Tarix və real zamanda yaşananlar göstərir ki, istər dövlətin, istərsə də xalqın ən böyük sərvəti ədalətli məhkəmə sistemidir. Məhkəmə hakimiyyəti müstəqil və şəffaf olmayanda, ədalət və sosial rifah əlçatmaz olur.

Uzun illərdir ki, Azərbaycan məhkəmələri sifarişlə qərar qəbul edən, məmurları cəzalardan qoruyan instansiya rolunda çıxış edir. Ölkədəki bütün səlahiyyət sahibləri fəaliyyətlərinin təftiş olunmayacağına əmindirlər; bilirlər ki, əsas şərt sistemin başında duranlara sədaqətli olmaqdır.

Təsadüfi deyil ki, Azərbaycan Avropa Məhkəməsinə ən çox şikayətin göndərildiyi ölkələr sırasındadır. Bu qurum 2020-ci ildə Azərbaycanı ən problemli ölkələrdən biri kimi qiymətləndirmişdi.

Prezident İlham Əliyevin 2019-cu ilin aprel ayının 3-də imzaladağı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuzu olan ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməliydi.

Fərmanda həmçinin qeyd olunurdu ki, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların vaxtında icrası edilməsi təmin olunmalı, süründürməçiliyin və başqa neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlididir.

Həmin fərmanın imzalanmasından 7 il keçir. Bu müddət ərzində azad mətbuat sıradan çıxarılıb, müstəqil jurnalistlər həbs olunub, vətəndaş cəmiyyəti məhv edilib, siyasi müxalifətə divan tutulub, çünki qondarma ittihamlar məhkəmələr tərəfindən mötəbər dəlil kimi qəbul edilib deyə.

Hazırda yüzlərlə günahsız insanın həbsdə olması, korrupsiya səviyyəsinin durmadan artması, bütün seçkilərin saxtalaşdırılması məhz ədalətli məhkəmə sisteminin olmamasının nəticəsidir. Əks halda qanunsuzluq bu qədər geniş vüsət almaz, məsuliyyətsizlik bu həddə çatmazdı. 

Süni intellekt təbii hal almış ədalətsizliyə necə əngəl olacaq?

Bugünlərdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda çıxış edib, deyib ki, süni intellektin tətbiqi məhkəmələrin araşdırdığı mürəkkəb işlərin analizində və qərarların dəqiqliyinin artırılmasında əhəmiyyətli rol oynayacaq.

Mövcud realıqsa deyir ki, bunun üçün ilk növbədə siyasi iradə olmalıdır. Prezident fərmanının 180 dərəcə əks istiqamətdə icra edildiyi ölkədə məhkəmə sistemini süni intellekt vasitəsilə düz istiqamətə aparmaq qeyri-mümkündür.

“Politfm”