None

Ankara, 9 sentyabr 2026 (foto: AA)

 

 

Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib. O, başqa partiyaya keçmədiyini və fəaliyyətini bitərəf bələdiyyə başçısı kimi davam etdirəcəyini açıqlayıb.

Sentyabrın 23-də yayımlanan bəyanatda qərarın ani və emosional olmadığı vurğulanır. Yavaş bildirib ki, 2025-ci il martın 19-da İstanbul meri Əkrəm İmamoğlunun saxlanılması ilə başlayan hadisələr, ardınca CHP qurultayının etibarsız sayılması və partiya daxilində gedən mübarizə Türkiyə müxalifətini ağır vəziyyətə salıb.

O, CHP daxilindəki qarşıdurmanın yalnız partiyaya yox, hakimiyyətin seçki yolu ilə dəyişəcəyinə inanan insanlara da zərər verdiyini deyib:
“Siyasətin yuxarı pillələrində birlik yaranmırsa, xalq bu birliyi aşağıdan qura bilər. Biz Ankarada bunu bacardıq. Müxtəlif siyasi baxışlara malik milyonlarla insan eyni məqsəd ətrafında birləşdi”.

Yavaş üç dəfə CHP-nin namizədi kimi seçkiyə qatıldığını xatırladıb. O, partiyanın adına xələl gətirəcək heç bir addım atmadığını, əksinə, Ankarada şəffaf və ayrı-seçkisiz idarəçilik nümunəsi yaratmağa çalışdığını bildirib.
İstefa qərarının ən mühüm hissəsi isə onun başqa partiyaya keçmək niyyətində olmadığını göstərir:
“İnsanlar seçkidə yalnız bir şəxsə deyil, siyasi iradəyə də səs verirlər. Seçicinin razılığı olmadan onun səsi ilə qazanılmış vəzifəni başqa partiyaya aparmağı doğru saymıram. Seçicinin iradəsinə sədaqət siyasətin namusudur”.
Yavaş bundan sonra da ona səs verib-verməməsindən asılı olmayaraq bütün Ankara sakinlərinə xidmət edəcəyini bildirib.

Son damla

İstefaya aparan son gərginlik sentyabrın 9-da – CHP-nin yaranmasının 103-cü ildönümündə başladı. Mansur Yavaş partiyanın tədbirlərinə və Anıtqəbirdə keçirilən mərasimə qatılmadı. O, həmin gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdü.
Yavaş görüşdə Ankarada inşası planlaşdırılan metro xətləri və digər dövlət investisiyalarının müzakirə edildiyini bildirdi. O, görüş barədə həm CHP sədri Kamal Kılıçdaroğluna, həm də Yeni Partiyanın rəhbəri Özgür Özələ əvvəlcədən məlumat verdiyini dedi.

CHP sözçüsü Müslim Sarı buna etiraz etdi. Onun fikrincə, CHP-li bələdiyyə başçısının qərarları barədə başqa partiyanın sədrinə məlumat verməsi qəbuledilməzdir:
“CHP-nin adı və nüfuzu hamımızdan üstündür. Heç kim özünü partiyadan üstün tuta bilməz”.

Yavaş istefa bəyanatında Sarının adını çəkməsə də, qərarı “bu gün səsləndirilən bəzi fikirlərdən sonra” verdiyini söyləyib.
“Nefes” qəzetinin məlumatına görə, Yavaş istefadan əvvəl Müslim Sarı ilə görüşüb. Həmin görüşdə ondan CHP ilə Özgür Özəlin rəhbərlik etdiyi Yeni Partiya arasında seçim etməsi istənilib. Qəzet yazır ki, Yavaş heç bir tərəfə qoşulmamaq və bitərəf qalmaq qərarına gəlib. Yavaş bu məlumata münasibət bildirməyib.

Digər istefalar

Yavaşın qərarından sonra Ankaranın Beypazarı, Kalecik, Ayaş, Güdül, Şereflikoçhisar, Elmadağ və Polatlı bələdiyyələrinin başçıları da CHP-dən ayrıldıqlarını açıqlayıblar. Hər iki bələdiyyə rəhbəri vəzifəsini bitərə olaraqf davam etdirəcəklərini və Mansur Yavaşla eyni idarəçilik xəttinə sadiq qalacaqlarını bildirib.
Kamal Kılıçdaroğlu Yavaşın qərarına qısa münasibət bildirib:
“İstefa birtərəfli addımdır. Bu onun siyasi seçimidir”.

