ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların və İsrailin İrana qarşı hərbi əməliyyatlarının “iki-üç həftəyə” başa çata biləcəyini bəyan edib.

Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Tramp qeyd edib ki, bunun üçün İranla sülh sazişi imzalamaq zəruri olmayacaq. Prezidentin sözlərinə görə, ABŞ o zaman İrana zərbələri dayandıracaq ki, onun “daş dövrünə geri atıldığı” və heç vaxt nüvə silahı əldə edə bilməyəcəyi məlum olsun.

“Biz işi sona çatdırırıq və zənnimcə, bu, bəlkə iki həftə, bəlkə də bundan bir neçə gün çox vaxt aparacaq. Biz onların sahib olduqları hər şeyi məhv etmək istəyirik” – Tramp belə deyib.

Ötən həftə o bildirmişdi ki, ABŞ İranla danışıqlar aparır və tərəflər saziş bağlamağa yaxındırlar. Üstəlik, Tramp bunu İran hakimiyyətinin özünün xahiş etdiyini demişdi. Tehranda bunu təkzib etsələr də, ABŞ ilə təmasların vasitəçilər vasitəsilə getdiyini təsdiqləmişdilər.

“The Wall Street Journal” nəşri rəsmi şəxslərə istinadən yazır ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və digər müttəfiqlərə Hörmüz boğazının güc yoluyla açılmasına kömək etməyə hazırlaşır. Mənbələrin bildirdiyinə görə, BƏƏ BMT Təhlükəsizlik Şurasının buna icazə verən qətnaməsinin qəbulu üçün lobbiçilik edir.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, BƏƏ hökuməti həmçinin boğazın təhlükəsizliyinin təmin edilməsində, o cümlədən onun minalardan təmizlənməsində səyləri üzrə yardım imkanlarına yenidən baxıb. Ölkə rəsmiləri ABŞ-nin bu marşrut üzərində yerləşən İran adalarını, o cümlədən BƏƏ-nin iddia etdiyi Əbu Musa adasını ələ keçirməsinin zəruriliyini bəyan ediblər.

İran BƏƏ-nin mövqeyinin dəyişməsinə bir neçə həftəlik sakitlikdən sonra hücumları gücləndirməklə reaksiya verib. Martın 31-də Əmirliklərə doğru 50-yə yaxın ballistik raket, qanadlı raket və pilotsuz uçuş aparatı (PUA) buraxılıb.

Tehran xəbərdarlıq edib ki, onun ərazilərinin ələ keçirilməsi üzrə hər hansı əməliyyatı dəstəkləyən körfəz dövlətlərinin həyati əhəmiyyətli mülki infrastrukturunu məhv edəcək.

“Politfm”