Foto: internet
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2025-ci ildə qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 42165 nəfər olub (2024-cü illə müqayisədə 1675 nəfər çox). İstifadəçilərin 39 485 nəfəri kişilər, təxminən 1014-1100 nəfəri isə qadınlardır.
Bəzi mütəxəssislər bildirirlər ki, narkotik asılılığı olan şəxslərin real sayı rəsmi rəqəmlərdən, adətən, 5-7 dəfə çox olur.
Qeydiyyatda olanların təxminən yarısı (20 182 nəfər) opioid istifadə edir. Son illərdə sintetik narkotiklərin (məsələn, “patı”, “şüşə” kimi bilinən metamfetaminin) yayılması daha ciddi təhlükəyə çevrilib.
Əsas qənaət budur ki, əvvəlki illərdən fərqli olaraq indi təhlükə “ənənəvi” narkotiklər yox, laboratoriya şəraitində hazırlanan psixotrop maddələrdir. Bu maddələr beyin hüceyrələrini sürətlə məhv edir və asılılıq hətta ilk istifadədən yarana bilir.
Ən təəssüfləndirici məqam budur ki, istifadəçilər arasında gənclər də çoxdur – 2025-ci ildə 18-29 yaş arası gənclər arasında metamfetamin (patı/şüşə) istifadəsinə görə qeydiyyata düşənlərin sayı 2024-cü illə müqayisədə 18% artıb.
“Həbs və müsadirə” siyasəti
Hakimiyyətin narkotiklərlə mübarizə siyasəti əsasən “tutmaq və müsadirə etmək” istiqamətindədir. Halbuki 42 mindən çox narkotik asılılığı olan insanın reabilitasiyasına yetəcək qədər dövlət klinikası və sosial adaptasiya proqramı barədə də düşünmək lazımdır.
Narkotiklərlə ənənəvi mübarizə metodları rəqəmsal bazarda (məsələn, “Teleqram”da) eyni effekti vermir. Bu, dövlətin kibercinayətkarlıqla mübarizə metodlarının mövcud duruma adekvat olmadığını, müasir üsullardan geridə qaldığını göstərir.
Hərçənd ölkədə narkotiklərlə bağlı klassik cinyətlərin də sayı artmaqdadır.
2025-ci ildə narkotiklə bağlı 10 665 cinayət faktı qeydə alınıb (2024-cü ildə belə cinayətlərin sayı 7763 olub). Bu, ölkədə törədilən bütün cinayətlərin təxminən 28-30%-ni təşkil edir. Həmin cinayətlərin təxminən 3 500-dən çoxu bilavasitə satışla (satış məqsədilə saxlama) bağlıdır.
2025-ci ildə toplam 7 ton 431 kq narkotik vasitə müsadirə edilib. Müsadirə edilən maddələrin “qara bazar”dakı ümumi dəyəri təxminən 240-250 milyon manat civarında qiymətləndirilib.
2024-cü illə müqayisədə müsadirədə ümumi çəki azalsa da, sintetik narkotiklərin (metamfetamin) müsadirə həcmi 25-30% artıb. Ayrıca, müsadirə həcmin azalması fonunda rəsmi qeydiyyata alınanların sayında artım baş veribsə, bu, dövlətin narkotiklə mübarizə siyasətinin uğurlu olmamasından xəbər verir.
Narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilən təxminən 6500-7000 nəfərin çoxu 25-39 yaş aralığında olan şəxslərdir.
Dünya bu bəlayla necə mübarizə aparır?
Dünya ölkələri narkomaniyayla mübarizədə fərqli fəlsəfələrə və metodlara üstünlük verirlər. Onları 3 əsas qrupa bölmək olar: sərt cəzalar, zərərin azaldılması və qarışıq modellər.
Portuqaliya modeli
Portuqaliya 2001-ci ildə inqilabi bir addım ataraq bütün növ narkotiklərin fərdi istifadəsini dekriminallaşdırıb. Narkotiklə saxlanan şəxs həbsxanaya yox; həkimlərdən, psixoloqlardan və sosial işçilərdən ibarət Narkomanlığın Qarşısının Alınması Komissiyasına yönləndirilir. Bu metodda dövlətin məqsədi narkomana cinayətkar yox, xəstə kimi baxmağı aşılamaqdır. Belə yanaşma ölkədə İnsan İmmun Virusuna (HİV) yoluxmaları və narkotikdən ölüm hallarını kəskin şəkildə azaldıb.
