Azərbaycanda xəstəliklərin sürətlə artması, cavanlaşması, vətəndaşın müalicə-müayinə imkanlarının getdikcə azalması bilinən faktdır və bunu rəsmi rəqəmlər də təsdiqləyir. Amma son 10 ilin statistik göstəriləri deməyə əsas verir ki, onkoloji xəstəliklər ölkədə daha böyük vüsət alıb, vətəndaşsa bu xəstəliklə mübarizədə köməksiz qalıb.

Qeyd edək ki, 2017-ci ildə ölkəmizdə 45,7 min onkoloji xəstə var idisə, 2018-ci ildə 49,1 min, 2021-ci ildə isə 52 718 nəfərə çatıb.
Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 69000 onkoloji xəstə olub. 2026-cı ilin yanvar ayına olan statistika ölkədə 73 875 nəfər onkoloji xəstətə olduğunu göstərir.

Ən dəhşətlisi isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10,6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb.

Müətəxəssilər qeyd edirlər ki, Azərbaycandakı vəziyyət onkoloji xəstəliklərin çoxalmasına gətirib çıxarır. İnsanların həyat, istirahət, qida təhlükəsizliyi və əmək şəraitindən tutmuş, ekoloji tarazlığına qədər bütün parametrlərdə belədir. Xüsusilə də qidalanmanın və ərzaq məhsullarının kefiyyətinin aşağı olması onkoloji xəstələrin sayını artırır.

Onkoloji soyğunçuluq

2006-cı ildə qəbul edilmiş “Onkoloji yardım haqqında” qanununa görə, hər bir Azərbaycan vətəndaşının onkoloji müayinə və müalicəsi dövlət tibb müəssisələrində və dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir.

2007-ci ildən etibarən bu məqsədlə hər il dövlət büdcəsindən pul ayrılır. Elə həmin ildən bu məbləğ birbaşa Milli Onkologiya Mərkəzinə köçürülür.

2025-ci ildə bu məbləğ 60,4 milyon manat təşkil edibb. 2026-cı ildə bu vəsaitin 66 milyon manata çatdırılması nəzərdə tutulur.
Bəs, real vəziyyət necədir?

El arasında Onkologiya Mərkəzini “qəssabxana”, “ölüm kamerası”, “soyğunçuluq məkanı” adlandırırlar. Bu xəstəliyə düçar olan vətəndaş evini, maşınını satmalı, bankdan kredit götürməli olur.

Bütün analizlər, dərmanlar pulludur, təkcə elə kimyaterapiya böyük vəsait tələb edir. Halbuki qanun dövlət hesabına ödənilən müalicə vasitələrinin siyahısında 229 adda dərman və dərman pereparatının olmasını nəzərdə tutur.

Rəsmi statistikaya görə, dövlət hər bir onkoloji xəstəyə 5000-15000 manat arasında vəsait xərcləyir. Reallıq isə başqadır – onkoloji xəstələrə qazanc yeri kimi baxılır.

Dünya ölkələrinin təcrübəsi

İnkişaf etmiş ölkələrdə onkoloji xəstənin müalicəsi üzrə planı təkcə onkoloq yox, cərrah, radioloq, psixoloq və diyetoloqdun da daxil olduğu “Şiş şurası” hazırlayır.
Müalicəsi mümkün olmayan və ya ağır mərhələdə olan xəstələrin ağrılarının azaldılması və həyat keyfiyyətinin artırılması üçün xüsusi “Hospis” xidmətləri fəaliyyət göstərir.
Standart paketə xəstə və onun yaxınları üçün peşəkar psixoonkologiya xidməti də daxildir.

Almaniya

Almaniyada onkoloji xəstələrin müalicəsinə xərclənən vəsait həm dövlət (sığorta), həm də fərdi xərclər baxımından Avropada ən yüksək göstəricilərdən biridir. Bu ölkə səhiyyə büdcəsinin təxminən 6-7%-ni birbaşa xərçənglə mübarizəyə ayırır.

Xərçəngin növünə, mərhələsinə və tətbiq olunan texnologiyaya görə müalicə xərcləri kəskin fərqlənir.
Bütün xərclərin 90-95 faizini dövlət ödəyir.

Məsələn, kimyaterapiya üçün 2,500 – 7,000 avro, radioterapiya üçün 8,000 – 26,000 avro, CAR-T hüceyrə terapiyası üçünsə 330,000 – 340,000 avro vəsait ayrılır.

Almaniya Avropa İttifaqında səhiyyəyə ən çox vəsait ayıran ölkədir (ÜDM-in təxminən 12.7%-i qədər). Bu, yeni nəsil dərmanların xəstələr üçün daha əlçatan olmasını təmin edir.

Fransa

Fransada onkoloji xəstələrin müalicəsi dövlət tərəfindən və çox yüksək ölçüdə maliyyələşdirilir. Bu ölkənin səhiyyə sistemi onkoloji xəstəlikləri “uzunmüddətli xəstəliklər” siyahısına daxil edib.

Dövlətin bu sahəyə ayırdığı vəsaitləri və təminatları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Dövlət sığortası müalicə xərclərinin 100%-ni qarşılayır.

