ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu TRIPP layihəsi çərçivəsində ərazi araşdırmalarına başlamaq üçün Amerikanın mühəndis-məsləhət şirkəti AECOM-un nümayəndə heyətini Ermənistana göndərib.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

“Bu işlərə texniki-iqtisadi əsaslandırmanın hazırlanması, eləcə də Ermənistanda uzunmüddətli iqtisadi artıma, nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və regional inteqrasiyaya töhfə verəcək dəmir yolunun və digər infrastrukturun yaradılması üzrə təkliflər hazırlanması daxildir” – məlumatda belə qeyd olunur.

Yanvarın 14-də Ermənistan və ABŞ TRIPP layihəsinin icra çərçivələri barədə birgə bəyannamə yayıblar.


TRİPP (Trump Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) – ABŞ prezidenti Donald Trampın təklifiylə qəbul olunmuş, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasıyla birləşdirəcək yolun adıdır.
8 avqust 2025-ci ildə Ağ Evdə Prezident Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsilə bağlı birgə bəyannamə imzalayıblar.