Foto: StanRadar
Milli Məclisin Hüquq siyasəti və insan hüquqları komitələrinin son iclasında müzakirə edilən məsələlərdən biri də İnzibati Xətalar Məcəlləsinə düzəliş təklifi olub.
Layihədə dilənçiliklə məşğul olanlara xəbərdar edilməsi, onların yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs nəzərdə tutulub.
Əlbəttə, deputatların sosial problemlərə diqqət etməsi müsbət haldır. Amma əvvəlcə həmin problemlərin səbəblərini araşdırmaq, hökuməti səbəbləri aradan qaldırmağa təşviq etmək daha doğru olardı. Azərbaycanda dilənçilik ilk növbədə ölkədəki yoxsulluqdan qaynaqlanan problemdir və bunu cərimə və həbslərlə həll etmək mümkün deyil.
Dünyada dilənçiliyə münasibət necədir?
Dünya ölkələrində dilənçiliyə münasibət həm hüquqi, həm də sosial baxımdan kəskin şəkildə dəyişir. Bəziləri bunu sosial yardım sisteminin çatışmazlığı kimi qiymətləndirərək humanist yanaşır, bəziləri isə ictimai asayişin pozulması və ya “peşəkar cinayət” sahəsi sayaraq qadağan edir.
Böyük Britaniyada 1824-cü il tarixli “Vaqrantlıq Aktı”na əsasən dilənçilik hələ də qadağandır, lakin son illərdə bu qanunun ləğvi və ya daha yumşaq tətbiqi müzakirə olunur.
Macarıstanda 2018-ci ildəki konstitusiya dəyişikliyinə əsasən küçədə yaşamaq və dilənmək qadağandır. Bu, Avropada ən sərt yanaşmalardan biri hesab olunur.
İsveçdə dilənmək üçün bələdiyyədən ödənişli lisenziya almaq tələb olunur. Bu, həm dilənçilərin qeydiyyata alınmasına, həm də “dilənçilik mafiyası” ilə mübarizəyə kömək edir.
Norveçdə bəzi bələdiyyələr dilənçiliyi qadağan etmək hüququna malikdir, amma ölkə səviyyəsindəki yanaşma əsasən sosial reabilitasiyaya yönümlüdür.
Almaniya qanunları passiv dilənçiliyə (oturaq halda dilənməyə) icazə verir. Lakin “aqressiv dilənçilik” (yoldan keçənlərin qarşısını kəsmək, toxunmaq) qadağandır və cərimələnir.
ABŞ-nin bir çox ştatında dilənçilik “söz azadlığı” çərçivəsində müdafiə olunur. İnsanların kömək istəməsi fundamental hüquq sayılır, lakin ictimai yerlərdə maneə sayılan hallarda məhdudlaşdırıla bilər.
Fransada dövlətin dilənçiliyə yanaşması kifayət qədər mürəkkəbdir. Bu məsələ həm ictimai asayiş, həm də sosial yardım müstəvisində tənzimlənir. Ölkə qanunvericiliyinə görə, dilənçilik öz-özlüyündə bir cinayət deyil, lakin onun müəyyən formaları qadağandır. Qadağan olunmuş yerlərdə dilənən şəxslər 38 avro cərimə olunur.
Çin dünyanın ən nağdsız cəmiyyətlərindən biridir. Bu səbəbdən, küçədə dilənən şəxslərin əlində ənənəvi qablar deyil, “WeChat Pay” və ya “Alipay QR” kodlarını görmək adi haldır. Amma qadağan edilən yerlərdə dilənənlər cərimə olunurlar.
Qadağa, yoxsa dövlət dəstəyi?
Dünyada dilənçiliklə mübarizə artıq sadəcə “qadağan etmək” mərhələsindən çıxaraq bu vəziyyətin kökündə duran sosial və iqtisadi səbəbləri aradan qaldırmağa yönəlib. Müasir yanaşmada dilənçilik cinayət yox, sosial çarəsizlik faktı kimi qiymətləndirilir.
Dünya təcrübəsində dilənən şəxslərə müxtəlif dəstək mexanizmləri təklif olunur.
– Dilənçilik edən insanların bir çoxu psixoloji travmaları və asılılıqları (narkotik, alkoqol) olan və ya ailədaxili zorakılıqdan qaçanlardır. Ona görə də belə şəxslərə reabilitasiya mərkəzlərində ödənişsiz qaydada zərərli vərdişlərdən uzaqlaşmaq təklif olunur.
