən maksimum yararlanmaq və Azərbaycan və Türkiyə ilə yaxınlaşaraq iqtisadiyyatını müstəqilləşdirmək hədəflənir. Xüsusilə TRIPP yolu çərçivəsində regional əhəmiyyətini artırmaq niyyətindədir. Çünki İranın da bu marşrutdan narazı olduğunu bilir.

İran TRIPP layihəsini açıq şəkildə özünə strateji təhdir kimi qiymətləndirir. Bu layihə İranın Ermənistanla sərhəddini itirməsi, Gürcüstana ən yaxın çıxışı marşurutinun itirilməsi və tranzit gəlirlərinin azalması deməkdir. Ali rəhbər məsləhətçisi Ali Akbar Vilayəti bildirib ki, istər Rusiya ilə, istərsə də Rusiyasız, İran bu layihəyə qarşı çıxacaq.

“Tehran Times” nəşri 18 fevral buraxılışında bu layihəni ABŞ-nin İranı təcrid etmək planı kimi təqdim edib. Azərbaycan tərəfi isə regionun Rusiya, İran, Türkiyə və Qərb arasında dolaşıq və həlli uzanan problemlərlə məşğul olan bir məkana çevrilməsində maraqlıdır. Belə bir vəziyyətdə demokratiya və insan haqları məsələləri arxa planda qalır.

Moskvanın müqaviməti və Ermənistan faktoru

Rusiya hər zaman Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq üçün addımlar atıb. Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi və İkinci Qarabağ müharibəsindən sonra regionda mənzərə dəyişməyə başladı. Rusiya-Ukrayna müharibəsi və sanksiyalar nəticəsində Rusiyanın iqtisadi və siyasi imkanlarının zəifləməsi Cənubi Qafqazda yeni faktorlar və aktorların meydana çıxmasına səbəb oldu.

Təbii ki, Rusiya regionun öz təsir dairəsindən çıxmamasına çalışır. Ermənistanda Nikol Paşinyana qarşı dəfələrlə keçirilən etiraz mitinqlərinin arxasında Rusiya qüvvələrinin dayandığı məlumdur. Katalikos II Qaregin və milyarder Samvel Karapetyanın həmlələrində də Rusiyanın əli olduğu heç kimə sirr deyil.
Ermənistan seçkiyə hazırlaşır.

Rusiya bu seçkilərdə bütün imkanlarını səfərbər etməyə çalışacaq. Hətta Azərbaycanda həbsdə olan Ruben Vardanyanın seçki öncəsi Ermənistana verilməsi üçün təzyiqlər artırıla bilər. Nəzərə alsaq ki, Vardanyan və digərlərinin sərbəst buraxılması üçün Qərbdən də təzyiqlər davam edir, bu ehtimalı yüksək tutmaq olar.

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın ortalarında Rusiyanın Ermənistandakı dəmiryolu konsessiyasının hər iki tərəfə dost ölkəyə (məsələn, Qazaxıstana, BƏƏ-yə və ya Qətərə) satılmasını təklif edib. Paşinyan bildirib ki, Ermənistanın Rusiyaya qarşı heç bir iddiası yoxdur, lakin konsessiya ölkəyə müəyyən rəqabət itkiləri yaradır.

Rusiya Təhlükəsizlik Şurası sədri Sergey Şoyqu isə bu təklifi “təhlükəli eksperiment” adlandıraraq onun ağırlığının Ermənistan vətəndaşlarının üzərinə düşəcəyini vurğulayıb. Bu, açıq şəkildə Ermənistan iqtisadiyyatına təzyiq mesajıdır.

Ancaq Rusiya artıq keçmişdəki qədər güclü deyil və Ermənistan tərəfi bunu yaxşı başa düşür. Rusiyanın zəiflədiyi, İranın başının özünə qarışdığı bir vaxtda Ermənistan blokadadan çıxmaq və dünyaya sürətlə inteqrasiya etməkdə maraqlıdır.

Qafqaz Tədqiqatlar Mərkəzi