Rusiyanın kölgə donanmasının gəmilərindən biri – “NS CHAMPION” tankeri, indiki adı “Kotlas” (foto: “wikipedia.org”)
Rusiyanın dəniz yolu ilə xarici bazarlara neft tədarükü azalıb. “Bloomberg”-in tankerlərin hərəkətinə əsaslanan hesablamasına görə, sentyabrın 20-dək olan dörd həftədə ixrac gündəlik orta hesabla 3,53 milyon barel təşkil edib. Son həftədə azalma daha kəskin olub. Buna Qara dənizdəki Novorossiysk limanından neft daşınmasının dayanması təsir göstərib.
Rusiya ixracatçıları eyni zamanda iki istiqamətdən təzyiqlə üzləşirlər: ABŞ-nin Rusiyadan enerji alan ölkələrə yüksək tariflər tətbiq etmək imkanı və Səudiyyə Ərəbistanının dünya bazarına neft tədarükünü artırmağa hazırlaşması.
Novorossiysk limanından neft daşınması dayanıb
Sentyabrın 20-də başa çatan həftədə Rusiyanın limanlarında 32 tankerə ümumilikdə 24,99 milyon barel xam neft yüklənib. Bu, gündəlik təxminən 3,57 milyon barel deməkdir.
Həmin həftə Novorossiysk limanından neft daşıyan heç bir tanker çıxmayıb. “Bloomberg” daşınmanın hansı səbəbdən dayandığını göstərmir.
Hazırda tankerlərdə daşınan və hələ təyinat məntəqəsinə çatmayan Rusiya neftinin ümumi həcmi təxminən 105 milyon barel qiymətləndirilir.
Səudiyyə Ərəbistanı alternativ ixrac yolunu bərpa edir
Rusiya neftinə rəqabəti gücləndirən amillərdən biri Səudiyyə Ərəbistanının “Şərq–Qərb” boru kəmərini yenidən işə salmağa başlamasıdır.
Bu kəmər Səudiyyə neftini ölkənin şərqindəki yataqlardan Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına daşımağa və Hörmüz boğazından yan keçməyə imkan verir. Boru kəməri sentyabrın əvvəlində dron hücumları nəticəsində zədələnmişdi.
“Bloomberg”-in məlumatına görə, kəmərdə təzyiq artırılır, sınaqlar aparılır. Əhəmiyyətli həcmdə neft nəqlinin sentyabrın 26-dək, Yanbu limanından ixracın isə daha tez bərpa olunması nəzərdə tutulur. Tam ötürücülük imkanının bərpası təxminən altı həftə çəkə bilər.
Səudiyyə neftinin bazara qayıdacağına dair gözləntilər qiymətlərin aşağı düşməsinə və Rusiya ixracatçıları üçün rəqabətin güclənməsinə səbəb olub.
Hindistan Rusiyadab neft idxalını azalda bilər
ABŞ-də ötən həftə qüvvəyə minmiş qanun prezident Donald Trampa Rusiyadan idxal olunan neft-qaz məhsullarına 100 faizə qədər tarif qoymaq səlahiyyəti verir. Bu tədbirlər hələ tətbiq edilməyib.
Əsas risk Hindistan bazarı ilə bağlıdır. Son aylarda Rusiya neftinin Hindistanın ümumi idxalındakı payı bəzən 50 faizi keçib. Hazırda ölkənin aparıcı neft emalı şirkətləri ABŞ-nin tariflərindən yayınmaq üçün alternativ tədarükçülər axtarmağa başlayıblar.
Məsələ ilə tanış şəxslərin “Bloomberg”-ə bildirdiyinə görə, Yeni Dehli yaxın müddətdə Rusiya neftinin payını ümumi idxalın 20–30 faizinə endirə bilər. Bu ssenari reallaşarsa, Hindistanın Rusiyadan gündəlik neft alışı bir milyon bareldən çox azala bilər.
“Kpler”in ilkin hesablamasına görə, Hindistanın Rusiya nefti idxalı sentyabr üzrə gündəlik 1,9 milyon barelə enə bilər. Bu, ölkənin ümumi idxalının 35 faizindən çoxunu təşkil etsə də, apreldən bəri ən aşağı göstəricidir.
Zavodların dayanması ixrac üçün əlavə neft yaradır
Son həftələrdə Rusiyanın dənizlə neft ixracı azalsa da, neftayırma zavodlarının fəaliyyətindəki fasilələr enişi qismən məhdudlaşdırır.
“Bloomberg” qeyd edir ki, zavodlara endirilən zərbələr nəticəsində bəzi dövrlərdə gündəlik bir milyon barelə qədər emal gücü sıradan çıxıb. Rusiya daxilində emal edilə bilməyən xam neftin bir hissəsi ixraca yönəldilib.
Bunun nəticəsində 2026-cı ilin əvvəlindən indiyədək dənizlə ixracın orta həcmi 2022-ci ildən sonrakı tam illərin orta göstəricilərindən təxminən 300 min barel çoxdur. Lakin sentyabrın 20-dək olan son dörd həftədə tədarük yenidən azalaraq gündəlik 3,53 milyon barelə enib.
Rusiya neftinin əsas alıcıları Çin və Hindistandır. Türkiyə və Misirə gündəlik tədarükün hər ölkə üzrə təxminən 80 min barel olduğu bildirilir.
Suriyaya neft göndərilməsi isə tamamilə dayanıb.
Beləliklə, zavodların fəaliyyətindəki fasilələr ixrac üçün əlavə xam neft yaratsa da, bu amil son həftələrdəki azalmanın qarşısını ala bilməyib. ABŞ tarifləri təhlükəsi, Novorossiyskdən daşınmanın dayanması və Səudiyyə Ərəbistanından tədarükün bərpası Rusiya neftinə təzyiqi artırır.
“Politfm”