– Küçə həyatına adaptasiya olmuş şəxslərin yenidən cəmiyyətə qayıtması üçün mütəxəssis yardımı göstərilir.
– Şəxsin həqiqətən kimsəsiz, yoxsa cinayətkar qrupun üzvü olduğu araşdırılır.
– Evsizlər üçün sığınacaqlar və iş imkanları yaradılır.
– Narkotik və ya alkoqol asılılığı olanların müalicəsi təmin edilir.
– Xüsusilə gənc və əmək qabiliyyətli dilənçilərə sənətkarlıq, xidmət sahəsi və ya sadə texniki işlər üzrə təlimlər keçirilir.
– Bəzi ölkələrdə (məsələn, Skandinaviya ölkələrində və Almaniyada) keçmiş dilənçilərin işlə təmin olunduğu xüsusi kafe, emalatxana və təmizlik şirkətləri fəaliyyət göstərir.
– Finlandiya kimi ölkələrdə uğurla tətbiq olunan modeldə şəxsin digər problemlərini (işsizlik, xəstəlik) həll etməzdən əvvəl ona təhlükəsiz sığınacaq verilməsi nəzərdə tutulur. İnsan özünü küçənin təhlükəsindən uzaqlaşmış hiss etdikdə, iş axtarmaq və müalicə olunmaq motivasiyası artır.
– Bəzi inkişaf etməkdə olan ölkələrdə dilənçilərə kiçik biznes qurmaq üçün faizsiz və ya çox aşağı faizli mikrokreditlər verilir. Bu onların küçədən uzaqlaşıb kiçik ticarətlə məşğul olmasına şərait yaradır.
Azərbaycan hökumətinin “dünya standartı”
Ən vacib sual budur ki, varlı dövlətin vətəndaşı niyə və necə dilənçiyə çevrilir? Neft və milyardlar səltənətində səfalət varsa, bunun birinci səbəbi yarıtmaz idarəçilik və yetərsiz sosial siyasətdir.
Azərbaycan hökumətinin problemə münasibəti “Filan ölkələrdə də dilənçilik qadağandır” yanaşmasıdır. Amma alternativ təkliflər olmayanda dilənçilik oğurluqla, daha böyük cinayətlərlə əvəz oluna bilər. 5-10 manat üçün başqalarına əl açan adamları 100-200 manat cərimələmək dilənçliyi daha qaçılmaz hala gətirməkdir.
Ümumiyyətlə, hökumətin son bir neçə ildə həyata keçirdiyi inzibati tənzimləmələr cərimələrin həm məbləğinin artırılması, həm də tətbiq dairəsinin genişləndirilməsiylə xarakterizə olunur.
Bu siyasət rəsmi səviyyədə “ictimai intizamın gücləndirilməsi” və “təhlükəsizliyin təmin edilməsi” kimi əsaslandırılsa da, məqsəd həm də büdcə gəlirlərini artırmaqdır.
Məsələn, son iki ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr bəzi hallarda iki dəfəyədək artırılıb. Xüsusilə sürət həddinin aşılmasına görə tətbiq edilən 10 manatlıq minimal cərimə həddi ləğv edilərək 20 manata qaldırılıb.
Dayanma və durma qaydalarının pozulması, xüsusilə Bakı şəhərində tıxacların qarşısını almaq məqsədilə daha sərt cəzalandırılır. Eyni zamanda, icbari sığortası olmayan və texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin avtomatlaşdırılmış kameralar vasitəsilə hər iki gündən bir cərimələnməsi sistemi bu sahədə yığımı kəskin artırıb.
Azərbaycanın cərimə siyasətinin ən mühüm faktoru ASAN Pay və mərkəzi informasiya sistemlərinin tam inteqrasiyasıdır. İnsan amilinin minimuma endirilməsi “cərimənin qaçılmazlığı” prinsipini gücləndirib. Cərimələrin ödənilməməsinə görə tətbiq edilən dəbbə pulları və ölkədən çıxışa qoyulan qadağalar vətəndaşların bu öhdəlikləri qısa müddətdə icra etməsini təmin edən əsas mexanizmlərdir.
Bu siyasət bir tərəfdən dövlət büdcəsinin qeyri-neft gəlirlərini sabitləşdirsə də, digər tərəfdən əhalinin orta təbəqəsinin xərclərinin artmasına və bəzi hallarda sosial narazılığın yaranmasına səbəb olan faktor kimi çıxış edir.
“Politfm”



