Tramp administrasiyası dövlət sirrlərini çatda bölüşdü
Tramp administrasiyası husilərə qarşı zərbələri planlaşdırarkən bu məsələləri qrup çatında müzakirə edib. Səhvən həmin çata The Atlantic jurnalının baş redaktoru da əlavə olunub.
The Atlanticin məlumatına görə, danışıqlar Signal messenceri vasitəsilə aparılıb. The Economist jurnalının şərhçisi Şaşank Coşi qeyd edir ki, bu tətbiqdən adətən məmurlar texniki məsələlər üçün istifadə etsələr də, hərbi əməliyyatlar kimi həssas mövzular yalnız xüsusi rabitə kanalları ilə müzakirə olunmalıdır.
Müzakirənin aparıldığı çatda 18 nəfər iştirak edib. Onların arasında ABŞ müdafiə naziri Pit Hegset, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff, prezidentin milli təhlükəsizlik müşaviri Mayk Volts və daxili təhlükəsizlik müşaviri Stiven Miller də olub.
Hegset çatda husilərə qarşı planlaşdırılan hücumların detallı məlumatlarını – zərbələrin dəqiq vaxtını, hədəflərin yerini və istifadə olunacaq silah növlərini bir neçə saat əvvəldən paylaşırdı. Volts və Miller isə əməliyyatın ABŞ-a nə qədər baha başa gələcəyini və bu xərclərin Avropa ölkələrinin üzərinə qoyulmasının mümkün olub-olmayacağını müzakirə ediblər. Onlar hesab ediblər ki, ABŞ-ın hərbi əməliyyatları nəticəsində Avropa dövlətləri də fayda əldə edəcək, çünki Qırmızı dənizdə gəmiçiliyin bərpası təmin olunacaq.
Xatırladaq ki, ABŞ 15 mart tarixində Yəməndəki husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyatın məqsədi Qırmızı dənizdə təhlükəsiz gəmiçiliyi bərpa etmək kimi təqdim olunur. Hava zərbələri Yəmənin paytaxtı Sənaya da yönəlib. Husilərin məlumatına görə, ilk gün həyata keçirilən hücumlar nəticəsində 50-dən çox mülki şəxs həyatını itirib.



