Foto: AP Photo
ABŞ-nin dövlət katibi Marko Rubio Fransanın paytaxtı Parisdə G7 ölkələrinin və müttəfiq dövlətlərin xarici işlər nazirlərinin toplantısında iştirak edir.
Artıq ikinci gündür davam edən müzakirələrin mərkəzində İranla müharibədə artan gərginlik, Ukraynadakı müharibənin gedişatı və qlobal təhlükəsizlik məsələləri dayanır.
Fransa xarici işlər naziryilə təkbətək görüşən Rubio deyib ki, Vaşinqton müttəfiqlərindən Tehrana qarşı daha sərt və vahid mövqe nümayiş etdirməyi gözləyir.
Toplantıdan sızan məlumatlara görə, ABŞ İranın nüvə proqramı və Hörmüz boğazındakı blokada cəhdlərinə qarşı kollektiv sanksiyaların genişləndirilməsini təklif edib.
Ukrayna mövzusuna da toxunan Rubio Kiyevə hərbi yardımın kəsilməyəcəyini, amma bu dəstəyin Avropa ölkələriylə daha balanslı şəkildə bölüşdürülməli olduğunu vurğulayıb.
Amerikanın dövlət katibi həmçinin qeyd edib ki, Rusiyanın İranla hərbi-texniki əməkdaşlığı həm Avropa, həm də Yaxın Şərq üçün “ekzistensial təhlükə” yaradır.
Görüşdə tərəflər qlobal yanacaq bazarlarındakı qeyri-sabitliyi və mümkün enerji böhranının qarşısını almaq yollarını da müzakirə ediblər.
G7 nazirlərinin yekun bəyanatında İranın dəniz ticarətinə mane olmasının pislənəcəyi və Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsinin sürətləndiriləcəyinin vurğulanacağı gözlənir.
“Politfm”