İsveç modeli
Portuqaliyadan fərqli olaraq İsveçdə çox sərt və güzəştsiz bir siyasət yürüdülür. Məqsəd narkotik istifadəsini tamamilə sıfıra endirməkdir. İsveç “narkotiksiz cəmiyyət” deviziylə mübarizə aparır.
Hətta kiçik miqdarda narkotik qəbulu şübhəsi olduqda belə, polisin şəxsi zorla qan və ya sidik analizinə cəlb etmək hüququ var. İsveç Avropada ən aşağı narkotik istifadəsi göstəricilərinə malik ölkələrdən biridir, amma bəzi tənqidçilər deyirlər ki, bu sərtlik narkotik asılılığı olan şəxsləri gizli fəaliyyətə sövq edir.
İsveçrə və Kanada modeli
Bu ölkələr zərərin azaldılması strategiyasına üstünlük verirlər. Şəhərlərdə fəaliyyət göstərən xüsusi mərkəzlərdə asılılığı olan şəxslər tibbi nəzarət altında, steril şəraitdə narkotik qəbul edə bilərlər. Bu, küçələrdə doza həddinin aşılmasından qaynaqlanan ölüm hallarının və çirkli iynələrlə yayılan xəstəliklərin qarşısını alır. Hesab olunur ki, “təhlükəsiz injeksiya” otaqlarının yaradılması ən effektiv vasitədir.
Sinqapur, Çin, İran modeli
Sinqapur, Çin, İran və bəzi Cənub-Şərqi Asiya ölkələrində narkotik ticarətinə görə ölüm hökmü və ya ömürlük həbs cəzası tətbiq edilir. Dünyanın ən sərt antinarkotik qanunları Sinqapurdadır. Hətta xaricdə narkotik qəbul edib ölkəyə qayıdan vətəndaşlar da hava limanında test edilsələr və nəticə müsbət çıxsa, cinayət məsuliyyətinə cəlb olunurlar.
Avstraliyada və bir neçə başqa ölkədə narkomaniyadan tam qurtula bilməyən şəxslərin ölməmələri, yaxud xəstəlik yaymamaları üçün xüsusi xidmətlər təklif edilir. Məsələn, HİV və Hepatit C kimi xəstəliklərin yayılmaması üçün steril şprislər paylanır. Eyni zamanda təhlükəsiz istehlak otaqları fəaliyyət göstərir, orda həkimlər və tibb bacıları doza həddinin aşılmamasına nəzarət edirlər.
Almaniyada, Niderlandda və Skandinaviya ölkələrində narkotiklə mübarizə sosial inteqrasiya əsaslıdır. Yəni kompleks müalicəyə narkotik asılılığı olan şəxslərin cəmiyyətə qazandırılması da daxildir. Məsələn, bu ölkələrdə keçmiş narkomanları işə götürən şirkətlərə vergi güzəştləri edilir. Reabiltasiya mərkəzlərində xəstələrə yeni peşələr öyrədilir. Çünki belə şəxslər sağaldıqdan sonra təcrid olunmuş vəziyyətdə qalsalar, yenidən narkotik istidə edə bilərlər. Bu ehtimalının 80%-dən çox olduğu bildirilir.
“12 addım” metodu
“12 addım” proqramı hər hansı asılılıqdan (alkoqol, narkotik, qumar və s.) azad olmaq üçün dünya miqyasında ən geniş yayılmış və tanınmış metodologiyadır. Bu metodun əsasını qoyan “Anonim Alkoqoliklər” (AA) təşkilatının verdiyi məlumata görə, hazırda 180-dən çox ölkədə “12 addım” qrupları fəaliyyət göstərir.
Bu metodun bütün dünyada qəbul edilməsinin səbəbi universallığıdır. Proqram hər hansı bir siyasi sistemə və ya dinə bağlı deyil və bu ona müxtəlif mədəniyyətlərdə (məsələn, həm müsəlman, həm də xristian ölkələrində) asanlıqla adaptasiya olunmağa imkan verir.
