Şimali Koreyanın xarici işlər naziri Çoe Son Hui (foto: KCNA)
Şimali Koreya nüvə silahından imtina etmək niyyətində olmadığını yenidən bəyan edib. Ölkənin xarici işlər naziri Çoe Son Hui bildirib ki, Pxenyanın bu qərarı heç bir təzyiq və ya danışıqlar nəticəsində dəyişməyəcək.
Bu açıqlama ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirlərinin sentyabrın 21-də Nyu-Yorkda keçirdikləri görüşdən sonra yaydıqları ortaq açıqlamaya cavabdır. Üç ölkə Şimali Koreyanın nüvə silahlarından tam imtinasına sadiq olduqlarını bildirib və Pxenyanı danışıqlara qayıtmağa çağırıb.
Çoe Son Hui bu tələbi “həyata keçməsi mümkün olmayan xəyal” adlandırıb:
“Dövlətimizin nüvə silahından heç bir şəraitdə imtina etməyəcəyini, yüz il də, min il də keçsə, bu mövqeyin dəyişməyəcəyini bir daha ən qəti şəkildə bəyan edirəm” (KCNA).
Nazirin sözlərinə görə, ABŞ və müttəfiqləri ifadələri dəyişsələr və tələblərini fərqli şəkildə təqdim etsələr də, Şimali Koreyanı nüvə silahından məhrum etmək məqsədindən əl çəkməyiblər.
Çoe Son Hui bildirib ki, Vaşinqton bir tərəfdən Pxenyana təzyiq göstərib, digər tərəfdən dialoq təklif edə bilməz:
“Qarşıdurmanı davam etdirib eyni zamanda dialoqdan danışmaq başqaları ilə nəticə verə bilər. Şimali Koreya üçünsə bu, nəzərdən keçirilə biləcək yol deyil”.
O, nüvə silahını ölkənin suverenliyinin əsas dayağı və təhlükəsizliyinin başlıca təminatı adlandırıb. Nazir vurğulayıb ki, ABŞ və müttəfiqləri nüvə silahından imtina tələbini nə qədər çox səsləndirsələr, Pxenyana arsenalını genişləndirmək üçün bir o qədər çox əsas verəcəklər.
Şimali Koreya nüvə silahından istifadə qaydalarını 2022-ci ildə qəbul etdiyi qanunla müəyyənləşdirib. Bir il sonra nüvə qüvvələrinin gücləndirilməsi siyasəti ölkə Konstitusiyasına da salınıb. Kim Çen In daha əvvəl bildimişdi ki, bu qərarlar nüvə silahını gələcək danışıqlarda sövdələşmə mövzusuna çevirməyəcək.
Seul mərhələli plan təklif edir
Pxenyanın sərt mövqeyi Cənubi Koreya Prezidenti Li Cje Myunun BMT Baş Assambleyasındakı çıxışından sonra açıqlanıb. Li Şimali Koreyanın nüvə və raket proqramını bir dəfəyə dayandırmağın real olmadığını etiraf edib və mərhələli yol təklif edib.
Bu plana görə, əvvəlcə nüvə və raket imkanlarının genişləndirilməsi dayandırılmalı, sonrakı mərhələdə arsenal azaldılmalı, sonda isə Koreya yarımadası nüvə silahından azad edilməlidir.
Li Cje Myun Seulun Pxenyanla Vaşinqton arasında uzun müddətdir dayanan danışıqların bərpasına kömək edəcəyini də bildirib:
“Şimali Koreya ilə ABŞ arasında dialoqun yubanmadan bərpa olunacağına ümid edirəm. Bunun gələcəkdə Koreya yarımadasında müharibənin başa çatdırılması və sülh rejiminə keçid barədə danışıqlara çevrilməsi üçün zəmin hazırlayacağıq”.
ABŞ Prezidenti Donald Tramp Kim Çen Inla yenidən görüşmək istədiyini dəfələrlə bəyan edib. Tramp birinci prezidentliyi dövründə Şimali Koreya lideri ilə üç dəfə görüşsə də, həmin danışıqlar nüvə proqramı ilə bağlı razılaşma ilə nəticələnmətib.
Yeni silah
Çoe Son Huinin bəyanatı yayımlanan gün Şimali Koreya yeni silah sınaqdan keçirdiyini də açıqlayıb. KCNA-nın məlumatına görə, söhbət təkmilləşdirilmiş 240 millimetrlik reaktiv yaylım atəşi sistemindən gedir.
Dəqiq tuşlama sistemi ilə təchiz edilən raketlərin uçuş formasından asılı olaraq 100–115 kilometr məsafədəki hədəfləri vura bildiyi bildirilir. Bu məsafə Cənubi Koreyanın paytaxtı Seul və ətraf əraziləri həmin silahların əhatə dairəsinə salır.
Şimali Koreya xarici işlər nazirinin müavini Kim Son Gyonq sentyabrın 23-də Nyu-Yorka gedib. Sonrakı günlərdə onun BMT Baş Assambleyasında çıxış edəcəyi gözlənilir. Nazir müavini Vaşinqtonun dialoq təklifinə Pxenyanın hansı şərtlərlə cavab verə biləcəyi açıqlaya bilər.
Hazırda tərəflər arasındakı əsas fikir ayrılığı dəyişməz olaraq qalır: Vaşinqton, Seul və Tokio danışıqların son məqsədini nüvə silahından imtina kimi görür, Pxenyan isə bu məsələnin ümumiyyətlə müzakirə predmeti olmadığını bildirir.
“Politfm”



