Foto: internet
2026-cı ilin ilk aylarında Azərbaycanda tikinti sektoruna yatırımların tempində zəifləmə müşahidə olunur. Statistika göstərir ki, bu proses 2025-ci ilin sonlarından başlayıb – əsas kapitala yönəldilən investisiyaların həcmində 2024-cü illə müqayisədə 5,6% azalma qeydə alınıb, yaşayış evlərinin tikintisinı ayrılan vəsait də aşağı düşüb.
Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar ayında iqtisadiyyata yatırılan investisiyanın həcmi 1 milyard 405,9 milyon manat olub və vəsaitin yalnız 96,3 milyon manatı (keçən ilin yanvar ayıyla müqayisədə 44% az) yaşayış evlərinin tikintisinə yönəldilib. 2025-ci ildə bu göstərici 172,4 milyon manat təşkil edib.
Belə azalma sözügedən sahədə artım tempinin kəskin yavaşlağını göstərir. Çünki keçən il yaşayış evlərinin tikintisinə qoyulan vəsait 2024-cü illə müqayisədə 12%-dən 14,5%-ə qalxmışdı.
Bu az qala iki dəfəlik azalma ötən ilin sonundan etibarən başlayan “soyumadan” xəbər verir. Bazar iştirakçıları kütləvi tikinti layihələrinə investisiya qoyuluşunda daha təmkinli davranmağa başlayıblar.
Azalan gəlirlər, artan qiymətlər
Yaşayış evlərinin tikintisinə investisiya axınının zəifləməsi bazar qanunlarının diqtəsinin nəticəsidir. Hazırda daşınmaz əmlak bazarına “gözləmə mövqeyi” hakimdir. Əhalinin gəlirlərinin artım tempi mənzil qiymətlərindəki bahalaşmayla ayaqlaşmır və beləliklə, alıcılıq qabiliyyətini zəiflədir. Bu isə öz növbəsində effektiv tələbi aşağı salır.
Özəl tikinti şirkətləri əmlak bazarındakı durğunluğu və tikinti materiallarının bahalanması səbəbindən artan xərcləri nəzərə alaraq yeni böyük layihələrə başlamağa tərəddüd edirlər. Nəticədə bazar daha çox mövcud fondun satılmasına və ya premium seqmentə yönəlir ki, bu da investisiya rəqəmlərində azalma kimi əks olunur.
Tikinti sektorunda əsas yük yenə də dövlət layihələrinin üzərinə düşür. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri investisiyanın əsas istiqamətlərindən biri olaraq qalır. 2025-ci ildə bu ərazilərdə tikinti-quraşdırma işlərinə təxminən 5 milyard manata yaxın vəsait ayrılıb. Ən böyük pay Kəlbəcər, Ağdam və Zəngilan rayonlarına ayrılıb.
İnvestisiyaların böyük hissəsini niyə tikinti sektoru “udur”?
2025-ci ildə ölkə üzrə əsas kapitala yönəldilmiş ümumi investisiyaların həcmi 21 milyard manatdan çox olub, bu vəsaitin 16 milyard 18,3 milyon manatı və ya 75,5%-i (2024-cü ildə 72,4%-i) bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilib.
Ekspertlərin fikrincə, hazırda tikinti bazarında müşahidə olunan nisbətən zəif dinamika bir neçə səbəblə bağlıdır:
– böyük layihələrin mərhələli icrası;
– azad edilmiş ərazilərdə tikintinin prioritet olması;
– özəl sektorun daha ehtiyatlı investisiya yatırımları etməsi;
– iqtisadiyyatın digər sahələrinə marağın artması.
Proqnozlara görə, 2026-cı ildə tikinti sektorunda artımın təxminən 3–4% civarında olacağı gözlənilir. Bu artım əsasən infrastruktur, enerji və yeni şəhərsalma layihələri hesabına mümkün ola bilər.
Mövcud vəziyyət tikinti sektorunda ciddi ölçüdə geriləmə olmadığını göstərir. Sadəcə bazar daha seçici olub. Dövlət əsasən strateji layihələrə üstünlük verir, özəl sektor isə riskləri daha diqqətlə hesablayır. Bu isə yaxın dövrdə bazarda daha planlı və mərhələli inkişaf modelinin formalaşacağını göstərir.
“Politfm”



