Nyu-York, 23 sentyabr 2026 (foto: Rusiya XİN)

 

 

Rusiya və Ukrayna qarşılıqlı hava hücumlarını davam etdirirlər. Rusiya ordusu Ukraynaya “Tsirkon” və ballistik raketlərlə yanaşı 282 dron buraxıb. Kiyevdə iki nəfər ölüb, Odessa və digər şəhərlərdə mülki obyektlər zədələnib. Rusiya hakimiyyətinin məlumatına görə, Ukrayna dronlarının hücumu nəticəsində Rostov vilayətində neft bazasının inzibati tikililərinə ziyan dəyib.

Rusiyanın hava hücumları

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, sentyabrın 23-ü saat 18:00-dan başlayaraq Rusiya ordusu Ukraynaya “Tsirkon” gəmi əleyhinə raketləri, “İskander-M”, S-400 və Şimali Koreya istehsalı KN-23 ballistik raketləri, həmçinin 282 müxtəlif tipli dron buraxıb.

Hücumda “Shahed”, o cümlədən reaktiv mühərrikli dronlardan, “Gerbera”, “Parodiya”, “Banderol” və “Dan-T” tipli vasitələrdən istifadə olunub. Əsas hədəflər Kiyev və Odessa vilayətləri olub.

Ukrayna tərəfi  227 hava hədəfinin vurulduğunu və ya radioelektron vasitələrlə zərərsizləşdirildiyini bildirib. Onların arasında dörd “Tsirkon”, üç ballistik raket, bir “Banderol” və ya “Dan-T”, eləcə də 219 dron var. Bununla yanaşı, 13 ərazidə birbaşa zərbə, 10 ərazidə vurulan hava vasitələrinin qalıqlarının düşməsi qeydə alınıb (“Ukrainska Pravda”).

Kiyevə ballistik raketlər atılıb. Son məlumatlara görə, iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Dnepr rayonunda fərdi yaşayış evi dağılıb, iki ev zədələnib. Podol rayonunda doğum evinin yaxınlığında raket qalıqlarının düşməsi nəticəsində avtomobillər yanıb, tibb müəssisəsinin fasadı və pəncərələri zədələnib. Yaxınlıqdakı diaqnostika mərkəzinə də ziyan dəyib. Solomensk rayonunda anbar binaları qismən dağılıb və yanğın baş verib.

Odessada xəstəxana, gimnaziya, yaşayış binaları, ticarət mərkəzi, ərzaq anbarları və avtomobillər zədələnib. Onmərtəbəli qeyri-yaşayış binasına və daha əvvəl də vurulmuş ticarət mərkəzinə ziyan dəyib. İki nəfərin yaralandığı bildirilir.

Xmelnitskidə dron çoxmənzilli yaşayış binasının yaxınlığına düşüb. Binanın pəncərələri sınıb, eyvanlar və avtomobillər zədələnib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Rusiyanın hücumu zamanı Polşa və Rumıniya döyüş təyyarələrini havaya qaldırıb. Moldova hakimiyyəti də bir neçə dronun ölkənin hava məkanına daxil olduğunu açıqlayıb.

Ukraynanın hava hücumları

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 40 Ukrayna dronunun vurulduğunu iddia edib. Nazirliyin məlumatında Bryansk, Belqorod, Kursk, Tver, Rostov vilayətlərinin, Krasnodar diyarının və işğal altındakı Krımın adı çəkilib.

Rostov vilayətinin Kaqalnitski rayonunda dron qalıqlarının düşməsi nəticəsində neft bazasının inzibati tikililəri zədələnib. Taqanroq və Neklinovski rayonunda da hava hücumundan müdafiə sistemləri işləyib. Yerli hakimiyyət xəsarət alan olmadığını bildirib.
Krasnodar diyarının Dinskaya rayonunda isə dron qalıqlarının bir müəssisənin ərazisinə düşməsindən sonra yanğın başlayıb. Müəssisənin adı və dəymiş ziyanın miqyası açıqlanmayıb. Ukrayna tərəfi gecə hücumlarının hədəfləri barədə hələlik rəsmi məlumat yaymayıb (RBK).

Rubio və Lavrov müvəqqəti atəşkəs variantını müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüşüblər.
Rubio görüşdən sonra Rusiya və Ukraynanın enerji obyektləri və taxıl daşınmasını əhatə edən məhdud atəşkəsə maraq göstərdiklərini bildirib. O, belə razılaşmanın əldə edilməsinin asan olmayacağını da etiraf edib.

Rubionun sözlərinə görə, ABŞ enerji obyektlərinə zərbələrin dayandırılması və Qara dənizdə təhlükəsiz gəmiçiliyin bərpası üçün vasitəçilik etməyə hazırdır. Lakin “Reuters” qeyd edir ki, Rusiya belə razılaşmaya hazır olduğunu təsdiqləməyib.

Lavrov elə həmin gün BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı müvəqqəti atəşkəsə qarşı olduğunu bildirib. O iddia edib ki, Avropa ölkələri fasilədən Ukraynanı yenidən silahlandırmaq üçün istifadə etmək istəyirlər.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə Rubio və Lavrovun Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və ABŞ–Rusiya münasibətlərini müzakirə etdikləri bildirilib. Lavrov Ukrayna və Avropa ölkələrini Rusiya ərazisinə zərbələr endirməklə dünya enerji bazarını pozmaqda günahlandırıb (“Reuters”).

ABŞ Putini G20 sammitinə dəvət edib

Rubio Lavrovla görüşdən sonra deyib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putini dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib:
“Biz prezident Putini G20-yə dəvət etmişik. Düşünürük ki, bu onun yalnız prezidentlə deyil, digər dünya liderləri ilə də görüşməsi üçün fürsətdir. Ümid edirik ki, dəvəti qəbul edəcək”.
Sammit çərçivəsində Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ayrıca görüş keçirilə biləcəyi istisna olunmur.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın dəvətə görə ABŞ-yə minnətdar olduğunu, qərarın diplomatik kanallarla müzakirə ediləcəyini söyləyib (“Reuters”).

Ukrayna Prezidenti Volodimir Zelenski G20 sammitində Ukrayna, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşünün keçirilməsi ideyasını dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, sammitdə Avropa ölkələri ilə yanaşı Çin, Hindistan və Rusiya ilə iqtisadi əlaqələrini saxlayan digər dövlətlərin iştirakı uğurlu müzakirələr üçün şərait yarada bilər.
Zelenski belə bir görüşü “real nəticə verə biləcək potensial imkan” adlandırıb.

“Politfm”