“12 addım” metodu fərdin öz həyatını yenidən qurmağa kömək edən yol xəritəsidir. İlk addım insanın asılı olduğunu və öz gücüylə bunun öhdəsindən gələ bilməyəcəyini qəbul etməsidir. İkinci addım özündən daha böyük gücə inanaraq daxili boşluğunu doldurmasıdır. Üçüncü addım özünü analiz etməsi, özünü təmizlməsi, keçmişdə etdiyi səhvləri siyahıya almasıdır.
Ümumiyyətlə, bu metodun əsas uğuru eyni dərdi paylaşanların həmrəyliyindədir. Ananonimlik prinsipi insanlara mühakimə olunmadan ürəyini boşaltmaq imkanı verir. Bu metoda təkcə tibbi yox, həm də psixoloji, sosial, mənəvi yenilnəmə prosesi kimi baxılır.
Azərbaycandak narkoloji mərkəzlərdə də bu metodun elementlərindən istifadə edildiyi, Bakıda “Anonim Alkoqoliklər” və “Anonim Narkomanlar” (NA) adlı qrupların müntəzəm görüşlər keçirdiyi bildirilir.
Beynəlxalq metodlar
Beynəlxalq səviyyədə mübarizə 5 əsas sütun üzərində qurulur:
1. profilaktika – Məktəblərdə və mediada maarifləndirmə;
2. müalicə – asılılığı olan şəxslərin reabilitasiyası və cəmiyyətə qaytarılması;
3. təklifin azaldılması – sərhəd nəzarəti və narkotrafiklə mübarizə (polis və gömrük əməliyyatları);
4. zərərin azaldılması- metadon terapiyası və iynə dəyişmə proqramları;
5. beynəlxalq əməkdaşlıq – İnterpol və digər qurumlar vasitəsilə məlumat mübadiləsi.
Dünyada artıq başa düşürlər ki, “narkoman” damğası vurub insanları cəmiyyətdən kənarlaşdırmaq problemi həll etmir. Ən uğurlu təcrübə onları müalicə edən, iş verən və yenidən cəmiyyətə qaytaran ölkələrdədir.
Narkomaniya – genefondun qatili
Narkomaniya yalnız fərdin sağlamlığını deyil, həm də hər bir millətin gələcəyi olan genefondu ciddi ölçüdə təhlükə altına qoyan qlobal bir problemdir. Genefond – bir populyasiyanın sahib olduğu irsi məlumatların cəmidir və narkotik maddələr bu məlumatın ötürülmə mexanizmini kökündən zədələyir.
– Narkotik maddələr güclü mutagen xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, onlar hüceyrənin birbaşa DNT strukturuna müdaxilə edir. Narkotik istifadəsi zamanı cinsi hüceyrələrdə xromosom qırılmaları və ya struktur dəyişiklikləri baş verir. Bu zədələnmiş genetik məlumat növbəti nəsillərə ötürülür. Narkotik istifadəçisi olan valideyin övladının tamamilə sağlam doğulmaq şansını kəskin azalır.
– Narkomaniya nəslin davam etdirilməsi funksiyasını birbaşa hədəf alır. Həm kişilərdə, həm də qadınlarda hormon balansının pozulması nəticəsində sonsuzluq yaranır. Narkotik asılılığı olan analarda dölün inkişafdan qalması, vaxtından əvvəl doğuş və ölü uçaq doğuşu halları dəfələrlə çoxdur.
– Genefonda vurulan ən ağır zərbələrdən biri “neonatal abstinent” sindromudur. Körpə ana bətnindəykən narkotikə öyrəşir və doğulduğu andan etibarən “məhrumiyyət sindromu”yla yaşayır. Bu uşaqlarda mərkəzi sinir sistemi zədələnmələri, fiziki qüsurlar və əqli gerilik riski çox yüksək olur.
– Narkomaniya bir cəmiyyətin genetik keyfiyyətini aşağı salır. Nəsilartırma qabiliyyəti olan gənc insanların vaxtsız ölümü populyasiyanın sayını və keyfiyyətini azaldır.