2. 2021-2030-cu illəri əhatə edən Milli Xərçəng Planına uyğun olaraq Fransa hökuməti onkologiya sahəsinə xüsusi büdcə ayırır. Hazırda icra olunan 10 illik plan çərçivəsində yalnız ilk 5 il üçün 1.74 milyard avro əlavə vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi elmi tədqiqatlara, erkən diaqnostikaya və müalicə metodlarının modernləşdirilməsinə xərclənir. Dövlətin illik onkoloji xərcləri (müalicə, reabilitasiya və dərmanlar daxil) milyardlarla avrodur.

3. Xəstənin fərdi müalicəsi üçün ayrılan məbləğ diaqnozdan asılı olaraq dəyişir. Standart bir onkoloji müalicə kursu dövlətə ortalama 20,000€ – 50,000€ arası başa gəlir. İmmunoterapiya və ya hədəfəyönlü terapiya kimi müasir metodlar tətbiq edildikdə bu rəqəm illik 100,000€-dan yuxarı ola bilər. Xəstə bu məbləğin demək olar ki, heç bir hissəsini öz cibindən ödəmir.

4. Dövlət təkcə tibbi müalicəni yox, köməkçi xidmətləri də maliyyələşdirir. Xəstəxanaya gediş-gəliş üçün taksi və ya təcili yardım xərcləri sığorta tərəfindən ödənilir. Reabilitasiya və onkopsixoloq xidmətləri də paketə daxildir. Müalicə nəticəsində yaranan estetik ehtiyaclar üçün müəyyən məbləğdə kompensasiya da verilir.

İsrail

İsraildə onkoloji xəstələrə qayğı həm tibbi texnologiyaların ən son nailiyyətlərinə, həm də xəstənin ümumi rifahını hədəfləyən 360 dərəcəlik kompleks yanaşmaya əsaslanır. Ölkənin onkologiya mərkəzləri (məsələn, “Sheba”, “Ichilov”, “Hadassah”) xərçəngin müalicəsində dünya liderləri hesab olunur.

İsraildə onkoloji xəstələrə qayğının əsas sütunları bunlardır:

– multidissiplinar yanaşma. Xəstənin müalicəsi tək bir həkim tərəfindən yox, müxtəlif sahə mütəxəssislərindən ibarət “onkopsixoloqlar şurası” tərəfindən idarə olunur. Bu komandaya onkoloqlar, cərrahlar, radioloqlar, genetiklər və psixoloqlar daxildir. Hər bir xəstə üçün fərdi müalicə protokolu hazırlanır;

– ənənəvi üsullarla yanaşı, dünyada yeni tətbiq edilən texnologiyalardan da geniş istifadə edilir. Xəstənin öz immun sistemi xərçəng hüceyrələrinə qarşı mübarizəyə yönəldilir.

Xüsusilə CAR T-hüceyrə terapiyası və TIL protokolu (melanoma üçün) burada çox inkişaf edib. Sağlam hüceyrələrə zərər vermədən yalnız xərçəng hüceyrələrinin genetik mutasiyalarını hədəf alan dərmanlar tərbiq edilir;

“Da Vinci” robotu vasitəsilə minimal invaziv (kiçik kəsiklərlə) əməliyyatlar icra olunur ki, bu da xəstənin bərpa müddətini qısaldır. RapidArc, SBRT və brahiterapiya kimi üsullarla radiasiya birbaşa şişə yönəldilir, ətrafdakı sağlam toxumalar qorunur;

– fərdi tibb və genetika: müalicəyə başlamazdan əvvəl şişin genetik xəritəsi çıxarılır. Bu, şişin hansı dərmanlara həssas olduğunu və hansı müalicənin ən yüksək nəticə verəcəyini əvvəlcədən müəyyən etməyə imkan verir;

– xərçəng yalnız fiziki xəstəlik kimi yox, həm də ciddi psixoloji sınaq kimi qəbul edilir. Diaqnozun qoyulan andan etibarən xəstələrə və onların ailələrinə dəstək verilir. Müalicə zamanı ağrının idarə olunması (paliativ qayğı) və qidalanma məsləhətləri mütləq şəkildə həyata keçirilir. Xəstələrin sosial izolyasiyadan qorunması üçün müxtəlif proqramlar tətbiq olunur.

Həyəcan təbili çalınmalıdır

Bu ölkələrin nümunəsindən göründüyü kimi, normal ölkələrdə vətəndaşın xərçəngələ mübarizəsi üçün dövlət ciddi addımlar atır. Vətəndaşın sağlamlığı üçün milyardlarla dollar vəsait xərclənir.
Azərbaycanda da bu xəstəliklə mübarizə dövlətin prioritetləri arasında olmalıdır. Çünki xərçəng xəstələrinin sayı hər il sürətlə artır. Tendensiya göstərir ki, gələcəkdə daha böyük rəqəmlərlə üz-üzə qala bilərik.

Hökumət həyəcan təbili çalmalı, bütün xərclərin dövlət tərəfindən ödənilməsini təmin etməli, qida təhlükəsizliyini əsas fəaliyyət istiqamətlərindən birinə çevrirməlidir.

“Politfm”