Yeni Partiyanın parlament fraksiyasının rəhbərlərindən Murat Emir isə Yavaşı bütün ölkənin hörmət etdiyi, ictimai maraqları əsas götürən bələdiyyə başçısı adlandırıb və istefa qərarının şəxsi seçim olduğunu deyib.

Parçalanmanın səbəbi

CHP-də hazırkı parçalanmanın başlanğıcı 2023-cü il prezident seçkisindən sonraya gedib çıxır. Onda müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu Ərdoğana məğlub oldu. Həmin vaxt keçirilən sorğularda Əkrəm İmamoğlu və Mansur Yavaşın daha yaxşı nəticə göstərə biləcəyi bildirilirdi.

Məğlubiyyətdən sonra Kılıçdaroğlunun partiya rəhbərliyindən getməməsi CHP daxilində dəyişiklik tərəfdarlarını hərəkətə gətirdi. Əkrəm İmamoğlunun dəstəklədiyi Özgür Özəl 2023-cü ilin noyabrında keçirilən 38-ci qurultayda Kılıçdaroğlunu qalib gəldi. Beləliklə, Kılıçdaroğlunun 13 illik rəhbərliyi başa çatdı.

Özəlin rəhbərliyi dövründə CHP 2024-cü il bələdiyyə seçkilərində ölkə üzrə ən çox səs toplayan partiya oldu. İmamoğlu İstanbulda, Yavaş isə Ankarada böyük fərqlə yenidən seçildilər. Yavaş paytaxtda 1 milyon 999 min 281 səs (60,44 faiz) topladı. Bu nəticə onun CHP-dən kənardakı milliyyətçi, mühafizəkar və bitərəf seçicilər arasında da ciddi dayağa malik olduğunu göstərdi.

“İmamoğlu, yoxsa Yavaş?” dilemması 

Partiyadakı ilk ciddi fikir ayrılıqlarından biri prezidentliyə namizədin nə vaxt və necə seçilməsi ilə bağlı idi.
Özgür Özəl və Əkrəm İmamoğlu namizədin erkən müəyyənləşdirilməsini müdafiə edirdilər. Mansur Yavaş isə 2028-ci il seçkisinə hələ çox qaldığını, iki güclü bələdiyyə başçısının partiyadaxili yarışda bir-birini zəiflətməsinin düzgün olmadığını bildirirdi. O, namizədin yalnız CHP üzvlərinin səsi ilə deyil, geniş ictimai rəy nəzərə alınmaqla müəyyənləşdirilməsini istəyirdi. Buna görə də Yavaş 2025-ci ilin martında keçirilən ilkin seçkiyə qatılmadı. Əkrəm İmamoğlu yeganə namizəd oldu.

Martın 19-da onu həbs etdilər. Buna baxmayaraq CHP səsverməni təxirə salmadı. Özgür Özəl bildirdi ki, İmamoğlunun namizədliyini həm partiya üzvləri, həm də ona dəstək üçün qurulmuş seçki məntəqələrində 15 milyondan çox insan dəstəkləyib.

Yavaş İmamoğlunun həbsinə qarşı çıxsa da, onun namizədliyini yeganə seçim kimi rəsmiləşdirən siyasi xəttə tam olaraq qoşulmadı. Beləliklə, CHP daxilində Kılıçdaroğlu və Özəl düşərgələrindən əlavə, Yavaşın təmsil etdiyi üçüncü mövqe formalaşmağa başladı.

CHP-ni iki yerə bölən məhkəmə qərarı

2026-cı il mayın 21-də Ankara məhkəməsi CHP-nin 2023-cü ildə keçirilmiş qurultayında nümayəndələrin səslərinin pulla və müxtəlif vədlərlə alınması iddialarına əsasən tədbiri hüquqi baxımdan etibarsız saydı. Türkiyə siyasətində “mutlak butlan” adlandırılan bu qərar qurultayın keçirilməmiş hesab olunması deməkdir.

Nəticədə Özgür Özəl və onun rəhbərlik etdiyi heyət vəzifədən uzaqlaşdırıldı, Kamal Kılıçdaroğlu yenidən CHP sədri oldu.
Kılıçdaroğlu partiyanı korrupsiya iddialarından “təmizləyəcəyini” bildirdi. Özəl və tərəfdarları isə məhkəmə qərarını hakimiyyətin əsas müxalifət partiyasını nəzarət altına almaq cəhdi adlandırdılar.

