Senatorlar Tramp administrasiyasını Rusiya aktivlərindən istifadə etməyə çağırırlar

Respublikaçı senatorlar Todd Yanq və Lindsi Qrem, eləcə də demokrat senatorlar Riçard Blumental və Tim Keyn Ağ Evə məktub göndəriblər, – Reuters xəbər verir. Onlar məktubda hazırkı prezident Donald Tramp və onun administrasiyasına müraciət edərək aşağıdakı sualları ünvanlayıblar:

– Tramp administrasiyası Rusiyaya təzyiqləri artırmaq üçün ixtiyarında olan bütün maliyyə alətlərindən istifadə etməyə hazırdırmı?

– Xüsusilə, ABŞ və Aİ-nin mülkiyyətində olan dondurulmuş Rusiya aktivlərinin Rusiya ilə danışıqlarda müharibəyə son qoymaq üçün təzyiq vasitəsi kimi istifadə olunmalı olduğunu hesab edirmi? Əgər belədirsə, bu necə həyata keçiriləcək?

Xatırladaq ki, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ümumi məbləği 260 milyard avrodan (300 milyard dollar) çox olan Rusiya aktivləri dondurulub. Bu aktivlərin əsas hissəsi Belçikada yerləşən Euroclear adlı beynəlxalq maliyyə saxlama mərkəzində saxlanılır.