Donald Trampın cəmi bir illik hakimiyyəti ərzində ABŞ “Amerika əzəmətinin qızıl dövrü”nə qədəm qoyub – özü belə hesab edir və bu, hətta Ağ Evin rəsmi saytının əsas səhifəsində də qeyd olunub. Onun iddiasına görə, iqtisadiyyat rekord templərlə böyüyür, əhali zənginləşir, ölkə isə qlobal enerji və texnologiya hegemonu olaraq mövqeyini möhkəmləndirir.
Bu, həqiqətən də belədirmi? Ümumiyyətlə, “Amerikaya əzəmətini qaytarmaq” vədi yerinə yetirilirmi?
“Mənim rəhbərliyim altında Amerikada misli görünməmiş iqtisadi bum yaşanır” – Tramp bu həftə Ayova ştatındakı çıxışı zamanı belə deyib. — “İnflyasiya dayandırılıb, gəlirlər artır, qiymətlər enir. İqtisadiyyat sürətlə yüksəlir. İşçi sinfi çiçəklənir. Biz heç vaxt olmadığı şəkildə qələbədən qələbəyə gedirik”.
Amma bir çox amerikalı belə düşünmür. Yanvar ayında keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 60%-i Trampın inflyasiyayla mübarizəsindən narazıdır, 57%-i onun digər ölkələrlə apardığı tarif müharibəsini dəstəkləmir, 51%-i Trampın iqtisadi siyasətini bəyənmir, 42%-i isə bu siyasətdən son dərəcə narazıdır.
İqtisadçıların qiymətləndirmələri isə daha pessimistdir.
“Nə bum var, nə də yüksəliş. Bir sıra göstəricilər üzrə iqtisadiyyat Co Baydenin dövründəkindən xeyli pisdir” – Nobel mükafatı laureatı Pol Kruqman belə deyir.
Kim haqlıdır?
Trampın ikinci prezidentlik müddətindəki iqtisadi uğurlarıyla bağlı 10 əsas bəyanını və bu iddiaları qiymətləndirməyə imkan verən statistika və ekspert şərhlərini təqdim edirik.
1. Amerikada misli görünməmiş iqtisadi bum yaşanır?
“Mənim rəhbərliyim altında Amerikada misli görünməmiş iqtisadi bum yaşanır. Beləsi heç vaxt olmayıb” – Tramp Ayovada belə deyib.
Dünya Bankının qiymətləndirməsinə görə, ABŞ iqtisadiyyatı 2025-ci ildə 2,1% artıb və yaxın iki ildə təxminən 2% artım olacaq.
Bayden dövründə artım daha yüksək idi: 2024-cü ildə 2,8%, 2023-cü ildə isə 2,9%.
İqtisadçılar hesab edirdilər ki, ABŞ prezidentinin tarif müharibəsi, o cümlədən, Mərkəzi Banka, miqrantlara və federal qurumlara qarşı sərt mövqeyi iqtisadi yavaşlamaya səbəb olacaq. Amma Trampın tarif artımlarıyla bağlı hədələrinin bir çoxu elə onun sosial şəbəkə paylaşımlarında qaldı, tətbiq olunan tariflərsə elan etdiyindən xeyli aşağı oldu.
Hərçənd iqtisadi artım hərtərəfli deyil və əsasən “Microsoft”, “Amazon” və “Google” kimi nəhəng şirkətlərin süni intellekt sahəsinə yönəltdiyi iri investisiyalar hesabına baş verir. Amma bunlar xərclərdir – bu pulların gəlir gətirəcəyi, yoxsa “köpüyə” çevrilib əriyəcəyi hələ ki bəlli deyil.
2. Trampın tarifləri Amerikanı zənginləşdirir?
“Tariflər sayəsində pul ölkəmizə sel kimi axır. İndi biz zəngin ölkəyik” – Tramp belə deyir.
Bəli, pul axır, amma Amerikaya yox. Trampın dediyinə görə, idxal rüsumlarını ABŞ bazarına çıxmaq istəyən xaricilər ödəyir. Alimlər isə tam əksini sübut edirlər.
Almaniyanın Kiel İnstitutunun hesablamasına görə, tarif gəlirlərinin cəmi 4%-ni xaricilər ödəyir, qalan 96%-i ABŞ biznesinin və vətəndaşlarının üzərinə düşür.