– Genetik səviyyədə ötürülən sinir sistemi zəiflikləri gələcək nəsillərin öyrənmə, qavrama və yaradıcılıq qabiliyyətini aşağı salır.
Azərbaycanda hansı işlər görülməlidir?
2025–2030-cu iləri əhatə edən dövlət proqramı narkotiklərin qanunsuz dövriyyəsinə nəzarəti gücləndirməyi, innovativ metodların və rəqəmsal nəzarət sistemlərin tətbiqini nəzərdə tutur.
Medianın yazdığına görə, 2026-cı ilin yalnız yanvar ayında müvafiq qurumlar 40-dan çox maarifləndirici tədbir və sosial layihə həyata keçiriblər. Ölkədə metadonla əvəzedici müalicə proqramı və könüllü reabilitasiya mərkəzləri də fəaliyyət göstərir.
Müalicə proqramı miqyasca məhduddur. Əsasən Bakıda (Respublika Narkoloji Mərkəzi) və bir neçə regional mərkəzdə (Gəncə, Sumqayıt) həyata keçirilir. Bu proqram yalnız inyeksiyon narkotik istifadəçiləri (əsasən heroin asılılığı olanlar) üçün nəzərdə tutulub.
Hazırda bu proqramdan ölkə üzrə təxminən 600-800 nəfər faydalana bilir. 42 minlik “orduyla” müqayisədə bu, cəmi 1.5-2% deməkdir.
Proqramın əhatə dairəsi kiçik olduğu üçün rayonlarda yaşayan narkotik istifadəçiləri üçün əlçatan deyil. Üstəlik, “patı” kimi sintetik narkotiklər üçün metadon müalicəsi effektiv deyil, sintetik asılılıq üçünsə dövlətin hələ ki geniş proqramı yoxdur.
Ölkədəki könüllü reabilitasiya mərkəzlərinin də fəaliyyəti kifayət qədər effektli deyil. Həm də dövlətə və özəl sektora məxsus mərkəzlər arasında kəskin fərqlər var.
• Respublika Narkoloji Mərkəzinin nəzdində reabilitasiya şöbələri var. Amma bu şöbələrdə əsasən tibbi detoksifikasiya (bədənin təmizlənməsi) aparılır, psixoloji reabilitasiya isə zəifdir;
• Son illərdə açılmış onlarla özəl reabilitasiya mərkəzlərində isə xidmət haqqı çox yüksəkdir (aylıq 1500-3000 manat). Dövlət bu mərkəzlərin fəaliyyətini vahid lisenziyalaşdırma və keyfiyyət nəzarəti mexanizmlərini də hələ tam formalaşdırmayıb;
• Narkotik istifadəçilərinin sosial reabilitasiyasıyla məşğul olur bir neçə QHT (məsələn, “Narkotizmlə mübarizə” ictimai birliyi) var, amma onların maliyyə imkanları dövlət qrantlarından asılıdır və davamlı deyil.
Beləliklə, mövcud vəziyyət belədir: ölkədə metadonla əvəzedici müalicə proqramı və bir sıra reabilitasiya mərkəzləri fəaliyyət göstərir, amma bu xidmətlərin əhatə dairəsi getdikcə artmaqda olan tələbatı ödəmir. Əvəzedici müalicəyə rəsmi qeydiyyatdakı 42 min 165 nəfərin cəmi 2%-dən az hissəsi cəlb olunub. Dövlətə məxsus reabilitasiya müəssisələrində yerlər çox məhduddur, özəl mərkəzlərdə isə xidmət haqları çox yüksəkdir və bu asılılıqdan əziyyət çəkənlərin ailələrinə ciddi maliyyə maneəsi yaradır.
Dünya təcrübəsini də nəzərə alaraq demək olar ki, bu problemlə effektli mübarizə üçün dövlət davamlı və prinsipial siyasət yürütməli, bu sahəyə davamlı olaraq vəsait ayrılmalı, reablitasiya mərkəzlərinin sayını artırmalı, onların fəaliyyətinin şəffaflığını təmin etməli və sağalmış şəxslərin yenidən narkotikdən istifadə etməməsi üçün onlara reabilitasiya imkankları yaratmalıdır.
“Politfm”



