ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini NATO-nun gələcəyilə bağlı təhdid etsə də, onun Hörmüz boğazında neft daşımalarının davamlılığı üçün beynəlxalq koalisiya təşəbbüsü Avropada dəstəklənmədi.
Almaniya kansleri Fridrix Merz Hörmüzdən keçən neft tankerlərinin hərbi gəmilərlə müşayiət olunması ehtimalı barədə suala belə cavab verdi:
“Hazırda dəniz yollarının hərbi üsullarla qorunması üçün bir səbəb görmürəm”.
Almaniyanın xarici işlər naziri Yohan Ueydful İranla bağlı gərginlik fonunda ölkəsinin beynəlxalq hərbi əməliyyata qoşulmayacağını bir daha təsdiqləyib.
İspaniyanın müdafiə naziri Marqarita Robles bütün ölkələrin qərarlarına hörmətlə yanaşdıqlarını, lakin İspaniyanın hazırda Hörmüz boğazına heç bir gəmi göndərməyəcəyini bildirib.
İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib ki, “Hörmüzdə hərbi əməliyyatlara daxil deyilik. Heç bir Avropa ölkəsi Hörmüz boğazında hərbi əməliyyata qoşulmaq istədiyini bildirməyib”.
Aİ-dən alternativ təklif
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Hörmüz boğazının açıq saxlanılması üçün Qara dəniz Taxıl Təşəbbüsünə bənzər modelin mümkün olub-olmadığını müzakirə etdiklərini bildirib.
Bu məsələni BMT baş katibi Antonio Quterreslə müzakirə etdiyini deyən Kallas vurğulayıb ki, Hörmüz boğazının bağlanması yalnız enerji yox, gübrə təchizatı baxımından da ciddi problemlər yarada bilər: “Bu il gübrə qıtlığı yaşansa, nəticəsi gələn il ərzaq çatışmazlığı ola bilər”.
Tramp dünən – martin 16-da keçirdiyi mərbuat konfransında Böyük Britaniyadan “məmnun olmadığını” bir daha vurğulayıb, amma əlavə edib ki, onun bu prosesə qoşulacağını düşünür.
Böyük Britaniya: bütün variantları müzakirə edirik
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Donald Tramp telefon danışığında qlobal daşımaya təsir edən problemlərin aradan qaldırılması üçün Hörmüz boğazının açılmasının əhəmiyyətini müzakirə ediblər.
Starmer bildirib ki, Böyük Britaniya “daha geniş müharibəyə cəlb olunmayacaq”, lakin real bir plan üzərində işləyir:
“Neft bazarında sabitliyi təmin etmək üçün Hörmüz boğazını yenidən açmalıyıq. Bu, sadə məsələ deyil”.
Starmer hər hansı addımın “mümkün qədər çox tərəfdaşla razılaşdırılmalı” olduğunu bildirib.
Böyük Britaniyanın enerji naziri Ed Miliband da Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün “bütün variantları” nəzərdən keçirdiklərini qeyd edib.
Avstraliya Baş nazirinin müavini və medafiə naziri Riçard Marles deyib ki, ABŞ onlardan Hörmüz boğazına gəmi göndərilməsini istəməyib.
Marles əlavə edib ki, İrana qarşı hər hansı bir hücum əməliyyatına qoşulmağı heç bir şəkildə planlaşdırmırlar.
Yaponiya hökuməti də Hörmüz boğazına gəmi göndərmək planı olmadığını açıqlayıb.
Fransadan müşayiət missiyasına “yaşıl işıq”
Fransa prezidenti Emmanuel Makron deyib ki, Hörmüz boğazının mərhələli şəkildə açılması üçün konteyner gəmilərini və tankerleri müşayiət edəcək bir missiya yaratmağı planlaşdırırlar.
Makron bu missiyanın tamamilə dinc və müdafiə xarakterli olacağını, digər ölkələrin də bu təşəbbüsə qoşula biləcəyini qeyd edib.
Fransanın xarici işlər naziri Jan-Noël Barrot da bildirib ki, gəmiçilik azadlığı beynəlxalq dəniz hüququnun bir hissəsidir və Hörmüzdə təhlükəsizliyi təmin etmək üçün missiya yaradılacaq.
O əlavə edib ki, Avropadan və regiondan bir çox ölkə buna maraq göstərir.
Yunanıstan və digər ölkələr
Yunanıstan Baş nazirinin müavini Kostis Hacidakis bildirib ki, ölkəsi Hörmüzdəki və Yaxın Şərqdəki vəziyyətin iqtisadi nəticələrini digər Aİ ölkələri ilə birlikdə qiymətləndirəcək və buna uyğun qərar verəcək.
Avstriya, Macarıstan, Çexiya və Slovakiya missiyaya qoşulmaqla bağlı konkret mövqe bildirməyiblər.
Avstriya diplomatiyaya çağırış edib.
Macarıstan və Slovakiya enerji təchizatı problemlərinə fokuslanıb.
Çexiyada isə yeni hökumət müdafiə xərclərini artırmağı planlaşdırır.
NATO-dan açıqlama
NATO-nun adının açıqlanmasını istəməyən nümayəndəsi Hörmüz boğazının təhlükəsizliyində alyasın iştirak edib-etməyəciyinə dair suala belə cavab cavab verib:
“Müttəfiqlər Aralıq dənizində təhlükəsizliyi təmin etmək üçün artıq əlavə addımlar atıblar. Hörmüz boğazındakı təhlükəsizlik kontekstində daha nələr edə biləcəkləriylə bağlı ABŞ və digərləriylə müzakirələr aparılır”.
“Politfm”