Üstəlik, tariflər yalnız idxalçıların xərclərini artırmır, həm də ixracatçıların gəlirlərini azaldır. Məsələn, Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışını məhdudlaşdırandan sonra Tramp fermerlərə 12 milyard dollar subsidiya ayırmağa məcbur olub.
İqtisadçılar xəbərdarlıq edirlər ki, bu cür dövlət müdaxiləsi bazar mexanizmlərini pozur, artımı zəiflədir və rəqabət qabiliyyətini azaldır.
Tramp Ayovada öyünüb ki, subsidiyalar tarif siyasətinin uğurlu olduğunu sübut edir. Onun sözlərinə görə, rüsumlar büdcəyə artıq 200 milyard dollar gəlir gətirib və indi həmin vəsaiti istədiyi kimi bölüşdürə bilər.
İqtisadçılarsa bunun heç də yaxşı hal olmadığını deyirlər; bildirirlər ki, iqtisadiyyatın dövlətləşdirilməsi – vəsaitlərin hara xərclənməsinə biznesin və əhalinin yox, Trampın qərar verməsi bazar mexanizmlərini təhrif edir, iqtisadi artımı ləngidir və rəqabət qabiliyyətini zəiflədir.
Almaniyanın Kiel İnstitutunun iqtisadçıları yazırlar ki, tarif gəlirləri Amerika xəzinəsinə xaricilərdən yox, amerikalıların özlərindən toplanır. İqtisadi baxımdan bu rüsumlar istehlak vergisindən heç nəylə fərqlənmir.
ABŞ-dakı “Tax Foundation” təşkilatının əməkdaşları isə Trampın tariflərini ABŞ-da son 30 ildən artıq dövrün ən böyük vergi artımı adlandırırlar.
“Problem deyil” – Tramp onlara belə cavab verir və iddia edir ki, amerikalılar hər gün daha da zənginləşir.
3. Tramp amerikalılara iş verib?
Tramp Ayovadakı çıxışında deyib ki, “Bizdə məşğulluq göstəriciləri möhtəşəmdir və əgər dövlət sektorunda yüz minlərlə işçisini ixtisar etməsəydim, daha da yaxşı olardı”.
Lakin Pol Kruqman qeyd edir ki, həmin ixtisarlar nəzərə alınmasa belə, Trampın ikinci müddətinin ilk ilində özəl sektorda son on ilin ən zəif məşğulluq artımı qeydə alınıb. Səhiyyə və sosial sahə istisna olmaqla, 2025-ci ildə faktiki olaraq geriləmə baş verib.
Amma vəziyyəti çox yaxşı olanlar da var.
“Əgər Amerikada sürətlə böyüyən bir şey varsa, bu, milyarderlərin sərvətidir. O sahədə partlayış səviyyəsində yüksəliş var” – Kaliforniya Universitetinin iqtisadçısı Qabriel Zukman belə yazır. Onun sözlərinə görə, 15 il əvvəl ABŞ-ın ən zəngin 20 nəfərinin sərvəti milli gəlirin 3%-nə bərabər idisə, indi bu göstərici 12%-ə çatıb.
4. Tramp amerikalıları daha varlı edib?
Trampın Ayovadakı çıxışından daha bir sitat:
“Bu bir ildə çox adam varlanıb. Mən sadəcə işləyirəm, onlarsa daha da varlanırlar. Onların heç vaxt belə maaşı olmayıb. Ən yaxşı vəziyyət fond bazarındadır”.
Amma aktivlərin bahalaşmasından sadəcə səhmləri olanlar faydalanır. Bu sahədəki sürətli qiymət artımı isə sosial bərabərsizliyi daha da dərinləşdirir.
Üstəlik, ABŞ fond bazarının artım tempi digər ölkələrlə müqayisədə geri qalıb. Tramp Ağ evə qayıdandan sonra kapitalını ABŞ-dən çıxarıb xaricə yatıranlar orda, demək olar ki, iki dəfə çox qazanıblar.
5. Tramp inflyasiyaya qalib gəlib?
Tramp Ayova ştatında həmçinin qeyd edib ki, “İnflyasiya dayandırılıb. Mağazalardakı qiymətlər, aviabiletlər, otellər, avtomobillər, kirayə haqqı – hər şey ucuzlaşıb və bu, çox sürətlə baş verib”.