Türkiyə hökuməti məhkəmələrə siyasi müdaxilə edildiyi barədə ittihamları rədd edir.

Bir müddət CHP-də iki rəhbərlik paralel fəaliyyət göstərdi. Kılıçdaroğlu partiyanın mərkəzi qərargahına nəzarət edirdi, Özəl isə deputatların böyük hissəsinin dəstəyi ilə parlamentdə toplantılar keçirirdi. Mansur Yavaş tərəfləri qarşıdurmanı dayandırmağa və ortaq yol tapmağa çağırsa da, razılıq əldə olunmadı.

Yeni Partiyanın yaranması

Özgür Özəl 2026-cı il iyulun 24-də 90 deputatla birlikdə CHP-dən ayrılaraq Yeni Partiyanı yaratdı. Yeni qurum 91 deputatla parlamentdə hakim Ədalət və İnkişaf Partiyasından sonra ikinci böyük siyasi qüvvəyə çevrildi. CHP-nin 44 deputatı qaldı.

Özəl Yeni Partiyanın prezident seçkisində namizədinin Əkrəm İmamoğlu olacağını açıqladı. O, Mansur Yavaşı da “geridə qoymayacağını” dedi, amma Yavaş yeni quruma qoşulmadı.
Yavaş mövqeyini onunla əsaslandırırdı ki, Ankara sakinləri ona CHP-nin namizədi kimi səs veriblər, buna görə də seçicinin razılığı olmadan başqa partiyaya keçməyi düzgün saymır. Yavaş Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP-də qalsa da, Özəl və İmamoğlu ilə də əlaqəsini kəsmədi.
Sentyabrın 9-da Ərdoğanla görüşdən sonra bu tarazılıq pozuldu.

Üçüncü yol

Mansur Yavaşın istefasıyla Türkiyə müxalifətində üç xətt yarandı:
• Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP;
• Özgür Özəl və Əkrəm İmamoğlu ətrafında yaranmış Yeni Partiya;
• heç bir partiyaya qoşulmayan Mansur Yavaş.
Yavaşın bitərəf qalması ona müxtəlif düşərgələrlə münasibət saxlamaq və yalnız CHP seçicilərinə bağlı olmayan siyasi mövqeyini qorumaq imkanı verir. Ancaq prezident seçkilərinə qatiıacağı təqdirdə partiya təşkilatı və parlament qrupu olmadan seçki kampaniyası aparmaq daha çətin olacaq.

Onun istefası CHP üçün həm siyasi, həm də rəmzi itkidir. Hazırda Yavaş Türkiyədə yalnız sol və dünyəvi seçicilərdən yox, milliyyətçi və mərkəz sağ düşərgədən də səs ala bilən azsaylı müxalifət siyasətçilərindən biridir.

“Gezici” Araşdırma Mərkəzinin rəhbəri Murat Gezici hələ Yeni Partiya yaradılarkən “Reuters”-ə bildirmişdi ki, parçalanma qısa və orta müddətdə Ərdoğanla hakim partiyanın işinə yarayır. Onun fikrincə, bu mənzərə yalnız yeni siyasi qüvvə bütün müxalifəti birləşdirə biləcək qədər böyük ictimai dəstək qazandığı halda dəyişə bilər.

Yavaşın istefası hələ ki həmin birləşmə ehtimalını artırmır. Əksinə, Türkiyənin iki ən güclü müxalif bələdiyyə başçısı indi ayrı siyasi mövqelərdədir: İmamoğlu Yeni Partiyanın prezidentliyə namizədi kimi həbsdədir, Yavaş isə bitərəfdir.

İndilik Yavaş yeni partiya yaradacağını və ya prezidentliyə namizəd olacağını açıqlamayıb. İstefa qərarı onun CHP ilə təşkilati əlaqəsini kəsir, gələcək siyasi seçimini isə açıq saxlayır.

Yavaş həsdən yayınmaq üçünmü istefa verdi?

Yavaşın CHP-dən ayrılmasını yalnız partiyadaxili qarşıdurmanın nəticəsi kimi qiymətləndirməyənlər də var. Ankara Böyükşəhər Bələdiyyəsi bir neçə ildir davamlı yoxlamalarla üzləşir, Yavaşın özünə qarşı cinayət işlərinin başlanması üçün də Daxili İşlər Nazirliyindən icazə alınıb.

