Fevralın 5-də Bakı Hərbi Məhkəməsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş rəhbərlərinə və onlarla birlikdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Onlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, o cümlədən, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və onu zorla əldə saxlama kimi ağır cinayətlərdə ittiham olunurdular.
Bugünkü açıq məhkəmə prosesində Ermənistan vətəndaşları Arayik Harutyunyana, Arkadi Qukasyana, Bako Saakyana, Davit İşxanyana, David Babayana, Levon Mnatsakanyana və digərlərinə hökm oxunub.
Məhkəmənin qərarıyla “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “prezidenti” Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum olunub.
Keçmiş “müdafiə naziri” Levon Mnatsakanyana, keçmiş “parlament sədri” David İşxanyana, “müdafiə nazirinin” keçmiş “müavini” David Manukyana və keçmiş “xarici işlər naziri” David Babayana da ömürlük həbs cəzası verilib.
Arkadi Qukasyan və Bako Saakyan ömürlük həbs cəzası nəzərdə tutan cinayətlərdə ittiham olunsalar da, hökm çıxarılanadək 65 yaşına çatdıqları üçün hər ikisi 20 il müddətinə azadlıqdan məhrum edilib.
Madat Babayana 19 il azadlıqdan məhrumetmə cəzası verilib.
Proses 2025-ci il yanvarın 17-də başlamışdı.
Azərbaycanla Ermənistan arasında ərazi münaqişəsi 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Ermənistan hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsini işğal ediblər. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib.