Amma “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 60%-i bu fikirlə razı deyil. Qiymət artımının tempi zəifləsə də, qiymətlər enmir, sadəcə əvvəlkindən daha yavaş sürətlə artır. İqtisadçılar 2026-cı ildə inflyasiyanın yenidən sürətlənə biləcəyini istisna etmirlər.
6. Pullar Amerikaya sel kimi axır?
“Biz 18 trilyon dollarlıq rekord investisiya təminatları almışıq – Tramp Ayova ştatında bildirib. – Tarixdə heç bir ölkədə belə hal olmayıb. Bu, sadəcə möcüzədir və hamısı tariflər sayəsindədir”.
Doğrudan da, Tramp ikinci prezidentlik müddətinin ilk ili boyunca digər ölkələri idxal tarifləriylə hədələyərək ticarət tərəfdaşlarından güzəştlər qoparmağa çalışıb. Onlardan yalnız rüsumları azaltmağı deyil, həm də Amerika iqtisadiyyatına investisiya qoymaq və ya Amerikadan milyardlarla dollar dəyərində mal almaq vədi tələb edib.
Bir çox ölkə bu öhdəlikləri qəbul edib. Ancaq tarixi təcrübə və sağlam məntiq bu vədlərin səmimiliyinə və icra olunacağına şübhə yaradır.
Məsələn, Avropa ABŞ-yə 600 milyard dollar həcmində investisiya yatırmağa razılaşmışdı. Onda iqtisadçılar bunun real olmadığını bildirmişdilər. Elə də oldu – ötən ilin iyul ayında əldə olunmuş “razılaşma” uzun müddətə təxirə düşdü, çünki Avropa Parlamentində ratifikasiya olunmamışdan əvvəl Tramp onu pozmağa qərar verdi – Avropanı hədələdi ki, Danimarka Qrenlandiyanı ABŞ-a verməsə, yeni tariflər tətbiq edəcək.
Trampın elan etdiyi 18 trilyon dollarlıq investisiyanın 4 trilyon dollarını neft şeyxləri vəd ediblər. Amma bu “qızıl qumlar” PIIE institutunun iqtisadçılarına Ərəbistan səhrasının ilğımını xatırladır.
Onların bildridiyinə görə, indiyədək nə Səudiyyə Ərəbistanı, nə Qətər, nə də BƏƏ ABŞ-a ciddi investisiya yatırıb. Eyni zamanda, bu ölkələrin Amerikayla, demək olar ki, heç bir ticari əməkdaşlığı yoxdur. Üstəlik, onların nə o qədər pulu var, nə də Trampın xətrinə borca girmək, öz iqtisadiyyatlarına yatıracaqları təsdiqlənmiş investisiyalardan imtina etmək niyyəti.
7. Amerika işçiləri üçün qızıl dövr?
Avqust ayında ABŞ Əmək Nazirliyi “sadə işçilər bumu” başladığını elan emişdi.
Bu qurumun keçmiş analitiki Cozef Politano isə məşğulluq statistikasını təhlil edərək tamamilə fərqli nəticəyə gəlib.
2025-ci ildə sənaye sektorunda 65 min iş yeri ixtisara düşüb. Halbuki Baydenin dövründə – 2024-cü ildə bu sahədə 250 min yeni iş yeri yaradılmışdı. Yavaşlama fəhlə peşələriylə bağlı bütün sahələri, o cümlədən, tikinti, nəqliyyat, dağ-mədən və emal sənyesi sahələrini əhatə edib.
“Tariflər istehsalda məşğulluğu zəiflədir, çünki xammal və komponentlərin dəyərini artırır. Miqrantlara qarşı reydlərsə tikintidə məşğulluğa zərbə vurur. Ağ Ev ‘sadə işçilər bumu” vəd edir. Amma belə bir şey yoxdur, tam tərsi baş verir” – Politano belə yazır.
8. Amerika sənayesi dirçəlir?
Ağ Ev ötən ilin sonunda bəyan etmişdi ki, “Prezident Trampın rəhbərliyi altında Amerikada sənaye bumu yaşanır”.
Yuxarıda da qeyd olunduğu kimi, məşğulluq statistikası bunun əksini göstərir. Amma Donald Trampın komandasının qələbə ritorikasına şübhəylə yanaşmaq üçün başqa əsaslar da var.
