Birləşmiş Ştatlar İranla kompromisə getməyə və bütün məqsədlərinə nail ola bilməyəcəyi ilə barışmağa məcbur olacaq.
Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun elmi işçisi, keçmiş diplomat Ceyms Ceffri “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində belə yazıb.
Ceffri hesab edir ki, belə bir razılaşma ABŞ tərəfindən atəşkəs elan olunması, Tehran tərəfindənsə ballistik raketlərə və nüvə materiallarına məhdudiyyətlərin qoyulmasından ibarət ola bilər.
Keçmiş diplomatın qənaətinə görə, indiki vəziyyətdə kompromisə getmək İranda hakimiyyəti dəyişmək cəhdlərindən daha səmərəlidir. Ceffri bu addımın regional sabitliyə və ABŞ-yə olan etimadın möhkəmlənməsinə daha çox xidmət edəcəyini vurğulayıb.
ABŞ Dəniz Piyadaları Korpusunun istefada olan kəşfiyyat zabiti Skott Ritter də bu qənaətdədir ki, ABŞ-nin İrana qalib gəlmək şansı yoxdur. Hələ ki istifadə olunmayan yeganə variant konfliktə quru qoşunlarının birbaşa müdaxiləsidir, amma bu variant da uğursuzluğa məhkumdur:
“ABŞ hazırda məhdud desant əməliyyatları keçirmək imkanına malik, ümumi sayı 4500 nəfər olan iki dəniz piyadası bölməsini səfərbər edir. Eyni zamanda, təxminən 5000 paraşütçüdən ibarət hava-desant briqadasının döyüş hazırlığı səviyyəsi artırılır.
Amma Hörmüz boğazı üzərində davamlı fiziki nəzarəti bərpa etmək üçün yüz minlərlə hərbi qulluqçu tələb olunur ki, hazırda belə bir qüvvə mövcud deyil. Hətta bu sayda qoşun olsa belə, onları vaxtında bölgəyə çatdırmaq qeyri-mümkündür. Qoşunların yerləşdirilmə müddəti və sürətlə yaxınlaşan iqtisadi fəlakət arasındakı uyğunsuzluq birbaşa hərbi müdaxiləni səmərəsiz edir. Bu isə o deməkdir ki, atılan addımlar növbəti bir blefdən başqa bir şey deyil” (https://www.energyintel.com/).
“AzadlıqRadiosu”nun fars xidməti iranlıların müharibəyə münasibətini soruşub.
Tehrandan bir kişi indiki durumda travma və həyəcanın yayğın olduğunu, amma ümidini yekun qələbəyə bağladığını deyib. O, heç diplomatiyaya da inanmır:
“Sülh, vəssalam? Bu, xəyaldır. Sillə və yumruğa güllə və bombayla cavab verirsən”.
Başqa bir Tehran sakini deyib ki, fevralın 28-də ali lider Əli Xamenei və digər yüksəkvəzifəlilər öldürüləndə rahat nəfəs alıb. Amma elə həmin gün Minabda onlarla məktəblinin öldürüldüyünü eşidib.
“Ölkəni dağıdırlar. Tək istəyim müharibənin bitməsidir. Bu partlayış səsləri, yaşadığımız həyəcana daha dözmək olmur” – həmin sakin belə yazıb.
Bir qadın sonra baş verə biləcəklərdən narahat olduğunu yazıb:
“Qorxuram ki, müharibədən sonra daha da vəhşiləşəcəklər, gəncləri edam edəcəklər. Müharibənin ortasında üç nəfəri asıblar”.
Tehranda yaşayan, 40 yaşlarında olan bir qadınsa yazıb ki, hər partlayışdan sonra telefona əl atır, dost-tanışın salamat olub-olmadığını yoxlayır:
“Sabaha, hətta bir saatdan sonraya da sağ çıxıb-çıxmayacağımızı bilmirik”.
“Məncə, Amerikanın, İsrailin hücum etməsini arzulayanlar müharibənin nə olduğunu bilmirdilər” – bunu isə başqa bir qadın yazıb.
“Politfm”



