Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən “İdrak” liseyində riyaziyyat müəllimi Şəhla Kərimovaya odlu silahdan atəş açılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəylə bağlı 10-cu sinif şagirdi saxlanılıb.
Məlumata görə, o, hadisəni atasına məxsus ov silahıyla törədib.
Baş Prokurorluğun açıqlamasında bildirilir ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.
Şahidlərin bildirdiyinə görə, hadisə tənəffüs zamanı baş verib. Güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Liseyin rəhbəri Mönsüm Alışov deyib ki, “Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”.

TƏBİB müəllimin Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirildiyini açıqlayıb.

KTM-in Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, diaqnostik-radioloji müayinələr nəticəsində Ş.Kərimovanın boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar edilib. Xəstə dərhal əməliyyat olunub, hazırda vəziyyəti orta-ağırdır.