Tramp dövlət dəstəyinə yox, xariciləri tarif hədələriylə ABŞ-də istehsala investisiya qoymağa məcbur etməyə üstünlük verir. PIIE iqtisadçıları xəbərdarlıq edirlər ki, bu, riskli yanaşmadır:
“Bayden dövründə sənaye siyasəti dövlət xərcləri, subsidiyalar və vergi güzəştləri hesabına maliyyələşdirilirdi. Tramp administrasiyası isə maliyyəni xaricdən tapmağa çalışır”.
Belə yanaşmada investisiyalar üçün ən yaxşı layihələrin deyil, Trampa və ya onun sponsorlarına sərfəli olan layihələrin seçilməsi ehtimalı artır ki, bu da yatırımların səmərəliliyini şübhə altına alır.
Üstəlik, Tramp investisiya vədlərinə hədələrlə nail olur, amma “məcburiyyət yadlaşma yaradır”. Artıq bu, ABŞ və Avropa İttifaqı arasında Qrenlandiyayla bağlı münaqişə nümunəsində özünü göstərib.
Belə münasibətlərdənsə növbəti problem doğur — bu barədə növbəti bölmədə.
9. Amerika qlobal lider rolunu möhkəmləndirir?
“Biz heç vaxt olmadığı şəkildə qələbədən qələbəyə gedirik. Amerikaya dünyada heç vaxt indiki qədər hörmət edilməyib” – Tramp Ayovada belə deyib.
Ancaq rəqəmlər tam əksini deyir.
21 ölkədə aparılmış sorğunun nəticələri göstərir ki, Trampın “Öncə Amerika” siyasəti digər ölkələri ABŞ-nin bir nömrəli iqtisadi, hərbi və siyasi rəqibi olan Çinə daha da yaxınlaşdırır.
PIIE ekspertləri qeyd edirlər ki, ABŞ-nin digər ölkələri “təhlükəsizlik üçün pul ödəməyə” məcbur etmək cəhdləri müttəfiqlərlə münasibətləri korlaya və onları Amerikaya qarşı birləşməyə sövq edə bilər. Bu tendensiya Qrenlandiya qalmaqalından sonra daha da güclənib.
Məsələn, Kanadada ABŞ burbonundan imtina edilir, Danimarkada isə alıcılara Amerika məhsullarını almaqdan yayınmağa kömək edən mobil tətbiqlər yaranıb.
10. Hər şey indi başlayır?
“Mənim rəhbərliyim altında Amerikada misli görünməmiş iqtisadi bum yaşanır. Beləsi heç vaxt olmayıb. Və hər şey indi başlayır” – Tramp bunu tərəfdarlarına Ayovada vəd edib.
Tramp əmindir ki, qarşıda yalnız yaxşı günlər var. İqtisadçılarsa bildirlər ki, vəziyyət daha da pisləşəcək.
Çünki Trampın ikinci prezidentlik müddətinin ilk ilinin əsas nəticəsi budur -biznesin və əhalinin gələcəyi planlaşdırmasına mane olan qatı “duman” və tam bir qeyri-müəyyənlik.
PIIE rəhbəri Adam Pozen qeyd edir ki, ABŞ-də rifahın artması üçün bütün şərtlər mövcuddur. Tramp vergiləri azaldıb (Amma idxala yeni vergi tətbiq edib). Kreditlər ucuzlaşır, şirkətlərin kifayət qədər pulu var, enerji daşıyıcılarının qiyməti düşür, tənzimləmə yumşaldılır.
Amma əhali və biznes nə xərcləməyə, nə də iqtisadiyyatı böyütməyə tələsir. Eyni zamanda, onlar qiymətləri qaldırmağa və işçiləri ixtisar etməyə də tələsmirlər. Niyə? Çünki hakimiyyətdə Trampdır.
“Günah qeyri-müəyyənlikdədir. Bu durum qərarvermə prosesini iflic edir” – Adam Pozen “Bloomberg Businessweek”-də dərc olunan məqaləsində belə yazır.
Tramp baş verənlərdən nəticə çıxarıb siyasətini dəyişəcəkmi?
Nobel mükafatı laureatı Pol Kruqman buna şübhəylə yanaşır:
“Bəli, ABŞ iqtisadiyyatı 2025-ci ildə çökmədi. Amma nəticələr o qədər pisdir ki, istənilən başqa prezident siyasətini yenidən nəzərdən keçirərdi. Amma Tramp bunu etməyəcək. Onun baş verənlərə yalnız bir reaksiyası var: uğursuzluğu inkar etmək və eyni şeyi ikiqat enerjiylə təkrarlamaq”.
BBC



