Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib. Vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla görüşən Zelenski iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq sənədi imzalandığını açıqlayıb.

O, Ukraynanın artıq beş ildir ki, Rusiya raketləri və PUA-larının hücumlarını dəf etdiyini deyib:

“Biz öz təcrübəmizi və müdafiə sistemlərimizi Səudiyyə Ərəbistanıyla bölüşməyə, o cümlədən insanların həyatını qorumaq üçün təhlükəsizliyi gücləndirmək istiqamətində əməkdaşlıq etməyə hazırıq”.

Zelenski vəliəhd şahzadəylə Yaxın Şərqdəki vəziyyəti, Rusiyanın İran rejiminə köməyini, yanacaq bazarlarındakı durumu və mümkün enerji əməkdaşlığını müzakirə etdiyini vurğulayıb.

“Səudiyyə Ərəbistanında Ukraynaya da lazım olan şeylər var və bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər” – Zelenski belə deyib.

ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri Ukrayna İran PUA-larıyla mübarizədə öz köməyini təklif edir.

“Politfm”