Dosyelərdən biri bələdiyyənin təşkil etdiyi konsertlərə çəkilən xərclərlə bağlıdır. Yavaş həmin ittiham aktında adının olmadığını bildirsə də, nazirlik onun fəaliyyətinin “nəzarət vəzifəsini yerinə yetirməməsi” və “vəzifədən sui-istifadə” şübhəsi ilə araşdırılmasına icazə verib.

Digər iş Dodurga ərazisində tikinti sıxlığının artırılmasına imkan verən şəhərsalma planlarının qarşısının alınması ilə bağlıdır. Bələdiyyə həmin dosyenin keçmiş rəhbərlik dövründə yaradılmış tikinti maraqlarının qorunmasına xidmət etdiyini iddia edir.

2026-cı ilin aprelində isə 2023-cü il seçki kampaniyası zamanı Karabükdə keçirilən mitinqə Ankara bələdiyyəsinin avtomobillərinin göndərildiyi iddiası ilə Yavaşın fəaliyyətinin araşdırılmasına icazə verildi. Sonrakı günlərdə bələdiyyə Yavaşın göstəriş verdiyinə dair sübut tapılmadığını, qanunda nəzərdə tutulan müddət başa çatdığına görə işin qapadıldığını açıqladı.

Yavaşın açıqladığı statistikaya görə, 2019-cu ildən 2026-cı ilin aprelinədək Ankara bələdiyyəsi ilə bağlı 49 araşdırma və ilkin yoxlama olub. Altı məsələ üzrə Yavaşın özünün fəaliyyəti araşdırılıb. Onun sözlərinə görə, bu qərarların ikisini Dövlət Şurası ləğv edib, digərləri üzrə hüquqi proses davam edir.

Araşdırmaya icazə verilməsi hələ cinayətin sübuta yetirilməsi və ya Yavaşın həbs olunacağı demək deyil. Ancaq bu qərar bələdiyyə başçısının özünə qarşı cinayət təqibinə başlamasıyla bağlı inzibati maneəni aradan qaldıra bilər.

Siyasi şərtlər bu təhlükənin kifayət qədər real olduğunu göstərirdi. Əkrəm İmamoğlu və başqa müxalif bələdiyyə başçıları barəsində cinayət işləri, həbslər və vəzifədən uzaqlaşdırmalar Ankara bələdiyyəsinin də növbəti hədəf ola biləcəyi barədə gözləntiləri gücləndirmişdi. Siyasi şərhçi Murat Yetkin sentyabrın 10-da yazmışdı ki, hakimiyyətə yaxın media Yavaşın da saxlanılacağı və həbs ediləcəyi barədə iddiaları daha çox yaymağa başlayıb.

Bu baxımdan Yavaşın sentyabrın 9-da Ərdoğanla təkbətək görüşməsi yalnız metro və investisiya layihələri ilə izah olunmaya bilər. Görüşdə istintaq dosyelərinin müzakirə edildiyini və ya tərəflər arasında siyasi razılaşma əldə olunduğunu təsdiqləyən hər hansı açıqlama yoxdur. Yavaş özü isə görüşün yalnız Ankaranın problemlərinə həsr edildiyini deyib.

Lakin hadisələrin ardıcıllığı başqa siyasi yozuma da imkan verir: Yavaş hakimiyyətlə birbaşa əlaqə yaradıb, CHP–Yeni Partiya qarşıdurmasından kənara çəkilib və özünü Ərdoğanın əsas rəqiblərindən biri kimi təqdim edən partiya xəttindən uzaqlaşdırıb. Bununla o, həm bələdiyyə başçısı vəzifəsini qorumağa, həm də hakimiyyətin mümkün hüquqi təzyiqini azaltmağa çalışmış ola bilər.

CHP-dən çıxıb Yeni Partiyaya keçməməsi də bu baxımdan diqqət çəkir. Çoxsaylı cinayət işlərinə və İmamoğlunun başına gətirilənlərə rəğmən Yeni Partiyaya qoşulması Yavaşı hakimiyyətlə açıq qarşıdurmanın mərkəzinə gətirərdi. Bitərəf qalmaq isə ona siyasi təşkilatların mübarizəsindən uzaq durmaq, Ərdoğanla əlaqə kanalını açıq saxlamaq və gələcəkdə ortaq namizəd olmaq imkanını tam itirməmək imkanı verir.

“Politfm”